|
“Onsuz da ağırlaşırmışsan” – İtaliya dərmanı, Koreya terapiyası və yerli həkimin laqeydliyi
Paytaxtın Nəsimi rayonunda yerləşən “Referans Vellbeing Centr” klinikasının baş həkimi, endekrinoloq Ülya Quliyevadan şikayət var.
“Dəryaz” qəzeti redaksiyasına müraciət edən vətəndaş Sadıxova Mələk Ələkbər qızı bildirir ki, 2024-cü ilin mart ayının əvvəlində doktorun köməkçisi ilə əlaqə saxlayıb və ayın 9-da onu qəbula yazıblar:
“İlk qəbul Badamar Plaza”da baş tutdu. Qəbulda 100 (bir yüz) manat ödəniş etdim, amma mənə heç bir çek təqdim olunmadı. Həkimin qəbuluna girdim, məni narahat edən səhhət problemlərim haqda danışdım, boğazımda, boynumda limfa düyünləri olduğunu dedim.
İnfeksionist tərəfindən müayinələrim olub. Limfa düyünlərinin problemə səbəb olacağı barədə mənə net şəkildə bir söz deyilməyib. Müəyyən müalicələr, o cümlədən antibiotik müalicələri almışam, durumum stabilləşib, amma limfa düyünləri yerində qalıb. Özümü çox yorğun, halsız hiss edirəm. Həkim təqdim etdiyim analizlərə baxdı, hansı həkimlərdən hansı tövsiyələr aldığımı, hansı müalıicələri qəbul etdiyimi izah etdim. O, məndən əlavə olaraq müəyyən analizlər istədi, mənə analiz blankı verib bildirdi ki, yalnız həmin analizlərin nəticəsinə baxıb konkret nəsə deyə bilər.
Əlavə etdi ki, analizləri dürüstlüyünə inandığı “Referans” Klinikasına, yaxud, Ailə Sağlamlıq Klinikasına verməyimi tövsiyə etdi. Ertəsi gün onların ofislərinin yaxınlığında yerləşən “Ailə Sağlamlıq Klinikasına gedib analizlərimi verdim, təxminən 600 (altı yüz) manat civarında pul ödədim. Ödənişi təsdiqləyən qəbz də aldım.
Analizlərin cavabı hazır olandan sonra təkrar müayinə üçün məni martın 16-da qəbula yazdılar.
Təkrar müayinədə analizlərin nəticəsinə baxan həkimdən nə gördüyünü, mənim müalicəmi boynuna götürüb-götürməyəcəyini soruşdum. Bir daha xatırlatdım ki, maddi və mənəvi cəhətdən çox yorulmuşam, indiyədək üz tutduğum çoxsaylı həkimlər ən yaxşı halda mənim durumumu yalnız stabilləşdirməyi bacarıblar, amma tam müalicə etməyə nail olmaytıblar. Limfalarımın şişmə səbəbini nə ilə əlaqələndirdiyi soruşdum. Bildirdi ki, səbəbi çox şey ola bilər, “bizim müalicə metodumuz fərqlidir, biz xəstəliyə yönlənmirik, kök-hüceyrə səviyyəsində müalicə aparırıq. Müəyyən dərmanlar var ki, evdə qəbuil etməyiniz üçün verəcəyik, bəzi preparatlar isə sistem şəklində hər həftə klinikanın özünə gəlməklə orqanizminizə köçürüləcək”. Əvvəllər qəbul etdiyim, effektini görmədiyim preparatların adını çəkdim. Həkim yazacağı preparatların İtaliyadan gətirildiyini, keyfiyyətli olduqlarını, Bakının apteklərində onları tapa bilməyəcəyimi dedi: “Narahat olmayın, arxayın olun, özünüzü mənə əmanət edin”. Elə həmin gün ilk sistem köçürülməsini tətbiq etdilər. İkinci sistem köçürülmə proseduru ayın 22-də, üçüncüsü ayın 30-da baş tutdu. Birinci sistemdə özümü normal hiss edirdim. Artıq ünçü sistemdə özümdə şişkinliklər hiss etməyə başladım. Aprelin 6-da dördüncü sistemin qəbulunda həkim özü məndən nə qədər çəki atdığımı soruşdu. Mən