Gəncə sakini Mahir Verdiyev partlayış nəticəsində 44 yaşlı həyat yoldaşı Sahibə Verdiyevanı itirib, 26 yaşlı oğlu Əli isə ağır xəsarət alıb.
2021-ci il noyabrın 19-da baş vermiş partlayış zamanı Əli Verdiyevin bədəninin 40 faizi yanıb. Gəncə şəhəri, Nəvai küçəsində Verdiyevlər ailəsinin yaşadığı ikimərtəbəli ev isə tamamilə yararsız hala düşüb.
“3 ilə yaxındır ki, evsiz-eşiksizik…”
Hadisənin yaşandığı ev sığortalanmış əmlak olub. Mahir Verdiyev Meydan TV-yə danışır ki, ona vəd olunan sığorta məbləği dəymiş maddi ziyanın çox kiçik hissəsi idi. Amma o pulu da iki il yarım süründürməçilikdən sonra ala bilib. Onun sözlərinə görə, ötən müddətdə inşaat materiallarının və s. qiyməti kəskin artıb:
“Sığorta şirkəti ödənişi çox gecikdirdi. Mənə dedilər ki, bu hadisə ilə bağlı hökm olandan sonra veriləcək. Düzü, bunu da anlamıram ki, hökmü niyə gözləyirlər. Hadisə baş verib, bunu təsdiqlərən sübutlar, sənədlər, şəkillər var. Onlara dəfələrlə dedim ki, müqaviləmiz var, niyə ödəmirsiniz? Dedilər ki, məhkəmə hökmü ilə zərərvuran qurum tanınmalıdır, biz də o təşkilatdan almalıyıq. Hökm 2023-cü ilin noyabrında çıxdı. “Xalq Sığorta” mənə bu il fevralın sonu-martın əvvəlində ödədi. Müqavilədə 20 min manat yazılmışdı. Ondan 200 manat nəyəsə çıxdılar, 19 min 200 manat ödədilər”.
Mahir Verdiyev deyir ki, ailəsinin başına gələn faciədən sonra həm də evsiz qalıb. Partlayış zamanı ev və içindəki əşyalar sıradan çıxdığına görə elə Gəncədə anasının evində yaşamağa başlayıblar:
“Sığorta şirkəti ödənişi 2 il yarım yubatdı. Bu müddətdə kəskin bahalaşma oldu, tikinti mallarının qiymətləri də nə qədər qalxdı. Vaxtında ödəsəydilər, yenə də nəsə eləmək olardı. O pulla indi ev tikmək mümkün deyil. Üstəlik, oğlumun da əməliyyata ehtiyacı vardı. 3 ilə yaxındır evsiz-eşiksizik. İcra hakimiyyətinə getmişdim ki, ev problemimizin həllində kömək eləsinlər. Cavab verdilər ki, hansı təşkilat məsuliyyət daşıyırsa, onlar da həll eləməlidir. Heç olmasa, münasib qiymətə kirayə ev istəyirdim. Ona da deilər ki, biz sənə kirayə ev verə bilmərik”.
“Təmiz Qaz”ın işçisi məsuliyyətə cəlb olunub
Hadisənin necə baş verməsinə gəlincə, Mahir Verdiyev danışır ki, 2021-ci ilin payızında “Bakı Abadlıq” MMC Gəncədə işıqlandırma işləri aparırdı. Onun evinin yerləşdiyi Nəvai küçəsində də onlar bu məqsədlə qazıntı işləri aparıblar. Qazıntı vaxtı traktor Verdiyevlərin evinin qarşısından keçən yeraltı qaz xəttini zədələyib. Zədələnmiş xətdən sızan qaz zamanla evin altından – kanalizasiya vasitəsilə evə dolub. 2021-ci il noyabrın 18-dən 19-na keçən gecə saat 1 radələrində Sahibə Verdiyeva mətbəxdə qazı yandıranda partlayış baş verib. Nəticədə Sahibə Verdiyevanın bədəni demək olar ki, tam yanıb. Digər otaqda olan oğlu Əlinin də baş, boyun nahiyəsi, əlləri və s. yanıb. Sahibə Verdiyeva hadisədən 3 gün sonra Bakıda xəstəxanada vəfat edib.
Hadisə vaxtı Mahir Verdiyev Rusiyada, digər oğlu Nicat isə Dövlət Dillər Universitetində təhsil aldığına görə Bakıda olub.
