Bakıda bir həftədən çoxdur ki, Kərbəla müsibəti yaşanır. Paytaxtın böyük hissəsi yayın isti günlərində susuz qalıb. Anaxeber.info bildirir ki, suya ən çox tələbat olan mövsümdə əhali günlərdir ki, su üzünə həsrətdir. Adı özündən qəliz olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bu qədər insanın üzləşdiyi fəlakətli vəziyyətlə bağlı heç bir hesabat, rəsmi, izahat vermir. Sanki heç nə olmayıb və belə də olmalı imiş. Qurumun tabeliyində fəaliyyət göstərən "Azərsu" ASC də "ağzına su alıb oturub". Görəsən, susmaq üçün ağızlarına su almaq üçün suyu hardan tapıblar?! Bakı əhli içməyə bir stəkan su da tapmır...
Hazırda Bakı səhraya çevrilib. Şəhər orta əsrlər dövrünə oxşayır. Ərəbistan çöllərində belə susuzluq olmamışdı. Hətta Bakının 90-cı illərini xatırladır. O dönəmdə su fasilə ilə verilərdi, əhali cəhənnəm əzabı yaşayırdı. İndi il olub 2024, Bakı camaatı yenə zülmün içindədir. Artıq sosial şəbəkələrdə hansı səhifəni açırsan, vətəndaşların etiraz videoları, ayrı-ayrı yerlərdə aksiyalar keçirilməsi başına alıb gedir. Ancaq bütün bunlar qurumun indiyə qədər səsi eşidilməyən rəhbəri Zaur Mikayılovu qətiyyən narahat etmir. Nə dərəcədə bivec və laqeyd olasan ki, şəhəri 1 həftədən çox susuz qoyasan, amma özün də brifinq keçirib xalqa problemin səbəbini izah etməyəsən. Yəni üzrü günahından betər. Həm camaatı yayın istisində susuz qoy, həm də əhalini sayma, insanlara yaşadığın məşəqqətlə bağlı açıqlama vermə.
Ona görə də Bakının Yasamal, Suraxanı, Sabunçu və digər rayonlarında lokal etiraz aksiyaları keçirilir, insanlar sanki bulaq başına gedirmiş kimi əllərində qablarla hardansa su mənbəyi tapmağa gedirlər, beləliklə, mənzillərdə, həyət evlərində rəzalət yaşanmaqdadır. Əgər bir az da belə davam etsə, Bakıda su üsyanı baş verəcək. Təsəvvür edin ki, yayın istisində milyonlarla insan su tapmır - içməyə, gigiyenik şəraitini saxlamağa...
Yəni Zaur Mikayılov nə düşünür, bu insanlar necə tualetə getməlidir, necə çimməlidir, necə gündəlik suya olan ehtiyaclarını qarşılamalıdır? Əgər təmir işləri aparılırsa, bəs, niyə alternativ su mənbələri haqda fikirləşməyiblər? Deməli, sabah yenə hansısa kəmərdə qəza olsa, əhali təzədən günlərlə susuz qalacaq. Halbuki "Azərsu" ehtiyat tədbirlər görməli, alternativ su mənbələri təklif etməli idi. Niyə yoxdur? Əhalini təkcə Qəbələ-Bakı su xəttinin ümidinə qoymaq məsuliyyətsizlikdir. O zaman gələcəkdə daha böyük fəlakətlərin baş verməsinə indidən hazır olmalıyıq. Çünki ölkənin su təsərrüfatının başbilənləri bu sahəni başdansovdu idarə edir, hər şeyi başlı-başına buraxıb, insanlar Allahın ümidinə buraxılıb. Hərçənd, bu da ayrı məsələdir ki, milyardlarla vəsaitin xərcləndiyi Qəbələ-Bakı su kəmərində niyə belə nəhəng problem meydana gəlib? Sualın cavabı sadədir - su korrupsiyası. Bunun üçün isə