Teref.az yazır ki, Yasamal İcra hakimiyyəti tərəfindən evi sökülmüş və buna görə kompensasiyası verilməyən vətəndaş Mehriban xanım Əliyevaya müraciət edib.Müraciətin bir surətidə Teref.az-ın poçtuna daxil olub. Müraciəti təqdim edirik: Hörmətli Mehriban xanım!
Mətbuat vasitəsi ilə Sizə yazıb bildirirəm ki, 80 yaşında təqaüdçiyəm. Mənim Bakı şəhəri Yasamal rayonu Qədirli küçəsi ev 77 ünvanında 103,5 kvadrat metrlik yaşayış evim var idi. Ev mənə valideynlərimdən vərəsəlik qaydasında keçmişdir və mən, qızımın ailəsi ilə bilikdə həmin evdə yaşayırdım. Qızım 2017-ci ildə özünə mənzil aldığına görə köçdü. Mən də yaşlı və xəstə olduğum üçün qızımın yeni aldığı mənzildə yaşamağa başladım.
Evin yerləşdiyi ərazi Yasamal rayon İcra hakimiyyəti tərəfindən dövlət ehtiyacları məqsədi ilə 2018-ci ildə sökülməyə başlanmışdı. Biz həmin evdə yaşamadığımız üçün xəbərimiz olmadan bizim də ev sökülmüşdür. Evin sökülməsi nəticəsində mənə dəymiş kompensasiyanın ödənilməsi barədə Yasamal rayon İcra hakimiyyətinə və Maliyyə nazirliyinə müraciət etsəm də kompensasiyanın ödənilməsindən imtina edilmişdir. Sonra maliyyə nazirliyindən Cavanşir adlı işçisi evimin sökülməsinə görə 30 min manat bizə pul təklif etdi, biz isə bundan imtina etdik. Evimin çıxarışı və həmçinin mənzil istismar idarəsi tərəfindən verilmiş evin çertyoju da var. Amma buna baxmayaraq Yasamal rayon icra hakimiyyəti və Maliyyə nazirliyi evimin sökülməsinə görə mənə kompensasiya ödəmirlər.
Ona görə də, son ümüd yeri olaraq, yazıb, Sizdən xahiş edirəm ki, evimin sökülməsinə görə mənə verilməli olan kompensasiyanın ödənilməsinə köməklik edəsiniz.