“GÜVƏN” su adını dəyişsə də, saxtakarlığını dəyişməyib Artıq bir neçə illərdir ki, ölkə ərazisində əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması və bu sahədə əmələ gələn hər cür problemlərin aradan qaldırılması, aidiyyatı dövlət qurumlarının qarşısında duran ən vacib vəzifələrdən biri hesab olunur. Bütün bunlara baxmayaraq, bu gün də ölkəmizin iqtisadi həyatında “çapolçuluq”la məşğul olub pul qazanan elə işbazlar var ki, onları xalqın sağlamlıq durumu, yaşadığımız dövlətin gələcək taleyi və s. kimi aktual məsələlər heç bir halda düşündürmür. Onları yalnız bir amal və istək düşündürür, o da hansı yolla olursa-olsun mümkün qədər daha çox var-dövlət əldə etməkdir. Qeyd edək ki, bu cür əməl və amal sahibi olan işbazlar, hər il mövsümə uyğun addımlarını atırlar və belə bir yolla külli miqdarda gəlirlər də əldə edirlər. Qeyd edək ki, ölkəmizin içməli su sektorunda fəaliyyət göstərən və hal-hazırda bu sahəni bir növ inhisarında saxlayanlardan biri də, «AQUA LUXE» adı altında fəaliyyət göstərən su şirkətidir. Bir müddət bundan əvvəl adının çəkilməsini istəmədiyimiz şəxs tərəfindən deryaz.az saytının redaksiyasına, ölkə əhalisinin müəyyən hissəsinin «AQUA LUXE» suyu ilə təmin olunmasında canfəşanlıq göstərən şəxslərin qol qoyduqları əməllərlə bağlı xeyli məlumatlar çatdırılmışdı. Məlumatlarda qeyd olunurdu ki, belə bir ad altında su satışı ilə məşğul olan müəssisənin hansı hüquqi ünvanda fəaliyyət göstərməsi haqda tam əksəriyyət məlumatsızdır. Məlumatı olanlar yalnız onu bilirlər ki, «AQUA LUXE» suyunun qablaşdırılması işləri Abşeron rayonu, Xırdalan şəhəri ərazisində həyata keçirilir. Əldə etdiyimiz son məlumatlara görə isə, bu şirkət fəaliyyətini müvəqqəti dayandırmış və hal-hazırda «AQUA LUXE» su şirkəti “GÜVƏN” adı altında fəaliyyət göstərməyə başlayıb. Məsələnin maraqlı və düşündürücü tərəfi odur ki, 19 litrlik bidon qablarda satışı həyata keçirilən “GÜVƏN” suyuna aid rekzivitdə, bu şirkətə aid ünvan da Abşeron rayonu, Xırdalan şəhəri ərazisi göstərilir. O halda sual oluna bilər ki, bu nə deməkdir və belə də ünvanmı olar? Digər tərəfdən, «AQUA LUXE» su şirkətinə aid mobil telefon nömrələri “GÜVƏN” adı altında satışa çıxarılan 19 litrlik su qablarının üzərində də qeyd olunur. Bu da onu ehtimal etməyə əsas verir ki, vaxtilə «AQUA LUXE» su şirkətinə rəhbərlik edən şəxslər, bu gün növbəti qanunsuzluq və fırıldaq əməllərini “GÜVƏN” adı altında həyata keçirməkdədirlər. Onu da bildirək ki, redaksiyamıza «AQUA LUXE» su şirkətinin qanunsuzluğa söykənən fəaliyyəti ilə bağlı silsilə məlumatlar daxil olduqdan sonra, bu ilin iyul ayında həmin məlumatların araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə rəsmi qaydada məktubla müraciətlər etdik. Təəccüb doğuran hal odur ki, ünvanladığımız məktubda «AQUA LUXE» su şirkətinin fəaliyyətinin yoxlanması və aparılmış yoxlamaların nəticəsi ilə bağlı redaksiyamıza rəsmi cavab məktubunun verilməsini xahiş etsək də, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları yoxlama işlərini Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ünvanında yerləşən “Su satışı” adlı təsərrüfat subyektində həyata keçirirlər. 