Bir müddət əvvəl bir qrup şəxsin “SARA GROUP” QSC-də talançılıq əməlləri barədə xəbər vermişdik.
Əldə etdiyimiz yeni məlumatlarda Xaliq Məmmədovun rəhbərlik etdiyi həmin talançı qrupla bağlı hüquq-mühafizə orqanlarında araşdırma başlandığı və onların məsuliyyətə cəlb olunduğu deyilir.
Adıçəkilən QSC-ni talayan bu şəxslərin əməlinin üstü daxili audit nəticəsində açılıb.
Qeyd edək ki, 630 min manatlıq talama QSC-nin İmişli-Qəbələ rayonları üzrə anbardar və satış meneceri işləyən Əlişükür Vahabzadənin vasitəsi ilə həyata keçirilib. Ancaq bu əməli törədənlər guya bütün maliyyə əməliyyatlarının qanuni olması barədə təhvil-təslim aktı yazıblar.
Şirkətin hazırki direktoru Şirvan Əhmədov isə həmin aktı qəbul etməyib. Bundan sonra aparılan audit nəticəsində Xaliq Məmmədovun faktiki rəhbərlik etdiyi oğru dəstə – Əlişükür Vahibzadə, Elşən Cəfərli, Elçin Babayev və Vüsal Aslanov ifşa edilib. Qeyri-rəsmi söhbətlərlə və yazılı etirafları ilə əməllərini etiraf edərək, borcu qaytaracaqları barədə vəd versəllər də, sonradan buna əməl etməyiblər.
Əvvəlcə mühacir mediadan dəstək uman bu şəxslər indi də anti-milli mövqeyi ilə seçilən bir sıra internet resurslarından günahsız olduqlarını iddia etməyə çalışırlar. Araşdırmamız zamanı onu da öyrəndik ki, burada şirkətin sabiq rəhbəri Xaliq Məmmədovun xüsusi rolu var.
Elə mətbuatdakı son açıqlamasında da Əlişükür Vahabzadə etiraf edir ki, onu bu şirkətə atası Yusif Əzizovun tələbə yoldaşı, QSC-nin o zamanki rəhbəri Xaliq Məmmədov gətirib.