“BİZ QOCALARI, UŞAQLARI ÖLDÜRDÜK...” -
“Vaqner” özəl hərbi şirkətinin Rusiya adına Ukraynada törətdiyi hərbi cinayətlərin və vəhşiliklərin bir qismi artıq həmin şirkətin muzdluları tərəfindən etiraf olunmağa başlayıb.

“AzPolitika.info” xəbər verir ki, Ukraynada döyüşmüş, hazırda isə Rusiyada yaşayan keçmiş “Vaqnerçi” və Putinin əfv etdiyi keçmiş məhbus Azamat Uldarov Rusiyanın Gulagu.net hüquq müdafiə təşkilatına dəhşətli faktlar açıqlayıb. Onun etirafları ilə bağlı video qısa müddətdə böyük ajiotaj yaradıb.

Uldarov həmin videoda etiraf edir ki, “vaqnerçilər” şəxsən Yevgeni Priqojinin əmri ilə Soledar və Baxmut şəhərlərində mülki əhalini – uşaq, qadın, qoca bilmədən qətlə yetiriblər: “Bizə əmr verildi ki, şəhər təmizlənməli və hamı məhv edilməlidir. Biz hamını öldürürdük. Orada qadınlar, kişilər, qocalar, uşaqlar vardı. O, sızıldayırdı. O, balaca uşaq idi, başa düşürsən? Onun 5-6 yaşı vardı, mən atəş açdım, başa düşürsən? Mən heç kimi buraxmalı deyildim, heç kimi. Əmr verilmişdi”.

“Vaqnerçi” bunları deyərkən ağlayıb.

Uldarov deyib ki, hamının həqiqəti bilməsini istəyir: “İstəyirəm ki, Rusiya və bütün dövlətlər həqiqəti bilsinlər. Mən müharibə, qan tökülməsini istəmirəm. Mən bu əllərimlə əmr yerinə yetirmişəm – uşaq öldürmüşəm”.

Keçmiş məhbus deyib ki, Ukraynada ölən “vaqnerçilər”-in çoxunun kimliyini bəlli etmək olmur və onları harada gəldi basdırırlar: “Bunlar Putinin göstərişidir. Biz Putinin zibillərini təmizləyirik. “Vaqner” qeyri-rəsmi qatillərdir, muzdlulardır. Biz əclafıq, biz heyvanıq...”

Uldarov etiraf edib ki. Basxmutda təkcə bir binanın zirzəmisində 400 nəfəri qətlə yetiriblər.

Artıq Ukrayna Prezident Ofisinin başçısı Andrey Yermak “vaqnerçi”nin etiraflarına rəsmi münasibət bildirib: “Rusiya terrorçuları Baxmutda və Soledarda uşaqları öldürdüklərini etiraf edirlər. İndi söhbət “Vaqner”-dən gedir, amma bu, Rusiya ordusunun ümumilikdə Ukraynada törətdiyi cinayətlərə işıq salır. Onlar bizim uşaqlarımızı oğurlayır və qətl edirlər. Bu vəhşilər və qatillər milləti dünyanın bioloji zibilidir. Etiraf azdır, cəza lazımdır, qəddar və ədalətli! Dünya Rusiyanın sifətini görməlidir...”

Dünyapress TV

Xəbər lenti