Sülhə gedən yolu bağlayan təxribatlar:
Ermənistan ordusu və Qarabağdakı qanunsuz silahlı dəstələr hərbi təxribatlarını davam etdirməkdədirlər. İyulun 8-i saat 23:40-dan iyulun 9-u saat 06:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd, Aqaraq rayonunun Karçevan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana və Dəmirçidam, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kilit yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib ki, iyulun 8-i saat 22:35-dən 23:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Şuşa və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub. Bölmələrimiz tərəfindən bu istiqamətlərdə cavab tədbirləri görülüb.

“Bundan əlavə, Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopterlər Ordumuzun Naxçıvan Muxtar Respublikası və Laçın rayonu ərazilərində yerləşən mövqeləri, qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter isə Xocavənd rayonu Tağaverd kəndi istiqamətində yerləşən bölmələrimizin mövqeləri üzərində kəşfiyyat xarakterli uçuşlar aparmağa cəhd göstərib. Görülən təxirəsalınmaz tədbirlər nəticəsində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən kvadrokopterlərin fəaliyyətinin qarşısı alınıb”, - deyə nazirliyin məlumatında qeyd edilib.

Bildirilib ki, eyni zamanda, mühəndis texnikasının cəlb olunması ilə müxtəlif istiqamətlərdə təminat yollarının genişləndirilməsi, səngərlərin qazılması, sığınacaqların hazırlanması, eləcə də döyüş mövqelərinə müşahidə kameralarının quraşdırılmasına cəhd edən qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyəti bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində dayandırılıb.

TEREF.AZ-ın məlumatına görə, sülh danışıqlarının intensivləşdiyi zamanda Ermənistanın təxribatlarda məqsədinin zaman qazanmaq olduğunu, sülhdən yayınma siyasətini apardığını deyən hərbi ekspert Elxan Şıxəliyev AYNA-ya bildirib ki, siyasilərin sülh danışıqlarında nəticə olmayanda silahlar işə düşür:

-Siyasi nəticə olmayanda hərbçilər məsələlərə aydınlıq gətirirlər. Siyasilərin görüşlərindən, danışıqlarından sonra Ermənistan təxribatlar törədərək sülh sazişinin imzalanmasında maraqlı olmadığını nümayiş etdirir. Təxribatlarla İrəvan göstərmək istəyir ki, gərginlik var, belə vəziyyətdə sülh sazişinin imzalanması mümkün deyil. Azərbaycanı günahlandırırlar ki, guya Bakı sülhü imzalamamaq üçün gərginliyi artırır. Əslində şərti sərhəddə və Qarabağda təxribatlar törədirlər və Azərbaycanı cavab atəşinə təhrik edirlər. Ermənistan sülh sazişinə gedən yolu bağlamağa çalışır. Bu siyasətləri də hesab edirəm ki, davam edəcək.

- Növbəti Brüssel danışıqlarına bu gərginliyin təsirləri olacaqmı?

- Təbii ki, İrəvanın məqsədi də məhz budur. Hər zaman sülh danışıqları istiqamətində görüşlər öncəsi Ermənistan elə vəziyyət yaradır ki, vasitəçilərə Azərbaycanın guya sülhə hazır olmadığını desinlər. Faktiki olaraq, rəsmi İrəvan zaman uzatmağa, vaxt qazanmağa çalışır. Bu təxribatlarda məqsəd məhz budur. Düşünürəm ki, bu təxribatları bundan sonra da davam etdirəcəklər. Ən azı ilin sonunadək Ermənistanın sülh sazişini imzalayacağını gözləmək sadəlövhlükdür. Diqqət edin, Qarabağla bağlı ermənilər revanşist bəyanatlar verirlər, döyüşəcəklərini deyirlər və s. Separatçı rejimi həm Ermənistanda, həm dəı havadar ölkələrindəki ermənilər tərəfindən cəsarətləndirmə tədbirləri görülür. Yəni ki, bölgədə hərbi gərginliyi artırmağa daha çox meyillidirlər, nəinki sülhə.

- Azərbaycan hansı addımları atmalıdır?

- Azərbaycan təxribatlara sözsüz ki, cavab verməlidir, verir. Bölmələrimizin ermənilərin təxribatına yalnız taktiki cavab verməsi ən doğru olandır. Təbii ki, təxribatların qarşısını almaq üçün Azərbaycan Ordusu adekvat tədbirlər görməyə davam edəcək. Nəzərə almaq lazımdır ki, Ermənistan mütəmadi olaraq atəşkəsi pozmaqla toqquşmanın miqyasını böyütmək istəyir. Atəşkəsin pozulması, böyükmiqyaslı hərbi əməliyyatlar Ermənistan tərəfinə sərf edir. Qarşı tərəf elə bizi məhz buna sürükləmək istəyir. Azərbaycan doğru olan siyasətini davam etdirməlidir, təxribatlara getməməlidir. Yenə deyirəm, adekvat cavab verilməlidir, hansı ki, bu addımlar atılır.
 
 
 

Dünyapress TV

Xəbər lenti