isə əksinə, iki-üç kilo əlavə çəki aldığımı söylədim. O dedi ki, belə şey mümkün ola bilməz, yəqin nəsə düz getmir. Soruşdum ki, mən nəyi səhv edə bilərəm, axı bütün proses onun nəzarəti ilə həyata keçirilib. O, köməkçisinə məni üç gün ərzində nəzarətə götürməyi, yeyib-içməyimə fikir verməyimi tapşırdı. Sonrakı günlər ərzində mən qəbul etdiyim qidaların şəklini belə çəkib votsapla həkim köməkçisinə göndərir, müfəssəl məlumat verirdim. Köməkçi hətta mənə rasionumda ət və ət məhsullarına az yer verdiyimi, bir az artırmaq lazım olduğunu tövsiyə etdi. Həmin həftə bayram ərəfəsinə düşdüyü üçün növbəti sistem qəbulu bir neçə günlüyə təxirə düşdü. Aprelin 13-də səsim tutuldu, keçirdiyim narahatçılıq barədə həkim köməkçisinə məlumat verdim. Köməkçi həkimlə danışıq səslərini mənə göndərdi. Duydum ki, həkim emosional çıxış edir, guya mənimçün əlindən gələni etdiklərini bildirir. Çifayda, mən gördüyüm tibbi xidmətdən narazı qaldım. Onlar mənimlə yenidən görüşmək istədiklərini bildirdilər, klinikaya təkrar dəvət etdilər. Aprelin 19-da artıq onların köçdükləri Nəsimi rayonundakı yeni ünvanlarına getdim. Yenidən həkimlə danışanda şişməyə başladığımı, böyük peşova getməyimdə narahatçılıq yarandığını, səsimin iki günün içində qəfildən tutulub-açıldığını dedim. Həkim bu dəfə də panikaya düşməməyimi məsləhət gördü: “Əgər məni deyib gəlmisənsə, sənə kömək olacam! Sistemləri dayandırma, davam et. Ola bilər ki, dərmanlardan yüklənmisən. O halda hidrokolon terapiyaya getməyin lazımdır”. Sonra isə mənı bir telefon nömrəsi verib özündə bağırsaqların yuyulmasını ehtiva edən hidrokolon terapiyası üçün həmin nömrə ilə əlaqə saxlamağımı, danışanda onun adını verməyimi tövsiyə etdi. Mən həkimin tövsiyəsinə uyğun olaraq Koreya Şərq Təbabəti Kilinikasına yollanıb 70 (yetmiş) manat ödəməklə hidrokolon terapiyasına da getdim. 27 apreldə altıncı, mayın 4-də yeddinci və axırıncı sistemi qəbul etdim. Bir sözlə, nə dedisə, elədim. Ancaq axırıncı dəfə sistem qəbul edəndə tərəzidə çəkimi ölçüb 130-dan birdən-birə 136 kiloyadək artdığını öyrəndim. Tərəzinin göstəricisinin şəklini çəkib həkim köməkçisinə məlumat verdim. Şişkinlikdən, tənginəfəslikdən şikayətləndim. Doktorla danışmaq istədiyimi xahiş etdim. Köməkçi doktorla əlaqə saxlayıb cavabını mənə bildirdi: “Baxın Mələk xanım, əgər alınmırsa, müalicəni dayandırsın”. Mən təəccübləndim, həm də çox məyus oldum. Köməkçiyə bildirdim ki, mənim müalicə gedişində belə vəziyyətə düşməyimə mənim qədər, elə məndən də artıq həkimim özü narahat olmalıdır, səbəbini araşdırmalıdır. Həkimin cavabının absurd olduğunu, müalicəni dayandırmağa qərar verməyin mənim ixtiyarıma buraxılmamalı olduğunu bildirdim. Həmçinin, həkimin mənə on sistem köçürüləcəyini, artıq ikinci sistemdən sonra fayda hiss edəcəyimi dediyini xatırlatdım. Köməkçi həmin gün etirazıma reaksiya vermədi, ertəsi gün zəng edib əvvəlki mövqeyinin üstündə durdu: “Biz əlimizdən gələn köməkliyi etməyə çalışmışıq, bu bizlik deyil”. Mən artıq özümdən