Ekspertlərin hesablamalarına görə, Verdiyevlər ailəsinə mənəvi ziyanla yanaşı, həm də 170 min manat maddi zərər dəyib. Bunun 113 mini tikinti, 57 mini isə əmtəə itkisi üzrə hesablanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) İstintaq İdarəsinin araşdırmalarından sonra “Təmiz Qaz” QSC-nin Gəncə Regional Mərkəzinin xətt baxıcısı Kamran Bəylərov cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə və ya başqa ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham verilib.
İttihama görə, 1973-cü il təvəllüdlü Kamran Bəylərov qaz xəttinə lazımi səviyyədə baxış keçirməyib, qaz sızmasını aşkarlamayıb. Nəticədə belə bir faciə baş verib. Amma Kamran Bəylərov hadisədə təqsiri olmadığını deyir. Məhkəmədə danışıb ki, 2021-ci ilin sentyabrında “Azəriqaz”ın əməkdaşları zəng eləyib onu çağırıblar. Deyiblər ki, onda olan xüsusi cihazla gəlib boruya başsın, qaz sızmasını olub-olmadığını müəyyənləşdirməkdə onlara kömək eləsin. Çünki traktor su borusunu partladıb, bundan sonra ətrafdan qaz iyi gəlməyə başlayıb.
Kamran Bəylərovda qaz sızmasını müəyyənləşdirən xüsusi cihaz olub. Onun sözlərinə görə, dərhal gəlib boruya baxış keçirib, lakin cihaz qaz sızmasını müəyyən eləməyib:
“Cihazın monitorundakı göstəricini də “Azəriqaz” əməkdaşlarına göstərdim. Bir neçə saat sonra bir də zəng elədilər ki, qaz borusunu kəsib, yenidən qaynaq eləyiblər, bir daha yoxlayım. Gedib yenə yoxladım, qaz sızması müəyyən olunmadı. Məhkəmə araşdırması zamanı da cihazın yaddaşına baxış keçirildi, məlum oldu ki, həmin gün keçirilən yoxlamada qaz sızması aşkarlanmayıb”.
Kamran Bəylərov deyir ki, məhkəmə-komisyon ekspertizasının rəyində də onun konkret hansı qayda pozuntusuna yol verdiyi göstərilməyib. O, əlavə edib ki, cihaz 2 metr dərinlik və 10 metr radiusda qaz sızmasını aşkarlaya bilir.
“Bakı Abadlıq”, “Azəriqaz” və “Təmiz Qaz”dan şikayətçiyəm”
Gəncə Şəhər Məhkəməsi 2023-cü ilin noyabrında çıxardığı hökmlə Kamran Bəylərovu təqsirli hesab edib. Ona cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, 3 il azadlıqdan məhrumetmə cəzası verilib. O, hökmdən narazı qalıb və apelyasiya şikayəti verib. İşə hazırda Gəncə Apelyasiya Məhkəməsində baxılır.
Partlayış nəticəsində həyat yoldaşını itirən, oğlu ağır xəsarət alan Mahir Verdiyev deyir ki, o, qazıntı işlərini aparan “Bakı Abadlıq” MMC, “Azəriqaz” QSC və “Təmiz Qaz” QSC-dən də şikayətçidir. Hesab edir ki, bu qurumların hər biri üzərinə düşən vəzifənin öhdəsindən gəlsəydi, onun ailəsində bu faciə yaşanmazdı.
Sığorta ödənişi üçün hökm gözləməyə ehtiyac varmı?
Bu ilin aprelində Milli Məclisin İqtisadi Qanunvericilik Şöbəsi sığorta hadisəsi zamanı ödəniş üçün məhkəmə hökmü gözlənilməli olub-olmaması məsələni belə şərh etmişdi:
“Daşınmaz əmlakın icbari sığortası üzrə hər hansı halın sığorta hadisə hesab edilməsi heç bir təqsirlə əlaqələndirilməyib. Yəni daşınmaz əmlakın icbari sığortası növündə hadisə baş verdikdə hər hansı şəxsin təqsirinin müəyyən edilməsi tələb olunmur”.
Mərkəzi Bankın da məsələ ilə bağlı mövqeyi budur ki, daşınmaz əmlak zədələnərsə (məhv olarsa), sığorta ödənişinin verilməsi üçün hadisənin baş vermə faktının qanuna uyğun müəyyənləşdirilməsi yetərlidir. Yəni hadisə baş verdikdə kompensasiya üçün təqsirkarı müəyyən edən hökm, qərar və s. sənədlər gözlənilməməlidir.