|
Nümayəndəlikdə mühasib olmuş Zərifə Abbasova özünü qismən təqsirli bilir, amma qalan pullar...
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin mühasibi olmuş Zərifə Abbasovanın cinayət işi üzrə məhkəmə prosesi davam edir. Z.Abbasovaya qarşı 1 milyon manata yaxın vəsaitin mənimsənilməsi ittihamı irəli sürülüb.
Məhkəmədə üzə çıxan faktlar onu deməyə əsas verir ki, Abbasovaya qarşı irəli sürülən ittiham kifayət qədər əsaslı deyil, ittihamı şübhə altına alan tutarlı faktlar var.
Bəs necə olub ki, 3 nəfərin imzası ilə Azərbaycan Beynəlxalq Bankından çıxan 1 milyon manata yaxın vəsaitə görə təkcə onu məsuliyyətə cəlb ediblər?
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesin gedişatı, ittihamla bağlı Zərifə Abbasovanın fikirlərini öyrənmişik.
Abbasovanı nədə ittiham edirlər?
İttihama görə, Zərifə Abbasova 2017-2022-ci illər ərzində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyində mühasib vəzifəsində işləyərkən nümayəndəliyin bank hesabında olan pul vəsaitlərini nağdlaşdırıb, saxta ödəniş tapşırıqları vasitəsilə müxtəlif vaxtlarda vəsaitləri öz əmək haqqı kartına köçürərək təşkilata məxsus 983 min 254 manatı mənimsəyib. İstintaq sənədlərinə görə, qeyd olunan pul vəsaitini Zərifə Abbasova müxtəlif vaxtlarda Beynəlxalq Bankın bankomatlarından çıxarıb.
Məhkəmədə ittihama münasibət bildirən Zərifə Abbasova özünü qismən təqsirli bilib. Deyib ki, nümayəndəliyə məxsus 46 min 700 manat vəsaiti müalicə xərclərinə sərf edib.
Zərifə Abbasova Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsini bitirib, 1 may 2008-ci ildən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə mühasib vəzifəsinə təyin edilib. Deyir ki, nümayəndəliyin əvvəlki illərində əksər maliyyə əməliyyatları nağd şəkildə aparılıb. Bu ödəniş üsulu ilə Avropa İttifaqının nümayəndəliyi 2019-cu ilin dekabrına qədər davam edib. Onun sözlərinə görə, Avropa İttifaqının mühasibat sistemi tam online struktura malikdir. Yəni bütün aparılan əməliyyatlar 3 elektron imza ilə (viza) həyata keçirilib. Hər hansı bir əməliyyatı 2 imza olmadan tək imza ilə sistemə salmaq və yaxud təsdiq etmək qeyri-mümkündür: “Mühasib olaraq, hər hansı bir tranzaksiyanı sistemə salmaq və onun ilkin qeydiyyatını aparmaq mənim vəzifəm idi. 2022-ci ilin sentyabrında mən son dəfə Brüsselə ezamiyyətə getmişdim. Və oradan qayıdandan sonra, 7 oktyabr 2022-ci ildə məni təcili işdən uzaqlaşdırdılar və çox qəti surətdə artıq-əskik danışmamaq şərti ilə tezliklə işə qaytaracaqlarına söz verdilər. Lakin Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlayan sorğulardan anladım ki, məni əsas təqsirləndirilən şəxs qismində göstərib və bütün "aşkar" olunan qeyri-rəsmi əməliyyatların məsuliyyətini üzərimə atıblar. Gözləmədiyim halda aldığım zərbə çox ağır oldu - mən iflic keçirtdim, xəstəxanaya düşdüm, aylarla müalicə aldım. Hələ də sol gözümdə assimetriya hiss olunur. Buna baxmayaraq, halsız vəziyyətdə məhkəmə qarşısına çıxdım və saysız-hesabsız ifadələr verdim. Məhkəmədə də, istintaqda da demişəm ki, çalışdığım nümayəndəlikdə mənə 50 min manata yaxın pul verməlidirlər. Ana olmaq arzusu ilə müalicəm üçün həmin 50 min manatın yazılı surətdə müraciət etməklə mənə verilməsini xahiş etmişdim. Lakin mənə öz pulumu vermədilər. Məcbur olub müalicə xərcləri üçün mənə ödənməli olan məbləğ civarında vəsaiti götürmüşəm. Həmin pulu da mənimsəmək niyyətim olmayıb. Bunu nümayəndəliyin rəhbərliyi də bilirdi.
Zərifə Abbasova bildirib ki, müalicəsi üçün borc olaraq götürdüyü 46 min 700 manat cəmi vəsaiti müalicələrinə xərcləyib: “Qalan 936 min 554.02 manat məbləğindən xəbərim yoxdur, çünki onu birbaşa rəhbərliyə təhvil vermişəm. Təlimatları birbaşa onlardan almışam. Dediyim kimi, onların sistemdə elektron imzası olmadan mən heç bir maliyyə əməliyyatını sistemdə tamamlaya bilməzdim, bu texniki baxımdan imkansız idi".
