Azərbaycanda tutulan məmurların, varlıların həbsxanalarda pul gücünə, müalicə müəssisələrində rüşvət hesabına lüks şəraitdə qalması təəccüb doğuran hal deyil. Ölkədən beşikdən qəbirə qədər rüşvət varsa, deməli, türmələrə də ayaq açması məntiqlidir. Misal üçün keçmiş MTN generalı Akif Çovdarovdan tutmuş sabiq səhiyyə naziri Əli İnsanova qədər, eləcə də digər həbs görmüş məmurların, icra başçılarının komfort şəraitdə, kurorta bənzər hücrələrdə həbs çəkdiyini eşitmişik. Bura daxildir: telefondan istifadə, televizor, müasir hamam şəraiti, hətta trenajor zalı, hovuz, bir sözlə, kefin istəyən xidmət…Sanki həbsdə yox, Antalyadasan və qətiyyən səni darıxmağa, özünü dustaq kimi hiss etməyə qoymurlar. Lakin demə, bu lüksü pulu olan hər kəsə tanıyırlar, təkcə korruspioner məmurlara yox! Cumhuriyyet.az-a verilən məlumata görə, bir mənzili bir neçə adama satdığı üçün dələduzluq əməli ilə həbs edilmiş “Sahil – s İnşaat” MTK-nın vəzifəli şəxslərindən biri olan Pənah Kərimov da yenidən həbsə qaytarıldıqdan sonra bu imkanlardan yararlanır. Məlumata görə, 165 ailəni evsiz-eşiksiz qoymuş, pullarını mənisəmiş, hətta bir dəfə rüşvətlə ev dustaqlığına buraxılmasına nail olmuş, lakin Baş Prokurorluğun əsaslı protesti nəticəsində təzədən dörd divar arasında göndərilmiş Pənah Kərimov indi də özünə rahatlıq qurmağa başlayıb. Onun pul hesabına guya səhhətində problem olması adı ilə müalicə müəssisəsinə köçürüldüyü xəbərləri gəlməkdədir. Şirkətin fırıldağının qurbanı olmuş sakinlərin əldə etdiyi xəbərə görə, Pənah Kərimov müalicə müəssisəsində özü üçün Bodrum kurortu qurub və kral kimi yaşamağa davam etməkdədir. Təbii ki, bütün bunlar rüşvət sayəsində mümkündür və ölkədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin hansı vəziyyətdə olduğunu gözlər önünə sərir. Yəni sən cinayət elə, vətəndaşların haqqını ye, 165 ailəni, onların övladlarının mənzil sahibi olmaq sevincini ürəyində qoy, sonra xəstəlik adı ilə müalicə müəssisəsində kef çək… Məsələ ilə bağlı cumhuriyyet.az-a daxil olan bilgilərə görə, Pənah Kərimov orada özünə əməlli-başlı oliqarx həyatı qurub: istədiyi vaxt mobil telefondan istifadə edir, isti suyu, çay-kofesi, yeyib-içməyi, lüks hamam-tualet şəraiti, hər cür qulluq, hər bir müalicə… Hərçənd səhhətində hər hansı problem olmadığı deyilir. Görəsən, dələduz tikinti şirkətinin rəhbər şəxsi nə qədər rüşvət verib ki, ona belə şərait yaradılıb? Adətən Norveç, Danimarka kimi ölkələrdə, yəni az cinayətlər olan dövlətlərdə məhkumlara lüks şəraitli həbsxana şəraiti ilə təmin edirlər. Pənah Kərimov isə cənnəti burada tapıb. Bununla bağlı MTK-dan mənzil almış sakinlər Ədliyyə naziri Fikrət Məmmədova müraciət ediblər. Onlar nazirdən xahiş edirlər ki, Pentensiar Xidmətə və aidiyyatı müalicə müəssisəsinə araşdırma aparılması üçün tapşırıq verilsin. Sakinlər qeyd edirlər ki, Pənah Kərimov Bakı İstintaq Tərcridxanasında saxlanılmalı, məhkəmənin hökmündən sonra ağır rejimli cəzaçəkmə müəssisələrindən birinə köçürülməlidir. Sakinlər deyirlər ki, Baş Prokurorluq protest verərək onu həbsə göndərdikdə bir daha Pənah Kərimovun dələduzluğa yol verildiyi təsdiqlənib. Eyni zamanda, onu maraq müqabilində ev dustaqlığına buraxmış hakim barəsində də təftiş aparılır. Belə olan halda Pənah Kərimov kimi fırıldaqçı, saxtakar və dələduzluq etmiş şəxsin rüşvət qarşılığında yalandan özünü müalicə müəssisəsinə yerləşdirməsi mütləq araşdırma tələb edir. Sakinlər nazir Fikrət Məmmədovdan, o cümlədən Pentensiar Xidmət rəhbərliyindən xahiş edirlər ki, təcili surətdə məsələ dəqiqləşdirilməlidir. Çünki Pənah Kərimovun kef içində olmağa mənəvi baxımdan heç bir haqqı çatmır. Əks təqdirdə, bu fakt Ədliyyə Nazirliyinin, onun nəzarətindəki Pentensiar Xidmətin, müalicə müəssisələrinin hansı gündə olduğunu, rüşvətə bulaşdığını ortaya qoymuş olacaq. Bu ləkədən xilas olmaq üçün sözügedən şəxslə bağlı məsələ yoxlanılmalıdır. Sakinlər inanırlar ki, nazir Fikrət Məmmədov onların müraciətinə müsbət reaksiya verəcək. Müraciətdə deyilir: “Cənab nazir, Pənah Kərimovla Tale Alaverdiyev Yeni Günəşlidə tikilən binada bir mənzili 4-5 adama satmaqla dələduzluq etmiş şəxslərdir. Hər ikisi həbs edilib və istintaq gedir. Onlar böyük pullar mənimsəyib, insanları aldadıblar. Hazırda biz sakinlər öz gücümüz sayəsində problemlərimizi həll edirik. Həmçinin, Baş Prokurorluq və Prezident Administrasiyası da bizim müraciətlərə biganə qalmadı, üzləşdiyimiz qanunsuzluqlarla bağlı müvafiq addımlar atdılar. İndisə Ədliyyə Nazirliyindən oxşar addımı gözləyirik və ümid edirik ki, söylədiklərimiz əsasında Pənah Kərimovla bağlı araşdırma başlanacaq. Bu adam sanki həbsdə yox, evindədir. İstədiyi komfortla təmin edilib. Görəsən, onun “ala qaşına, gözünə aşiq olublar”? Hansı maraq qarşılığında onun telefondan istifadədən tutmuş digər xidmətlərə qədər istifadə etməsinə şərait yaradılıb? Sanki istirahətə yollanıb. Biz xahiş edirik ki, bu detal yoxlanılsın və dərhal istintaq təcridxanasına qaytarılması təmin edilsin”.