Britaniya Müdafiə Nazirliyinin bazar günü Twitter hesabında paylaşdığı son kəşfiyyat məlumatına əsasən, Rusiya Ukraynaya qarşı hücumunda döyüşmək üçün “həqiqi kişiləri” cəlb etmək haqda düşünür.
Nazirlik bildirib ki, reklam lövhələrində, televiziyada və sosial şəbəkələrdə yayımlanan yeni kampaniyada Rusiya ordusuna yazılmağın pul mükafatları vurğulanır, lakin buna baxmayaraq, Rusiyanın 400 min könüllü cəlb etmək hədəfinə çatması “böyük ehtimalla” mümkün deyil.
Bu arada, Ukrayna “Rusiya təcavüzünü dəstəkləyən və ya ona sərmayə qoyan” fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar elan edib. Ukrayna prezidenti Volodimir Zelenski şənbə videomüraciətində bildirib ki, Kyiv Ukraynaya qarşı Rusiya ordusu üçün silah və hərbi komponentlər istehsal edən 322 şirkətə qarşı sanksiya tətbiq edib.
Zelenski əlavə edib ki, Rusiyaya qarşı sanksiyalardan yayınmağa kömək edən fiziki və hüquqi şəxslərə qarşı əlavə sanksiyalar tətbiq edilib.
“Məqsəd Rusiyanın sanksiyalardan yan keçməsi üçün istənilən fürsəti aradan qaldırmaqdır” - deyə, o bildirib: “Rusiyanın müharibə iqtisadiyyatına qarşı sanksiyalar nə qədər sərt olarsa, təcavüzün sonu bir o qədər tez olar”.
Hələlik Qərbin Rusiyaya qarşı sanksiyaları rusiyalı milyarderlərinin sərvətinə mənfi təsir göstərməyib.
Forbes-un nəşr etdiyi dünya milyarderlər siyahısına əsasən, 2023-cü ildə Rusiya milyarderlərinin sərvəti təxminən yarım trilyon dollara qədər artıb. Rus milyarderlərinin ümumi sərvəti 2022-ci ildəki 353 milyard dollar idisə, 2023-cü ildə 505 milyard dollar təşkil edib. Əlavə olaraq, Rusiya milyarderlərinin siyahısına daha 22 nəfər salınıb və ümumi say 110 nəfərə yüksəlib. Bu rəqəmlərə Rusiya vətəndaşlığından imtina etmiş milyarderlər daxil deyil. Forbes bildirir ki, Qərbin sanksiyaları Rusiya iqtisadiyyatının 2.1 faiz azalmasına səbəb olub. amerikaninsei