“İşçı müdiriyyətə hədə-qorxu gəlib ki, ya buna izahat verin, ya da Brüsselə yazacaq”
Zərifə Abbasova işin bu nöqtəyə gəlməsinin səbəbini də açıqladı: “Əməkdaşlardan biri masamın üzərindən bir sənədi görmüşdü. Həmin sənədi mən və Zoltan Szalai imzalamışdıq. Bütün baş verənlər də əməkdaşın o bank sənədini görməyindən başlandı. Dediyim sənədlər üzərindən həmin işçı müdiriyyətə hədə-qorxu gəlib ki, ya buna izahat verin, ya da Brüsselə yazacaq. Bu məlumatı mən baş mühasib cənab Olivier Klemensatdan öyrəndim. O, mənə demişdi ki, sən niyə sənədləri masanın üstündə unutmusan? Mən cavab verdim ki, onlar Zoltana imzaya verilmişdi, deməli, o, imzadan sonra onları mənim masama geri qoyub. Uzun müzakirələrdən sonra məni işdən müvəqqəti olaraq uzaqlaşdırmaq, bu işi yayındırmaq və yenidən məni işə qaytarmaq qərarı verdilər. Szalai mənə tapşırmışdı ki, artıq-əskik danışma, biz tezliklə bu işi bağlayıb səni işə qaytaracağıq. Mənim idarədən borc götürdüyüm məbləğdən şəxsən baş mühasib cənab Olivier Klenmensatın xəbəri var idi, onlar həmin məbləğ civarında məsuliyyəti üzərimə götürməyi tapşırmışdılar".
Bakıdakı nümayəndəlik yoxlanıbsa, o qədər pul necə mənimsənilib?
Zərifə Abbasova bildirib ki, ona ittiham son 5 illik dövr üçün verilib. Guya 5 il ərzində ittihamda qeyd olunan məbləği mənimsəyib. Onun sözlərinə görə, əslində bu mümkünsüzdür: “İşlədiyim dövrdə hər ildə 6 dəfə onlayn yoxlama olub. Yəni Avropa İttifaqının Belçikada olan baş ofisinin Ex-post-kontrol şöbəsi tərəfindən təsadüfi seçim nəticəsində seçilmiş ödənişlərin və onlara aid olan müvafiq sənədlərin birbaşa Avropa İttifaqının baş ofis sistemindən yoxlanılması aparılırdı. Son yoxlama 2022-ci ilin iyul ayında aparılmışdı. Hər 4 ildən bir, Avropa İttifaqının Baş Ofisinin Ex-post-kontrol şöbəsinin inspeksiya bölməsindən, auditorlardan ibarət olan müvafiq qrup Bakıya gəlib yerində həm mənim işlədiyim sistemi, həm mövcud olan bütün sənədlərin yoxlanılmasını aparırdılar. Yoxlamaların nəticələri (yoxlama aktları) Avropa İttifaqının Baş ofisi tərəfindən hazırlanırdı və nümayəndəliyə də bir nüsxəsi göndərilirdi. Son yoxlama 2019-cu ilin fevral ayında aparılmışdı. Hər ilin əvvəlində, Avropa İttifaqının Belçikada olan baş ofisi tərəfindən, nümayəndəliyin bank hesabı olan Azərbaycan Beynəlxalq Bankına sorğu göndərərək, onlardan nümayəndəliyə məxsus olan bank hesablarındakı keçmiş ilin dekabr ayının 31-nə kimi son balansları təqdim etməyə tələb edirdilər. Son sorğu 2022-ci ilin yanvar ayında göndərilmişdi. Bu yoxlamaların nəticələri haqda Baş Ofisdə məlumatlar var. Əgər 5 il ərzində mənimsəmələrə yol verilsəydi, təbii ki, bu faktlar yoxlamalar zamanı üzə çıxardı".
“Həqiqətin üzə çıxması mümkünsüz hala gəlib”
Zərifə Abbasova istintaq üçün maraqlı ola biləcək bir məqama da toxunub: “Pandemiya dövründə evdən işlədiyimə görə iş kompüterimdə olan bütün sənədləri ev kompüterimə köçürmüşdüm və işlədiyim müddət ərzində nümayəndəliyin rəhbərliyinə göndərdiyim hesabatları saxlamışdım. Üzləşdiyim haqsız təqibdən sonra kompüterimdə bu məlumatların olmasını xatırladım. Mənim öz tərəfimdən keçirilən hesablamalara görə, nağdlaşdırılan pullardan cəmi 46 min 700 manat mənim şəxsi müalicə ilə bağlı xərclərimi təşkil edib. Avropa İttifaqının mühasibatlığında mənə məxsus olan 27 min 640 avro və mənim iş otağımda şəxsi dolabımda olan 6 min civarındakı vəsait götürdüyüm pulu tam ödəyir. Lakin bütün bu faktların aşkar olunmasına və mənim hüquqlarımı müdafiə edən vəkil cənab Əlövsət Abasovun yuxarıda göstərilən faktların yenidən yoxlanılması üçün vəsatətlərin Bakı Ağır Cinayətlər Məhkəməsi təmin etdi, lakin səbəbsiz şəkildə icra etmədi. Halbuki, sadəcə, 2 vəsatət üzrə addımlar atılsa, bütün verdiyim ifadələr öz təsdiqini tapacaq.
