Elm adamları Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanovdan nə istəyirlər?! — PREZİDENTƏ MÜRACİƏTİN ŞOK DETALLARI
“Zəfər Qurbanov Azərbaycan Dövlət Aqrar Universitetinə rektor təyin edildikdən dərhal sonra, bu ali məktəbin müasir standartlara uyğun inkişafına nail olmaq əvəzinə, sanki adını məhv etməyi qarşısına əsas məqsədi kimi qoyub. Sübutlar göz önündədir — ADAU artıq “saxtakarlıqlar bataqlığında can verir”. Bu iyrənc halın bitməsi isə, mümkünsüz görünür. Bilərəkdən edilənlər “canımızı boğazımıza yığıb”, nə edəcəyimizi bilmirik. Burada hər sahədə müxtəlif saxtakarlıqlara və qanunsuzluqlara qorxub-çəkinmədən imza atılmasını, universitet təəssübü çəkən heç kəs şəninə sığışdırmır”, — deyə, adını çəkdiyimiz ali təhsil ocağının professor-müəllim heyətinin bir qrupu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən kömək istəyir. Bu və buna bənzər fikirlər, onların imzasıyla araz.az xəbər portalının redaksiyasına da daxil olan Müraciətdə öz əksini tapıb.

“Möhtərəm Prezident! Son ümidimiz Sizsiniz və üz tutduğumuz media vasitəsi ilə, dərdimizi Sizə çatdırmaq qərarına gəldik. Çünki deyilənlər barəsində yazdıqlarımızı dəfələrlə Sizə çatdırmaq istəmişik. Lakin günahkar vəzifə sahibləri hər dəfə yazdıqlarımızın qarşısını almağa nail olublar. Əlaqədar dövlət qurumlarında da, ürək ağrısıyla yazdıqlarımız heç kəsin vecinə olmayıb. Hər yerdən naümid, başıaşağı, necə deyərlər, “əlimiz ətəyimizdən uzun” geri dönmüşük. Ümid qalıb yalnız Sizə və ölkə mediasına” — daha sonra bu sözlər naəlac elm adamlarının imzaladıqları Müraciətdə xüsusi vurğulanıb. O da qeyd olunub ki, bu universitetdə təhsilin keyfiyyəti heç bir vəzifə sahibini narahat etmir:

“Əslində, tələbənin kəsiri olduqda, təlimata görə, nə olursa-olsun dövlət imtahanına buraxılmamalıdır. Lakin rektor Zəfər Qurbanov rüşvət müqabilində belə tələbələri dövlət imtahanına buraxdırır. Kəsiri ola-ola, akademik borcunu ödəməyən belə tələbələrə diplom veriləndə, “Kənd təsərrüfatı texnikası və texniki servis” kafedrasının dosenti Vaqif Mirzəliyev müxtəlif orqanlara, eləcə də Sizə şikayət etdi. Nəticədə, rektor özünü müdafiə etmək üçün “Magistratura” şöbəsinin müdiri Aqil Mustafayevi işdən azad etdi. Əslində isə, həmin saxtakarlıqları prorektor Əhməd Məlikov tədris hissə müdiri Elay Zeynallı və kafedra müdiri Aydın İsayevlə birlikdə həyata keçirmişdi. Lakin adları çəkilən şəxslər rektor Zəfər Qurbanovun pul yığanları olduğu üçün, bu işin “qurbanı” kimi, “Magistratura” şöbəsinin müdiri Aqil Mustafayev işindən azad olundu.

Belə saxtakarlıqlar edənlərdən biri “Kənd təsərrüfatı texnikası və texniki servis” kafedrasının müdiri Aydın İsayevdir. O, hətta 3-cü kursda oxuyan tələbə qıza sataşmaqdan belə qorxmayıb. Bu qız isə, kafedra müdirlərinin bu iyrənc hərəkəti ilə bağlı prorektor Əhməd Məlikova şikayət edib. Lakin, hələ də rektor bununla bağlı heç bir tədbir görmək istəmir. Amma həmin kafedranın müəllimi Taleh Vəliyev seçki prosesində Aydın İsayevin əleyhinə səs vermişdi deyə, rəhbər şəxslər vaxt tapıb, onu dərhal şərlətdirə, yaxınları olan bəzi tələbə qızları və laborant xanımları öyrədərək, üzünə durdura və əmrini verib, işdən azad etdirə bilmişdilər. Tələbə qıza sataşmaq məsələsinə isə, hələ də vaxt tapmayıblar. Yeri gəlmişkən qeyd edək ki, artıq həmin müəllimin yerinə, rüşvət müqabilində, başqa birisi də təyin edilib.

