Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimləri adından ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də Dia-az.İnfo-ya daxil olan müraciətdə deyilir...
YAZININ DAVAMI: "Zəfər Qurbanov gəldiyi iki ildən artıq müddətə universitetdə heç bir normal kadr islahatı belə apara bilməyib. Bu şəxsin nə aqrar sahədən, nə rektor kimi idarəetmə işindən, nə də elmi-tədqiqat işindən xəbəri yoxdur. Bu adam uzun müddət Həmkarlar Təşkilatında işləmişdir. İdarəetmə təcrübəsinin olmaması səbəbindən ADAU kimi tarixi ənənələrə malik olan bu universitet batıb gedir. Sabiq rektorlar Mirdamət Sadıqovun, İbrahim Cəfərovun dövründə yaradılmış infrastruktur məhv olub gedir, təmir olunmur, təmirə yazılmış pullar tamamilə mənimsənilir. Professor-müəllim kollektivi arasında özbaşınalıq, anarxiya baş alıb gedir, professorlar dəyərləndirilmir, savadlı və qabiliyyətli adamlar vəzifələrdən tamamilə kənarlaşdırılıb. Universitetdə vəzifələrə savadsız, qabiliyyətsiz, rektora itaət edən şəxslər təyin olunur. Bu yaxınlarda Heydər Əliyev mərkəzində keçirilən Beynəlxalq elmi konfransda universiteti vaxtı ilə ən qabaqcıl universitetlər siyahısına salmış akademik İbrahim Cəfərov, Fuad Əliyev və digər görkəmli elm adamları dəvət olunmadı. Hal-hazırda universitetdə imtahan sessiyası gedir. Bu sessiyada rüşvətxorluq baş alıb gedir. Bu imtahan qərərgahının əməkdaşları qazanc uğrunda yarışa giriblər. Zəfər Qurbanov isə obyektivlikdən, şəffaflıqdan pafosla danışır. Maraqlıdır, Zəfər Qurbanov hansı üzlə deyir ki, mən olan yerdə rüşvət ola bilməz? Zəfər Qurbanovun idarəçiliyi altında dekan Famil Nəsibov Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əlində külli-miqdada pul ilə tutuldu, məhkəmə qərarı ilə işindən azad edildi. İnam Kərimovun Ali Məhkəməyə sədr təyin olunmasından sonra İnam Kərimovun, eləcə də Xaçmaz rayon icra hakimiyyətinin başçısı Elnur Rzayevin koməkliyi ilə ev dustaqlığına buraxıldı, yeni tədris ilində isə Zəfər Qurbanov onun yenidən universitetdə işinə bərpa olunması üçün söz də verib. Sabiq rektor Mirdamət Sadıqovun vaxtında İmtahan Qərərgahının rəisi uzun müddət aqrar universitetdə yaxşı mütəxəssis olan professor Nazim Yusifov idi. Nazim Yusifov universitetin inkişafında canını qoymuş, ətrafına kafedralarda böyük təcrübəyə və pedaqoji ustalığa malik olan adamları cəlb etmiş və imtahan sessiyasında obyektivliyin tam təmin olunması üçün əlindən gələni etmişdi. Zəfər Qurbanov isə layiqli kadrları özündən tam aralamış, universitetə kənardan gəlmiş, ixtisası olmayan, aqrar sahəyə tamamilə yad olan şəxsləri imtahan qərərgahına, eləcə də müxtəlif vəzifələrə təyin etmişdir. Cənab Prezident, bütün internet resurslarını axtarsaq Zəfər Qurbanovun ümummilli liderimiz Heydər Əliyev haqqında bir çıxışına rast gəlmək qeyri- mümkündür. Heydər Əliyevin fəaliyyəti haqqında bir kəlmə danışmayan Zəfər Qurbanov kimlərinsə təqdimatı əsasında ümummilli liderimizin 100 illiyi ilə bağlı Yubiley medalını almağa belə nail olub. Cənab Prezident, Azərbaycan Dövlət Aqrar Universiteti ilə Türk Hava Yolları aviabiletlərin satınalınması üzrə başlanıldığı tarix bəlli olmayan açıq tender müsabiqəsinə yekun vurulmuş və “Türk Hava Yollari Anonim Ortakliği”nın Azərbaycandaki nümayəndəliyi ilə 252.100 manat və digər məbləğlərdə bir neçə dəfə satınalma müqaviləsi bağlanmışdır. Maraqlıdır, Azərbaycan Dövlət Aqrar Universitetinə aviabiletlərin satınalınmasına təcili tələbat hansı zərurətdən yaranıb? Azərbaycan Dövlət Aqrar Universitetindən 27.03.2024-cü il tarixdən 31.12.2024-c il tarixə neçə nəfərin, nə məqsədlə, haradan, haraya uçacağı bəlli olmayan aviabiletlər alması nə qədər təcili tələbatdır? Vaxtı əvvəlcədən müəyyən olunmuş hər hansı bir beynəlxalq tədbirlərə aviabiletlər bron etmək olar. Məlum olduğu kimi aviabiletləri bir neçə ay qabaqcadan sifariş verdikdə, yəni bron etdikdə qiymətlər xeyli aşağı ola bilər. Belə olan təqdirdə, Azərbaycan Dövlət Aqrar Universiteti 252.100 manata ən azı 350 -400 bilet bron etmiş olur. Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalında Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən 25 nəfər türk mütəxəsislərin hər biri ilə 12.240 manat məbləğində satınalma müqaviləsi bağladığı barədə 18.03.2024-cü il tarixdə məlumat açıqlanıb. Bütün bunlar universitetin büdcəsinin dağıdılmasına və Zəfər Qurbanov tərəfindən mənimsənilməsinə xidmət edir. Cənab Prezident! Siz həmişə ADAU-nun inkişafı üçün əlinizdən gələni etmisiniz, üç dəfə bizim universitetdə olmusunuz. Sizin göstərişinizlə və əməyinizlə yaradılmış infrastruktur, eləcə də universitet Zəfər Qurbanovun yarıtmaz idarəçiliyi ucbatından məhvə doğru gedir. İnanırıq ki, ən qısa zamanda aqrar təhsil ocağında tüğyan edən özbaşınalıqlara son qoyulması üçün göstəriş verəcəksiniz..."