Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov və onunla birgə ittiham olunun şəxslərin cinayət işi icraata verilib.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimlərinin iş yükünün ağır olması səbəbindən 128 cildlik cinayət işi Sumqayıt Şəhər Məhkəməsinin hakimi Fikrət Əliyevin sədrliyi ilə araşdırılacaq.
F.Əliyev bununla bağlı Bakı Hərbi Məhkəməsinə ezam edilib.
Hakim Fikrət Əliyev hərbi cinayət işləri üzrə ixtisaslaşıb, o, əvvəllər Füzuli və Gəncə Hərbi Məhkəməsinin hakimi olub.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Vüsal Əlizadə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs ediliblər.
Cinayət işi üzrə dövlətə dəymiş ziyanın 40 milyon manat təşkil edən hissəsi ödənilib.