Bu gün magistr adı altında ADAU-da tələbələr dərsdən yayınırlar. Elə magistrlər var ki, adları universitetdə tələbə kimi gedir, lakin özləri xaricdədirlər. Bunların dissertasiya işləri belə, maddiyyat gücünə yazılıb hazırlanır, sonra isə, həmin magistrlər bircə dəfə universitetə gəlir, diplom müdafiəsində iştirak edərək, aradan çıxır, sonra isə, onlara diplom verilir. Magistr şöbəsində elə tələbələr var ki, təhsil haqqı borcları ola-ola, universiteti qurtarırlar. Onların universitetə təhsil haqqı borcu olduğu sonradan məlum olur. Bundan sonra narazılıqlar başlasa da, külli miqdarda borclar ödənilməmiş qalır; Beləcə, son nəticə həngamələrə dirənir.

İnformasiya texnologiyaları ixtisası tələbəsinin rəhbəri eyni adlı kafedranın müəllimi Mahir Məmmədov idi. Tələbə müdafiəsini etdi, universiteti bitirdi və diplomunu da aldı. Sonra məlum oldu ki, tələbənin təhsil haqqı kimi xeyli borcu ödənilməmiş qalıb. Açıq-aydın göründüyü kimi, universitetdə bütün işlərə səhlənkar yanaşma halları kifayət qədərdir.

Bu da, ağrıverici daha bir dəhşət: “Baytarlıq təbabəti” fakültəsindəki biabırçılıqların sonu görünmür. Bu fakültəni rektor Zəfər Qurbanovun universitetdəki özəl hissələrindən biri kimi tanımışıq və özünün özəl şərtləri ilə idarə olunur. Ali təhsil müəssisələrində dekan vəzifəsinə seçkilərin keçirilməsi qaydalarına görə, fakültə dekanı vəzifəsinə, həmin fakültədə kadr hazırlığı aparılan ixtisaslara uyğun, ən azı 5 il elmi-pedaqoji təcrübəyə və peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcəyə malik həmin ali məktəbin ştatında olan professor və ya dosentlər arasından seçilməlidir. Şəlalə Zeynalova isə, 2006-cı ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Respublika Baytarlıq Laboratoriyasının Virusologiya şöbəsində aparıcı baytar həkim kimi işə qəbul olunub, daha sonra isə, Bakteriologiya və Virusologiya şöbələrinin müdiri işləyib. 2016-cı ildən isə, Bakıda yerləşən həmin laboratoriyada direktor müavini vəzifəsində çalışıb. Göründüyü kimi Şəlalə Zeynalova universitetdə ştatda olmadığından, bu xanımın dekan təyin olunması (dekan seçilir, təyin olunmur) təlimata tamamilə ziddir. Buna baxmayaraq, dekanlıq ixtiyarı olmasa da, indi bu xanım hər yerdə Zəfər Qurbanovun adından danışır və səlahiyyətinə aid olmayan istədiyi işlərlə məşğul ola bilir. O, kafedra müdirlərinin — İlqar Gəncəyevin, Mirzə Əliyevin, dekan müavini Gülçin Məmmədovanın… hədə-qorxu yoluyla ərizələrini alaraq, onları işdən azad etdirib də.

Fakültənin dekan müavini və kafedralarının müdir vəzifələri boşdur, idarə olunmur deyə, burada acınacaqlı durum hökm sürür. Bizə artıq məlum olub ki, bu vəzifələr auksiona çıxarılıb, daha çox pul verən adamlar axtarılır.

Onu da qeyd etməyi lazım bilirik ki, dekan xanımın — Şəlalə Zeynalovanın adı Şəmkir Quşçuluq fabrikinin əməkdaşı kimi də işdə gedir. Ona görə də, o, fakültənin tələbələrini həmin fabrikə aparıb, orada yumurta yığdırır. Maraqlıdır, tələbələr universitetə oxumağa gəlir, yoxsa, Şəmkir Quşçuluq fabrikində fəhləlik etməyə?! Rektor Zəfər Qurbanov isə, qalib pis vəziyyətdə: Universitetdəki özəl sahələrindən biri kimi tanıtdırdığı bu fakültənin başına paytaxt Bakıdan tapıb, özü ilə gətirdiyi Şəlalə Zeynalova ilə artıq bacarmır. Bir sözlə, barəsində ölçü götürüb, heç bir tədbir görə bilmir.