16 avqust 2023-cü il tarixdə isə, redaksiyamıza 2 saylı Ərazi Vergilər Baş idarənin rəis müavini, vergi xidməti mşaviri cənab Anar Qurbanovun imzası ilə təsdiq olunmuş cavab məktubu verilib. Məktubda yazılıb ki, “Qeyd etdiyiniz faktlar vergi orqanı tərəfindən nəzarətə götürülmüş və vergi nəzarəti tədbirləri zamanı hər hansı qanun pozuntusu faktı aşkar edildiyi təqdirdə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəkdir”. Bu cür yanaşmanın varlığı, əslində gülünc hissi doğurur. Bütün bunlar azmış kimi cavab məktubunda o da qeyd olunub ki, “Araşdırmada iştirakınızın təmin edilməsi məqsədilə sizə dəvət məktubu göndərilmiş, lakin gəlmədiyinizə görə araşdırma iştirakınız olmadan aparılmışdır”. Bir sözlə, bu cür cavablar tamamilə ağyalan olmaqla bərabər, heç də həqiqəti əks etdirmir. Digər tərəfdən, əgər «AQUA LUXE» su şirkətində istehsalçı Həsənov Rüfət Nazim oğlunun, sifarişçi Quliyev Məhəmməd Ələkbər oğlunun adları yazılırdısa, Vergilər İdarəsi yoxlamanı «Sultan» şirkətində aparmış və ikinci saxta şirkət olan “GÜVƏN” suyunda isə istehsalçı Kərimov Sultan Elxan oğlunun, sifarişçi Quliyeva Fatma Mahir qızının adları yazılıb. Bu da “GÜVƏN” suyuna aid müəssisədə sənədləşmə işlərinin qanunamüvafiq qaydada olması və qol qoyulan digər qanunsuzluq haqda baş qaldıran şübhələri daha da artırır. Sual onuna bilər ki, nəyə görə “GÜVƏN” suyunun satışı ilə məşğul olan müəssisənin hüquqi ünvanı ictimaiyyətdən gizlədilir, yaxud da bu müəssisəyə aid insağram səhifəsində yayımlanan reklamda dəqiq ünvan göstərilmir? Kim, yaxud da hansısa dövlət qurumunun səlahiyyətli şəxs(lər)i təminat verə bilərlər ki, bu müəssisədə sular lazımi şəraitdə, tələb olunan dərman preparatlarından istifadə olunmaqla, həmçinin gigiyenik qaydalara tam şəkildə əməl olunmaqla qablaşdırılır? Bundan əlavə, “GÜVƏN” suyunun satışı ilə məşğul olan müəssisədə suyun tərkibi azonlaşdırılırmı, müəssisəyə aid dolum aparatı varmı, qablaşdırma prosesi zamanı suyun dezinfeksiyası həyata keçirilirmi? Bu müəssisədə istifadə olunan qablar hansı sexdən alınır və “GÜVƏN” su ilə həmin sex arasında hansısa müqavilə sənədi varmı? Yaxud da, alınan su qablarına dair sertifikat varmı? Ən əsası, istifadə olunan suyun mənbəyi məlum deyil. Söz yox ki, bütün bunların hər biri ortaya düşündürücü sualların çıxmasına səbəb olur. Ümumiyyətlə, baş verənləri təhlil edib belə qənaətə gəlmək olar ki, “GÜVƏN” suyunun satışı ilə məşğul olan həmin müəssisə, bu gün də istehlakçılara “badalaq” gəlməklə məşğul olur. Çünki, yuxarıda qeyd etdiyimiz faktların hər biri ciddi qanun pozuntularının varlığından xəbər verir. Ona görə də ümidvarıq ki, Dövlət Vergi Xidməti, Qida Təhlükəsizliyi Agentliyi və digər dövlət qurumları, bu gün də istehlakçıları aldadan və “GÜVƏN” suyunun satışı ilə məşğul olan həmin müəssisədə lazımi araşdırmalar aparacaq, həmçinin qol qoyulan hər cür qanunsuzluqların qarşısının alınması yöndə əməli addımlarını da atacaqlar. Yəqin ki, o halda istehlakçıları “GÜVƏN” suyu adı altında aldadan həmin müəssisənin “çirkli biznes”inə birdəfəlik son qoyulacaq. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
P.S.Biz də redaksiya olaraq «AQUA LUXE» su şirkətinə məxsus olan su qablarının üzərində qeyd olunan nömrəyə zəng edib istehsalçı Məhəmməd bəyə zəng edib fəaliyyətləri ilə maraqlandıq. O, bildirdi ki, biz artıq fəaliyyət göstərmirik, su satışı ilə də məşğul deyilik. Sabahı gün eyni nömrəyə müştəri qismində zəng edib su lazım olduğunu dedik. Məmnuyyətlə deyib suyu hansı ünvana çatdırılmasını soruşdular. Görünür, Məhəmməd bəyin dediyi yalandır. Dəyişən ancaq etiket olub Mövzu diqqətimizdədir.