Artıq medianın yazdığı ən kəskin, ən sərt yazılar belə hədəfdən yan keçir.
Atalar demişkən, dəyirman bildiyini eləyir, çaxçax başını ağrıdır.
Bəlkə də çoxlarına qəribə gələcək. Amma gəlin bəyənmədiyimiz sovet mediası ilə müstəqil mediamızı müqayisə edək.
Sovet dönəmində hansı məmurun adı Kirpi, ya da Mozalan jurnalına düşsəydi, onun ya partbileti əlindən alınardı, ya da ən yaxşı halda vəzifədən çıxarılmaqla canını qurtarmış olardı.
Bu gün isə müstəqil, azad mediamız hansısa məmur haqqında aylarla, bəzən illərlə faktlara söykənən yazılar dərc etsə də...
Nə medianı çağırıb soruşan olmur ki, nə yazırsan, nə də haqqında tənqidi yazılar dərc olunan məmur barəsində ölçü götürülmür.
Sözümüzün canı odur ki, medianın yazdıqları nəinki araşdırılmır, hətta medianın yazdıqları öz əleyhinə işə düşür.
Belə ki, media ya reket elean edilir, ya məhkəməyə verilir, ya da media rəhbəri həbs edilir.
Heç sovet dövründə eşitmişdinizmi, Kirpi, ya da Mozalan jurnalını hansısa məmur məhkəməyə versin..?
Sözün qısası, azadlıq, müstəqillik istədiyini yazmaq demək deyil. Əgər medianın yazdıqlarına dövlət qurumları heç bir reaksiya vermirsə, onda biz nə etməliyik?
Bu mənada, yəni təsir etmə mənasında tam əminliklə deyə bilərik ki, Kirpi jurnalı müstəqil mediamızdan daha azad idi. Bir daha deyirik ki, təsirinə görə...
Təsəvvür edirsiniz, az qala nazir səlahiyyətində olan şəxs, yəni Sara Həsənova barəsində dövrü mətbuat dayanmadan yazır. Onun barəsində yazılanları internet üzərindən toplayıb dərc etsələr 5 cildlik roman alınar. Amma bu boyda yazılanlara 1 cümləlik reaksiya varmı..?
Söhbət Səhiyyə Nazirliyinin tabeçiliyində olan Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktoru Sara Həsənovadan gedir.
Bir daha deyirik ki, bu adamın vəzifəsi səlahiyyətlərinə və təsir imkanlarına görə nazirdən, komitə sədrindən geri qalmır.
El arasında bir söz var ee...Nikolayı taxtda görüb, Lenini qundaxda...
Bəli, Sara Həsənova sabiq səhiyyə nazirləri Əli İnsanovu, Oqtay Şirəliyevi yola salıb, indi də yeni səhiyyə naziri Teymur Musayevi yola salmağa hazırlaşır.
Bəli, Sara Həsənova Əli İnsanovun yaxın adamı olub və onun dövründə Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinin ( GEM ) direktoru olub.
Sonradan səhiyyə naziri Oqtay Şirəliyevin sevimlisinə çevrilib daha böyük vəzifəyə - Respublika Sanitar-Karantin Müfəttişliyinin ( SKM ) rəisi vəzifəsinə təyin olunub.
Hazırda isə Səhiyyə nazirliyinin tabeçiliyində olan Respublika Sanitar və Epidemiologiya Mərkəzinin direktorudur.
Sara Həsənovanın rəhbəri olduğu hər 3 dövlət qurumu ən böyük rüşvət və korrupsiya yuvası olub.
Qısaca qeyd edək ki, respublikaya gətirilən məhsullara setrifikatı Sara xanım verib, binaların tikintisində istifadə olunan materilların sanitar normalarına görə icazəni Sara xanım verib, biznesmenlərin gömrükdən keçməsi üçün yaşıl işığı Sara xanım yandırıb, dəyəri milyonlarla ölçülən saxta tenderlərə icazəni Sara xanım verib, avtomobil hissələrinin, yanacağın alınmasına Sara xanım icazə verib və nəticədə...
Sara Həsənova milyonlara sahib olub, övladını Avropada ən bahalı universitetdə oxutdurur, Avropada mülkləri, villaları, bahalı avtomobilləri və s.
Sara Həsənovanın ən həssas yeri isə bahalı içkilərdir.
Hətta deyilənə görə, yeni nazir əvəzi Teymur Musayev bu barədə ona xəbərdarlıq da edib.
Sara Həsənovanın keçirdiyi və milyonlar qazandığı saxta tenderlərin uzun siyahısını dərc etməyi artıq hesab edirik.
Hətta Sara Həsənovanın qurumun qaraj müdiri Yaşar müəllimlə bağlı məsələsini isə hüquq-mühafizə orqanlarının üzərinə buraxırıq.
Onu da qeyd edək ki, Sara Həsənova uzun illər ona mane olmaq istəyənləri zəhmli məmurla hədələyib.
Bu gün isə mətbuata daxil olan məlumatdan bəlli olur ki, Sara Həsənovanın arxasında bərk gedən icra başçılarından biri dayanır.
Həmin icra başçısının kimliyi və Sara Həsənovanı necə müdafiə etməsi barədə növbəti yazıda bəhs edəcəyik.
Bizi izləyin.
gundelik baki.com
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfim mövqeyini dərc etməyə hazırıq!
Teref.az