Rektor, atası vaxtilə Baytarlıq Elmi — Tədqiqat İnstitutunun direktoru işləyən, “Gigiyena və qida təhlükəsizliyi” kafedrasının çox yaxşı müəllimlərindən olan Vamik Fərzəliyevi işdən çıxartdı. Lakin Vamik müəllim bu barədə Respublika Prezidentinə şıkayət etdiyi üçün, onu, müqavilə əsasında yenidən yarım ştat müəllim götürməyə məcbur oldu. Vamik müəllim isə, mübarizəsini sonadək aparacağını qorxub-çəkinmədən hər yerdə deyənlərdəndir.

Zəfər Qurbanov neft mühəndisi olduğundan, aqrar sahəyə tamamilə yad bir adamdır. O, universitetin tədris-təcrübə təsərrüfatının adını belə bilmir. Həmişə Elmi Şuradakı çıxışlarında oranın adına təcrübə mərkəzi deyir.

Universitetdə maaşlar və həvəsləndirici mükafatlar verilmir. Bura xeyli vaxtdır lazım olan dəftərxana ləvazimatları alınmır. Tədris üçün vacib olan avadanlıq və vasitələr çatışmır, alınması nəzərdə tutulan avadanlıqların heç birindən xəbər yoxdur. Bu adla pullar isə, kotirovka yolu ilə hesabdan silinir.

Maraqlısı odur ki, bu elm ocağındakı haqsızlıqlardan şikayət edəndə, hətta Azad İbrahimov kimi digər prorektorlar, eləcə də şöbə müdirləri, dekanlar… belə deyirlər ki, axı, onlar kimdir? Dediklərini veclərinə alan, sözlərini eşidən yoxdur. Yaxşı, onda professor və müəllimlər dərdlərini kimə desinlər?! Axı, universiteti özəl hissələri ilə idarə edən, həftənin 4 gününü Bakıda, ailəsinin yanında keçirən, müxtəlif xarici ölkələrdə gəzməklə, tutduğu vəzifədə getdikcə möhkəmlənən, işdə tapılmayan qiyabiçi rektorla bacarmaq olmur!

Konkret desək, ADAU-da təhsil məhv olaraq, aradan gedir. Dərdimizə əlac edin. Əlaqədar qurum rəhbərlərini də, bu vacib işdə bizə köməyə, lazımi tədbirlər görməyə çağırırıq!”.

Sonda xüsusi olaraq onu qeyd etmək istəyirik ki, əlaqə saxladığımız və köməksiz qalan Müraciət müəllifləri araz.az-ın əməkdaşlarına deyiblər ki, əlləri hər yerdən üzüldüyündən, artıq, Böyük Allahımıza əl açmağa məcbur olublar. Təəssübünü çəkdikləri bu elm ocağına kömək üçün, ümidləri həm də Uca Yaradanadır.

Tahir HÜSEYNOV,
Səməndər QURBANOV,
araz.az xəbər portalı.
 

Bölmənin digər xəbərləri

21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT
21 Noyabr 2024 DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR - Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? (Araşdırma)
20 Noyabr 2024 Binəqədi İcra Hakimiyyəti Xocasəndə qanunsuz tikilinin qarşısını ala bilmir – Bəs Arxitektura Komitəsi hara baxır?
20 Noyabr 2024 ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
20 Noyabr 2024 Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO
20 Noyabr 2024 COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
19 Noyabr 2024 Göyçayda Şəhadət kənd sakininin pay torpağına göz dikən vəzifəli şəxslər kimlərdir – MÜRACİƏT
19 Noyabr 2024 Goranboy rayon MKTİB rəisinin “qara-qura” əməllərinin pərdəarxası gizlinləri
19 Noyabr 2024 Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı
19 Noyabr 2024 Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
19 Noyabr 2024 “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
19 Noyabr 2024 Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var
19 Noyabr 2024 Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
18 Noyabr 2024 ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
18 Noyabr 2024 Kollecdə qalmaqal : Müəllimlər məhkəməyə,həmkarların sədri polisə müraciət etdi
18 Noyabr 2024 DYP əməkdaşı barədə vətəndaş PREZİDENT və Daxili İşlər Nazirinə AÇIQ MÜRACİƏT ETDİ FOTOLAR
18 Noyabr 2024 Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
18 Noyabr 2024 "Unibank"-ın rəhbəri Eldar Qəribovun Fransa "sevgisi" - FOTO
17 Noyabr 2024 Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
17 Noyabr 2024 ' Dövlətin dərmanları qara yollarla apteklərə verilir'

Dünyapress TV

Xəbər lenti