Abşeron rayonunda bələdiyyələrin fəaliyyəti həmişə qeyri-qənaətbəxş olub. Rayon İcra Hakimiyyətindən asılılıqdan qurtula bilməyən bələdiyyə sədrləri zaman-zaman korrupsiyaya sövq edilərək, əsasən torpaq sahələrinin qanunsuz satışı, saxta sənəd düzəltmə, rüşvət alma, mənimsəmə cinayətləri üzrə məsuliyyətə cəlb olunublar. Bu sıradan hələlik axırıncılar olaraq keçən il 8 il müddətinə azadlıqdan məhrum edilən Qobu bələdiyyəsinin sabiq sədri Ənvər Əmiraslanovu, bu il ittiham olunan Saray bələdiyyəsinin sədri Məhi Həsənovu göstərmək olar.
Dəryaz qəzetinin redaksiyasına daxil olmuş məlumata görə, Abşeron rayonunda korrupsiyaya meylli şəxslərin tanışlıq və başqa maraqlar əsasında bələdiyyələrə sədr və digər vəzifələrə “seçdirilməsi” tendensiyası davam etməkdədir. Etibarlı mənbə bildirir ki, Xırdalan Bələdiyyəsinin sədri Orxan Musayev Milli Məclisdəki deputat himayədarının köməyi ilə hazırki vəzifəsini ələ keçirib. Sədr müavini Zaur Xalıqov isə vaxtilə Səbail rayon Polis İdarəsinin Yol Polisi Bölməsində işləyib. İki dəfə rüşvət aldığı yerdə vide-kameralara tuş gəlib. Birinci dəfə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi general Ramiz Zeynalovun şəxsi aşpazı işləyən əmisi Əlibala kişinin xahiş-minnəti ilə vəzifəsini qoruyub, inzibati xəbərdarlıqla yaxasını qurtarıb. Amma ikinci dəfə şef əmisinin sözü keçməyib. Generalın Zaur Xalıqova köməkliyi yalnız bu olub ki, öz ərizəsi ilə xidmətdən kənarlaşmasına imkan yaradıb. Amma necə olubsa, bu boyda naqisliyi Zaurun Xırdalan bələdiyyəsində sədr müavini postuna yiyələnməsi yolunda əngəl olmayıb.
Mənbənin verdiyi məlumata görə, Orxan Musayevin anası Abşeron RİH-nin sabiq başçısı İradə Gülməmmədovanın həkim həmkarı və yaxın rəfiqəsidir. Orxanın Moskvada və Azərbaycanda cehizlik malların alveri ilə məşğul olan şirkətləri vardır. Bildirilir ki, Orxan Musayevlə Zaur Xalıqov əlbir olaraq bələdiyyənin vəsaitlərini talayırlar. Onlar həmçinin rayon bələdiyyələrinin sədrləri ilə anlaşıb onların vergidən yayınmalarına, topladıqları vergiləri mənimsəmələrinə köməklik göstərərək haram qaazanclarına şərik olurlar. Bələdiyyə tərəfindən sakinlərə tətbiq olunan əmlak vergiləri isə kifayət qədər yüksək həddədir. Bu üzdən yerlərdə bələdiyyə işçiləri ilə vergi ödəyiciləri arasında insidentlər də baş verir.
P.S. Xırdalan Bələdiyyəsi BMT İnkişaf Proqramının Avropa İttifaqı ilə birgə icra etdiyi “İqtisadi İnkişafı dəstəkləyən bələdiyyə sədrləri” müsabiqəsinin 6 qalibindən biri elan olunub.
Xırdalan bələdiyyəsinin sədri Orxan Musayev bildirib ki, Xırdalan bələdiyyəsinin iki il ərzində həyata keçirəcəyi layihənin icrası üçün ayrılan vəsaitin səmərəli və şəffaf şəkildə sərf olunması həm Xırdalan bələdiyyəsi olaraq bizim, həm də BMT-nin İnkişaf Proqramı və Avropa İttifaqı üçün xüsusi önəm kəsb edir.
Onların – Xırdalan bələdiyyəsinin vəzifəli şəxslərinin sərəncamına verilən vəsaitləri necə “səmərəli və şəffaf” xərclədikləri isə hamıya məlumdur. Avropalılar qarşısında biabır olmasaq yaxşıdır.
Mövzunu davam etdirəcəyik.