Çinin Ukraynada müharibəni bitirmək planı əsas götürülə bilər. Təbii ki, Qərb və Ukrayna buna hazır olarsa.
Editor.az bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Çin lideri Si Cinpinlə birgə mətbuat konfransında deyib: “…Əlbəttə, biz Ukrayna ətrafındakı vəziyyəti də nəzərdən qaçırmadıq.
Biz hesab edirik ki, Çinin təqdim etdiyi sülh planının bir çox müddəaları Rusiyanın yanaşmaları ilə üst-üstə düşür və onlar sülh yolu ilə nizamlanma üçün əsas götürülə bilər. Əgər Qərbdə və Kiyevdə buna hazır olarlarsa. Lakin indiyə qədər biz onların belə bir hazırlığını müşahidə etməmişik”. Öz növbəsində Çin lideri qeyd edib ki, Pekin Ukraynada sülh və dialoqun tərəfdarıdır.
Qeyd edək ki, bundan əvvəl Çin Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynaya qarşı müharibəsini həll etmək ideyaları ilə “sülh planı”nı elan edib və həmin plan aşağıdakı 12 bənddən ibarətdir:
– Bütün ölkələrin suverenliyinə hörmət;
– “Soyuq müharibə zehniyyətindən” imtina;
– Hərbi əməliyyatların dayandırılması;
– Sülh danışıqlarının bərpası;
– Humanitar Böhranla Mübarizə;
– Mülki əhalinin və hərbi əsirlərin müdafiəsi;
– Atom elektrik stansiyalarının təhlükəsizliyinin təmin edilməsi;
– Strateji risklərin azaldılması;
– Taxıl ixracının təşviqi;
– “Birtərəfli sanksiyalara son”;
– Sənaye və tədarük zəncirlərinin sabitliyinin dəstəklənməsi;
– Müharibədən sonrakı yenidənqurmanın təşviqi.