Həmin vəsatətlər bunlardır:
Azərbaycan Beynəlxalq Bankına Avropa İttifaqına hər il Baş Ofisin müraciətləri əsasında göndərilən hesabatların məhkəmə sorğusu əsasında alınması (Həmin hesabatları almaq üçün vəkilim banka sorğu verdi. Bankdan bildirildi ki, həmin sorğu məhkəmədən göndəriləcəyi təqdirdə verilə bilər).
Bankdan alınan sənədlərlə mənim aşkar etdiyim hesabatların üzərindən yeni yoxlamanın (müstəqil auditin) keçirilməsi.
Məhkəmə hər iki vəsatəti qəbul etsə də, bunu etmək niyyətində deyil deyə həqiqətin üzə çıxması da mümkünsüz hala gəlib".
“Mənim iştirakımla yeni bir yoxlamanın keçirilməsi nə qədər çətin bir qərardır?”
Zərifə Abbasova deyir ki, 6 noyabr 2023-cü il tarixində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə rəsmi müraciət göndərib. Müraciətində son illərdə apardığım əlavə hesabatların və iş dolabımda aşkar olunmuş şəxsi pullarının - 6 min manat civarında pulun kimə verildiyi barəsində məlumat istəyib: “Onların məhkəməyə göndərdiyi cavabda belə bir hesabatların olmaması və mənə məxsus olan pulun mənə geri qaytarılması haqqında yazılıb. Halbuki bu hesabatlar həmişə olub və pulun qaytarılması üçün ən azı təhvil-təslim aktının mövcud olması zəruridir. Mənim üçün daha bir ağır məqam odur ki, məni imza saxtalaşdıraraq bank sənədlərinin hazırlanmasında ittiham ediblər. Halbuki belə bir ağır təqsirləndirmə üçün vacib olan bütün məsuliyyətli şəxslərin imzalarının ekspetizası keçirilməli idi. Bunları nəzərə alaraq, həmin tərtib olunmuş ittiham aktının əsasında məni 10-14 il azadlıqdan məhrum edə bilərlər. Bu səbəbdən, mənim iştirakımla yeni bir yoxlamanın keçirilməsi nə qədər çətin bir qərardır? Azərbaycan vətəndaşı olaraq, belə bir ədalətsiz və birtərəfli yanaşmanı bu səviyyədə olan dövlət qurumundan gözləmirəm. Mən həqiqətin üzə çıxmasını, konkret əməlimə qiymət verilməsi üçün bir daha xahiş edirəm ki, məhkəmə ədalətli qərar verə bilməsi üçün Azərbaycan Beynəlxalq Bankına sorğu verib nümayəndəliyin illik hesabatı və 2017-ci ildən 2022-ci il 31 dekabr tarixlərinə olan maliyyə balansının sonucları barədə Brüsselə göndərilən aktların nüsxələrini alsın. Çünki vəkilim cənab Əlövsət Abasovun eyniməzmunli sorğusuna bankdan cavab verildi ki, məhkəmənin bu haqda sorğusuna cavab verilə bilər.
“Ədalət naminə, həqiqətin üzə çıxması üçün iştirakımla audit yoxlaması keçirilsin”
Bir daha xahiş edirəm ki, ədalət naminə, həqiqətin üzə çıxması üçün iştirakımla audit yoxlaması keçirilsin. Tərəfimdən tərtib olunan sənədlər tədqiq olunsun. Həmin sənədləri məhkəməyə təqdim etmişik. Məhkəmə sənədləri qəbul edib. Lakin həmin sənədlər üzrə əlavə yoxlama aparılması barədə vəsatət qəbul olunmayıb.
Mənə sənədlərin saxtalaşdırılması ittihamı verilib. Guya nümayəndəliyin rəhbəri Peter Mixalko və müşaviri Zolotan Szalainin imzaları saxtalaşdırılıb. Lakin imzaların saxta olması barədə ekspertiza rəyi işdə mövcud deyil. Qanunla isə ekspertiza rəyi olmadığı təqdirdə, mənə ittiham verilə bilməzdi. Fakt odur ki, mən 46 min 700 manat cəmi vəsaiti müalicələrimə xərcləmişəm və bunu da inkar etmirəm. Həmin vəsaiti də qaytarmağa hazıram. Qalan 936 min 554.02 manat məbləğindən xəbərim yoxdur. Həmin məbləği kim götürübsə, o şəxslər müəyyən edilsin və onlar məhkəmə qarşısında cavab versinlər".
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”