Rusiyanın enerji əsarətindən qurtuluş və miqrant böhranı –
Almaniyada yaşayan azərbaycanlı jurnalist Ramil İbrahimov Rusiya – Ukrayna müharibəsinin Avropa insanının həyatına təsiri, miqrantlar problemi və digər mövzular barədə müşahidələrini, üzləşdiyi halları AYNA ilə bölüşüb. TEREF.AZ onunla söhbəti təqdim edir:

- Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından bu yana Avropa insanının, konkret olaraq yaşadığınız Almaniya vətəndaşının həyatında nə dəyişib?

- Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Almanya vətəndaşlarının həyatında baş verən əsas dəyişikliklərdən biri, əlbəttə, enerji daşıyıcılarının qiymətindəki artım oldu. Amma ötən illə müqayisədə bu il stabilləşmə müşahidə olunur. 2023-cü ilin iyun ayında “Bundesbank”ın (Almanya Mərkəzi Bankı) rəhbəri Joachim Nagelin öz açıqlamasında da inflyasiyada arzuolunan enişin müşahidə olunduğunu, ancaq hər şeyin tam yolunda olduğunu söyləməkdən uzaq olduqların bildirib.

Həmçinin, Alman Mərkəzi Bankının mütəxəssisləri inflyasiyanın aşağı düşməsi, maaşların artırılması və möhkəm əmək bazarının təsiri ilə yaxın gələcəkdə insanların alıcılıq qabiliyyətinin yüksələcəyini və iqtisadiyyatın ən mühüm sütunlarından biri olan istehlakın artacağını proqnozlaşdırırlar. Alman mediasının yazdığına görə, təkcə Almaniyada deyil, ümumiyyətlə, avrozonada vəziyyət müsbətə doğru istiqamətlənib. Ötən il inflyasiya Ukraynadakı müharibə səbəbindən ikirəqəmli həddə çatsa da, bu ildən 6-6,1 faiz təşkil edir.

- Müharibənin əvvəllərində Avropa əhalisi Rusiyaya qarşı daha sərt mövqe sərgiləyir, bəzən hökumətləri radikal qərarlar qəbul etməyə məcbur edirdi. İndi sanki bu aqressiya səngiyib. Yoruldumu "qoca qitə"nin sakinləri, yoxsa hansısa məcburiyyət qapılarınımı döydü?

- Konkret olaraq almanların Rusiya - Ukrayna müharibəsinə olan münasibəti dəyişməyib. Söhbət etdiyim bir çox alman əvvəlki mövqeyində qalır. Bir qism insan Rusiyanı aqressor hesab edir, bəziləri isə Rusiya ilə münasibətlərin daha da pozulmasının tərəfdarı deyil, bunun Almaniyaya ziyan vura biləcəyini düşünür.

- Belə məlumatlar, iddialar var ki, müharibədən dolayı ölkəsindən qaçqın düşmüş ukraynalıların bir hissəsi çətin şərtlər altında qürbətdə gün saysa da, başqa bir qismi kef-damaq içərisindədir: bahalı maşınlarda, bahalı malikanələrdə... və hər yerdə üzlərinə yaşıl işıq. Doğrudurmu bu iddialar?

- Digər ölkələrdə məskunlaşan ukraynalılar haqqında açığı məlumata malik deyiləm. Amma məhz sığınacaq üçün Almaniyaya gələn ukraynalı qaçqınların çətin şəraitdə yaşadıqlarının şahidi olmamışam. Hətta hazırda Almaniyada sığınacaq alan ukraynalılar arasında bəzən Rusiyaya rəğbət bəsləyən insanlara da rast gəlmək olur. Mənim bir ukraynalı tanışım belələrinin əsasən şərqi Ukraynadan gələnlər olduğunu deyir. Niyə sığıncaq üçün Rusiyanı deyil, Almaniyanın seçdiklərinə gəlincə isə, bunun maddiyatla bağlı olduğu bildirir. Burada əldə etdikləri sosial müavinət, normal yaşayış standartı, keyfiyyətli və pulsuz tibbi xidmətin Rusiyada mümkün olmayacağını bilən bu insanların Almaniyanı seçdiyini söyləyir.

- Miqrantlardan söz düşmüşkən, Avropaya, o cümlədən Almaniyaya Afrika və Asiya ölkələrindən qaçqın axını davam edirmi yenə də? Və onlara münasibətdə cəmiyyətlərin və hökumətlərin davranışı necədir?

- 2023-cü ilin aprel ayının statistikasına görə, ötən ilin eyni dövrü ilə müqayisədə sığınacaq üçün müraciət edənlərin sayında 78,4% artım var. Bunlar əsasən Suriya və Əfqanstandan olanlardır. Bundan əlavə, peşə təhsili almaq üçün Veytnam, Orta Asiya ölkələrindən Almaniyaya miqrasiya edənlərin sayında da artım var. Son qrupa aid olanlar arasında azərbaycanlılar da az deyil.

Miqrantlara münasibətə gəldikdə, Almaniyada miqrantlarla bağlı bir sıra yeni qanunlar qəbul edilib. Məsələn, 2017-ci ilin noyabr ayına qədər sığınacaq üçün müraciət etmiş, lakin rədd cavabı almış şəxslərə 18 aylıq müvəqqəti yaşayış icazəsinin verilməsi qərara alındı. Bu sınaq müddəti ərzində həmin şəxslər Almaniyada yaşayış icazəsinin davam etməsi üçün cəmiyyətə inteqrasiya etməli, işləməli, dolanışığını özü təmin etməlidir və s. Bu kimi şərtlər yerinə yetirilməlidir.

İnsanların münasibətinə gəlincə isə, maraqlı bir fakt deyim. Mənimlə söhbət zamanı bir neçə alman öz hökumətlərinin sığınacaq axtaran şəxslərlə bağlı ikili standarta yol verdiyini düşündüyünü deyib. Belə ki, Suriya, İraq müharibələri zamanı sığınacaq axtaran şəxslərin uzun müddət kamplarda saxlanıldığını, həmin insanların bəzən aylar, hətta illər alan bürokratik prosedurdan sonra müraciətinə müsbət cavab aldığını, ukraynadan gələnlərin isə dərhal müvəqqəti yaşayış hüququ əldə etdiklərini və bunun birincilərə qarşı ədalətsizlik olduğunu düşünürlər.

- Nəhayət, son zamanlar Avropada İslamofobiya, müqəddəs "Quran"ın yandırılması mövzusu yenidən aktuallaşıb. Nələr baş verir?

- Avropada İslamofobiya ilə bağlı, müsəlmanların müqəddəs kitabı hesab olunan “Quran”ın yandırılması ilə bağlı xəbərləri mediadan və sosial şəbəkələrdən izləmişəm. Yaşadığım bölgədə bu günə qədər belə hala rast gəlməmişəm. Əksinə, onu deyə bilərəm ki, Ramazan bayramı vaxtı məktəblərdə müsəlman şagirdlərə bayram tətili etmək üçün icazə verilir. Bildiyim qədəri ilə bu ənənə Almaniyadakı bütün məktəblərdə var.

Dünyapress TV

Xəbər lenti