
“2018-2024-cü illərdə Cənubi Qafqaz ölkələrində turizmdən gəlirlər fərqli olub. Ümumilikdə pandemiya hər 3 ölkənin turizm sektoruna mənfi təsir göstərsə də, Rusiya-Ukrayna müharibəsindən daha çox faydalanan Gürcüstan və Ermənistan olub”. Bu barədə iqtisadçı ekspert Samir Əliyev məlumat verib. Onun sözlərinə görə, Azərbaycan quru sərhədlərini bağlamaqla Rusiya və Ukraynadan gələn turist axınlarının qarşısını almağa üstünlük verdi: “Görünən odur ki, ən çox qazanc Gürcüstana məxsusdur və bu ölkədə turizmdən gəlirlər ilbəil artır. 2023-cü ildə turizmdən 4,1 milyard dollar qazanıb və 2024-cü ildə bu göstəricinin daha da çox olacağını ehtimal etmək olar. Ermənistanda isə əksinə, 2022-2023-cü illərdəki artımdan sonra 2024-cü ildə nisbətən azalmanın olmasını gözləmək olar”.
İqtisadçı deyib ki, turizmdən gələn gəlirlər üzrə hər iki ölkədən geri qalan Azərbaycanın son 5 ilin artım tempini saxlaya biləcəyini güman etmək olar. “Çünki 2023-cü ilin 9 ayında turizmdən gəlirlərin həcmi 1,1 milyard dollar olduğu halda 2024-cü ilin müvafiq dövründə bu göstərici 1,6 milyarda çatıb. Artımda ötən ilin sentyabr ayında Bakıda keçirilmiş COP29 tədbirinin xüsusi töhfəsini qeyd etmək olar. Azərbaycan 2024-cü ildə 2019-cu ilin göstəricisini (1,8 milyard) üstələsə də, 2018-ci il göstəricisinə (2,6 milyard) 2026-cı ildən tez çatması real görünmür”, - Samir Əliyev vurğulayıb.
2018-ci il aprelin 20-də Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb.
Sözügedən dövlət qurumu əslində 2001-ci ildə yaranıb. Yeddi il əvvəl isə nazirliyin tabeliyindən çıxıb, müstəqil quruma çevrilib. Turizm siyasətini qurmaq üçün cəmi 2-3 il kifayətdir. Artıq 24 ildir dövlətin turizm sektorunu idarə edən, yönəldən, ona dövlətin qatqısını verən qurum var, amma bu sahədə heç bir irəliləyiş yoxdur. Əslində ölkədə daxili və xarici turizm potensialı kifayət qədər böyükdür. Sadəcə, bunu reallaşdırmaq lazımdır.
Yada salaq ki, martın 4-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə “işində yol verdiyi nöqsanlara görə” şiddətli töhmət elan edilib. Dövlət Turizm Agentliyinin bir sıra vəzifəli şəxslərin istintaqa cəlb olunduğu bildirilir. Yerli saytların məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) martın 4-də DTA Aparatının əməkdaşı Nicat Hüseynovu şübhəli şəxs kimi saxlayıb. Onun barəsində Bakı şəhər Səbayel rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbirinin seçildiyi bildirilir. O, xidməti fəaliyyət zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunur. Elə agentliyin bir sıra vəzifəli şəxslərinin vəzifələrindən uzaqlaşdırıldığı deyilir.