dərhal yoxlamalar başlamalı, "Azərsu"da kimlərinsə başları getməlidir. Onların əhaliyə yaşatdığı cəhənnəmin səbəbi onların maliyyə cinayətlərindən, xalqın pulunu mənimsəməkdən irəli gəlir. Xalqın pulunu talan ediblər, xalqı da su üzünə həsrət qoyublar. Əslində, təəccüblü deyil. Bu həmin "Azərsu" ASC-dir ki, Bakının Yeni Günəşli ərazisində "Sahil - S İnşaat" binasının 165 ailəsinin su probleminin həlli ilə bağlı Birinci Vitse-Prezident Mehriban Əliyevanın verdiyi tapşırığı yerinə yetirmir. Mehriban Əliyeva göstəriş verib ki, "Azərsu" dələduzluğun qurbanı olmuş bu ailələrə köməklik edilsin, digər kommunal qurumlar vətəndaşlara yardım edib, amma "Azərsu" ölkə rəhbərliyinin əmrini saymır. İndi nəticə çıxarın, Zaur Mikayılov Mehriban xanımın sakinlərə köməklik olunması barədə tapşırığını heçə sayırsa, bu məzlum xalqın günlərdir susuz qalması ilə bağlı əhalini sayıb izahat verərmi? Həmin 165 ailə hovuza qədər tikdirib, amma "Azərsu" mənzillərə sayğac qoyub əhalini su ilə təmin etmir. O baxımdan təəccüblü olmadı və bir dərs çıxarmaq lazımdır ki, Zaur Mikayılovun rəhbərliyi altında "Azərsu" və onun adı yadda qalmayan baş idarəsi bundan sonra da camaata su müsibəti yaşada bilər. İndi bilmək olmur ki, Yezid kimdir, suyun qabağını kəsən əjdaha kimdir. Bilmirsən ki, Bəhram Gur lazımdır bizə, yoxsa Məlikməmməd... Bu dərəcədə qorxulu bir nağıla çevrilib Bakı əhalisinin günü. Ancaq bütün hallarda Bakıda yaşanan bu müsibətlə bağlı bir komissiya yaradılmalı, səbəblər araşdırılmalı və su korrupsiyasının başında dayananlar dərhal həbsə göndərilməlidir. Qəbələ-Bakı su xəttində yeyintiyə yol vermiş şəxslər cəzalanmalıdırlar.
Ümumiyyətlə, ölkənin birinci şəhərini bu qədər müddət susuz qoymaq üçün elə qlobal problem baş verməlidir ki, bundan nəinki Azərbaycan əhalisi, hətta bütün dünya xəbər tutmalıdır.
Bakının su təhcizatı faktiki olaraq üç istiqamətdə təmin olunur: birinci istiqamət Ceyranbata su anbarıdır ki, o öz yerindədir. Anbarda suyun az olmasını iddia belə etmək mümkün deyil. Düzdür, bu anbar Bakının su təhcizatını qarşılamaq gücündə deyil. Amma belə problemlər yarananda şəhərin ən azı 50-60 faiz yükünü üzərinə götürmək gücündədir.
İkinci xətt qədim Şollar suyudur ki, Xaçmazdan Bakıya bir zamanlar saxsı turbalarla axan həmin mənbənin paytaxtı su ilə təhciz etmək gücü yoxdur. O, ən yaxşı halda İçərişəhəri su ilə təmin edə bilər.
Üçüncü ana xətt isə Oğuz-Qəbələ su anbarıdır ki, bunun üçün hökumət 300 milyon manata yaxın pul xərcləyib. Bir müddət Bakının suya olan təhcizatını da lazımi səviyyədə həyata keçirib. Lakin son zamanlar bu xəttdə “axsamalar” baş verir ki, onun da səbəbi aydın deyil. Daha doğrusu, bu hansısa problemlərdən qaynaqlanan deyil, elə adını dəyişmiş “Azərsu” rəhbərliyinin səriştəsizliyinin nəticəsidir...
Azər Talıbov