çıxdım, doktorun mənlə əlaqə saxlamağını tələb etdim. Sonrakı bir neçə gün ərzində mənim vəziyyətim daha da pisləşdi. Yoldaşım mənim qolumdan tutub məni həkimin yanına apardı. Həkimdən xahiş etdi ki, xəstəni sağalda bilmirsə də, heç olmasa əvvəlki vəziyyətinə qaytarsınlar. Həkim yenə emosional tərzdə əlindən gələni etmiş olduğunu, vəziyyətimin ağırlaşmasına cavabdeh olmadığını söylədi: “Siz mənim yanıma gəlməsəydiniz belə, zatən ağırlaşmaq üzrəydiniz ki, belə şey baş verib. Yazdığım müalicənin sizə heç bir ziyanı ola bilməz”. Bir növ elə danışdı ki, mənim ağırlaşma vəziyyətimdə müraciət etməyim onun bəxtsizliyidir. Halbuki, mən onun yanına gedəndə hazırki şikayətlərim yox idi, tamam başqa şikayətlər idi. Yeri gəlmişkən, mən həkimin yanına gedəndə başqa tibb mərkəzində çıxartdırdığım USM müayinəsi nəticəsini aparmışdım. Əgər daha əvvəlki USM müayinəsində qara ciyərimin göstrəricisi 150-yə qarşı 153 idisə və həkim bu göstəricinin müalicəyə ehtiyacı olduğunu demişdisə, sonrakı ultrasəs müayinəsində həmin göstərici artıq 180 çıxmışdı. Bundan başqa, həkimin “müalicəsindən” sonra böyrəyimdə 16 mm-lik kista yarandı, həmçinin kreatinin səviyyəsi ağrı verici dərəcəyədək qalxdı. Qol altımda, sinəmdə, çənəmin altında çoxsaylı limfalar yarandı. Həkimin qarşısına USM nəticələrini qoyanda dedi ki, bu müayinə nəticələrini qəbul etmir, bir sözlə, hər şeydən boyun qaçırdı. Bundan sonra həyat yoldaşım həkimdən indiyədək mənim üzərimdə hansı müalicə vasitələri tətbiq edibsə, hamısının siyahısını istədi. O, bizi bayıra çıxardı, köməkçisini çağırdı, kağıza siyahı yazıb bizə verdilər. Düzü, həmin siyahıda həqiqətən bütün məruz qaldığım müalicə vasitələrinin əhatə olunduğu tam inandırıcı gəlmir. Həkimin son sözü bu oldu ki, “sənin vəziyyətin zatən ağırlaşmaq üzrəymiş, get MRT müayinəsindən, onkoloji müayinələrdən keç” və s. Onun danışıqlarının məna kəsb etmədiyini görüb klinikanı tərk etdik. Sonuncu analizlərimin nəticəsi kimi bəlli oldu ki, şəkərimdə yüksəlmə, insulin dirənci var. Biokimya testində qlükoza səviyyəsi normalda 70-100 aralığında olmalı halda, əvvəlki 112-dən 156 mg/dL göstəriciyə qalxdı. Hazırda əlim-ayağım şişib, əmək qabiliyyətimi itirmişəm. Hərəkət edə bilmirəm, oturub-durmağıma mütləq kimsə əlimdən tutub köməklik etməlidir”.
Ülya Quliyeva klinikada tibbi xidmətin haqqının ödənişi məsələsində şəffaflığın, hesabatlılığın olmadığını deyib: “Bir daha xatırladım ki, qəbula ödədiyim 100 (bir yüz) manatın çeki verilmədi, özləri mənə verdikləri dərmana görə ödədiyim 155 (bir yüz əlli beş) manata görə də çek təqdim olunmadı. Vurulan sistemlərin də nağd şəkildə ödədiyim pullarına görə qəbz verilmədi. Yalnız kartla ödədiyim pullara görə qəbz verilirdi”.
Vət. Sadıxova başına gələnlərin mediada ictimailəşdirilməsi ilə aidiyyəti qurumların diqqətini problemə yönəltmək, Ülya Quliyevanın ona hədər yerə xərclətdirdiyi pulların geri qaytarılmasına nail olmaq istəyir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Mövzuya qayıdacağıq.
Deryaz.az