Turizm üzrə ekspert Ceyhun Aşurov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini açıqlayıb: “Xüsusən Rusiya-Ukrayna müharibəsi dövründə quru sərhədlərin qapalı olması Gürcüstan və Ermənistanla müqayisədə Azərbaycana gələn turistlərin birbaşa hərəkətinə təsir edib. Hətta Türkiyəyə belə daha çox Rusiya və Ukrayna vətəndaşları, xüsusən də imkanı olan şəxslər üz tutmuşdular. Əlbəttə ki, bəzi ölkələr bunu fürsət kimi dəyərləndirdilər, çünki bu insanlar özləri ilə müəyyən kapital da gətirmiş olurlar. Azərbaycan isə keçən il hələ 2019-cu il səviyyəsində qonaq qəbul edə bilməyib. Gəlirlərə baxdıqda isə məhz Gürcüstanda qeyd olunan o gəlirlər keçən il, 4,4 milyard dollar olub. Azərbaycanda bu gəlirlər hələ ki azdır. Çünki 2019-cu ildə 2,6 milyard dollar gəlir qazanmışdı, halbuki ondan əvvəlki illərdə daha çox idi. Gəlirin dollar bazasında azalmasının səbəblərindən biri də 2015-2016-cı illərdə baş verən devalvasiyadan sonrakı manatın dollar ekvivalentində ucuzlaşması idi. Amma son dövrlərdə bir sıra ölkələr, xüsusən pandemiyadan sonrakı dövrdə çox liberal addımlar atdılar ki, maksimum şəkildə turist qəbul etsinlər, baxmayaraq ki, dünyada müəyyən məhdudiyyətlər var idi, COVİD-19 ilə bağlı ciddi məhdudiyyətlər var idi, amma bəzi ölkələr bu məhdudiyyətləri daha tez götürməyə, daha da asanlaşdırmağa tələsdilər və bunun sayəsində onlar daha çox turist qəbul etdilər və aydın məsələdir ki, bununla da gəlirlərini artırmağa müvəffəq oldular. Yəni Gürcüstan və Türkiyə bu nöqteyi-nəzərdən artıq pandemiyadan sonra turizm bazarını ən tez bərpa edən ölkələrdən biri olmuşdu. Eyni zamanda dünyada ötən ilin - 2024-cü ilin - göstəricilərinə görə demək olar ki, dünya üzrə turistlərin səyahət sayına görə turizm bazarı tam bərpa olundu, hətta gəlirlər bəzi ölkələrdə 2019-cu ilin gəlirlərini də üstələmişdi”.
Ekspert dedi ki, ümumiyyətlə, turizmlə bağlı müəyyən işlər görülür, sadəcə, hazırda Azərbaycan daha çox infrastrukturun qurulması işlərini həyata keçirir: “Ölkədə hotellərin sayını artırmalıyıq, sahibkarlar təşviq olunmalıdır ki, məsələn, qarşıdan gələn dövrdə turist axınına tam şəkildə hazır olsunlar. Mən inanıram ki, ölkəmiz kifayət qədər öz potensialını reallaşdıracaq. Qarşıdan gələn illərdə, onsuz da müxtəlif irimiqyaslı tədbirlərə ev sahibliyi edən Azərbaycan həm də turistlərin gəlməsi üçün daha çox səbəblər yaradacaq”.
İqtisadçı Xalid Kərimli də mövzu ilə bağlı fikrini bildirib: “Yaranan bu vəziyyət təkcə Turizm Agentliyinin və ya hansısa bir nazirliyin günahı deyil. Ölkəmiz turizm ölkəsi deyil. Ölkənin siyasətində "turist ölkəsi olmaq" məqsədi dayanmayıb. Bunu haradan görmək olar? Birincisi, ölkənin quru sərhədləri artıq dörd-beş ildir bağlıdır. İkincisi, ölkəyə giriş hava yolu ilədir. Hava girişində isə bir çox ölkələrə viza tətbiq edirik. Turist ölkələrində viza az tətbiq olunan bir praktikadır, xüsusən də turizm rəqabəti çoxaldıqca. Əvvəllər tətbiq edənlər getdikcə ləğv edirlər. Məsələn, bir neçə il bundan əvvəl Birləşmiş Ərəb Əmirliklərində turizm vizası tələb olunurdusa da bu viza çox sadə idi - gedəndə yerində 20-30 dollar verirdin və ya sadəcə adını yazırdın, elektron poçt vasitəsilə gəlirdi. Yəni prosedur çox yüngül idi. Amma indi nə baş verir? Nə Türkiyədə, nə də Gürcüstanda, dünyanın əhəmiyyətli ölkələrində viza tətbiqi yoxdur. Turist ölkələrinin çoxunda vəziyyət belədir. İtaliya kimi gözəl təbiətimiz, abidələrimiz yoxdur ki, turisti qapıdan qovacağıq, bacadan girəcək. Yəni İtaliya viza tətbiq edə bilər, İtaliya şəhərə girişdə pul ala bilər, Venesiya şəhərinə girişdə pul ala bilər. Üçüncüsü, ölkəyə gəliş bahadır. Məsələn, Gürcüstana 50 dollara, 70 dollara, 80 dollara, 150 dollara müxtəlif ölkələrdən gəlmək mümkündür. Amma Azərbaycana 340 dollardan aşağı gəlmək mümkün deyil, bu, problemdir. Bu üç əsas məsələ həll olunsa, qonşularımızdan da turist axını olar. Yəni turizmlə bağlı məsələni Turizm Agentliyindən çox hökumətdən tələb etməliyik. Ölkəmizin daxilindəki investisiyalar Gürcüstandan və Ermənistandan dəfələrlə çoxdur. Gözəl infrastruktur, restoran şəbəkələrimiz var, amma onlar bizdən iki dəfə, üç dəfə, beş dəfə daha çox turist cəlb edirlər".