Ardını oxu...
Beynəlxalq ekspertlər bu il Azərbaycan və Ermənistan arasında hərbi ekslasiyanın baş vermə riskini yüksək qiymətləndirir: sülh müqaviləsi ətrafındakı fikir ayrılığı, 44 günlük müharibədən sonra bölgədə yaranmış situasiyanın dəyişdirilməsi cəhdləri bu gözləntiləri artırır;

Mümkün eskalasiyanın hansı ssenarilər üzrə baş verə biləcəyi maraqlıdır.

Birinci ssenari: Ermənistan sərhəd boyunca təxribatlara başlayır;

Paşinyan hakimiyyəti sentyabr döyüşlərindən sonra Azərbaycan ordusunun nəzarətinə keçən ərazilərin yenidən ələ keçirilməsi, yaxud hansısa istiqamətdə müəyyən irəliləyişlə danışıqlar masasında əlini gücləndirmək, xüsusilə bundan sərhədin delimitasiyası prosesində istifadə etmək istəyə bilər. Hərçənd, yeni macərada hərbi baxımdan heç nə qazanmasa belə, eskalasiyanın yaşanması siyasi baxımdan İrəvana sərfəlidir:

– Üçtərəfli razılaşmalar üzrə götürdüyü öhdəliklərdən qaçmaq “bəhanəsi” əldə edir;
– Müharibədən sonra danışıqlar masasında gündəmdə olan məsələləri sıfırlayır, ən pis halda prosesi uzadır, ən yaxşı halda yeni danışıqlar masası qurulur;
– İrəvan KTMT-dən dəstək tələbini aktuallaşdırır, buna paralel olaraq, anti-Rusiya siyasəti üçün əsaslar əldə edir, Rusiya qarşısında bölgəyə Qərb qüvvələrinin gətirilməsi kartından istifadə edir; beləliklə, həm Qərb, həm Rusiya qarşısında qiymətini artırmaq üçün manevrlər etmək imkanı qazanır;

İkinci ssenari: Azərbaycan öhdəliklərini yerinə yetirməyən Ermənistanın təxribatlarına hərbi müstəvidə adekvat cavab verir;

Əsas gözlənti Zəngəzur dəhlizinin açılması istiqamətindədir, hərçənd, Qərbin “dəhliz məntiqinə” qarşı olması fonunda belə bir addımın beynəlxalq müstəvidə yarada biləcəyi reaksiyanı hesablamaq çətin olduğu üçün Bakı İrəvana qarşı fərqli istiqamətlərdə addım ata bilər: bunun Qazaxın 7 kəndi və Kərki kəndi ilə bağlı olması ehtimalı var; Bakı bu kəndlərin sərhədin delimitasiyası prosesinə daxil edilməsinə nail olub, lakin İrəvanın son açıqlamaları məsələnin danışıqlar masasında həlli imkanlarını azaldır;

Azərbaycan-Ermənistan arasında mümkün eskalasiya ilə yanaşı, Bakının erməni qoşunların Qarabağdan çıxarılması öhdəliyinin icrası istiqamətində də praktiki addım ata biləcəyi gözləntisi son günlər daha da artır. Lakin bu istiqamətdə mümkün addımlar artıq Azərbaycanın daxili məsələsidir.

Asif Nərimanlı
 
 

Ardını oxu...
Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bir gün əvvəl Rusiya prezidenti Vladimir Putinə, bu gün isə Ukrayna prezidenti Volodomir Zelenskiyə zəng edib.
Ərdoğan müharibənin dayandırılması üçün var gücüylə çalışır, Putinə də təklif edib ki, birtərəfli qaydada atəşkəs elan etsin. Putin müharibənin ölkəsi üçün yorucu hala gəldiyini anlayaraq Ərdoğanın çağırışına müsbət reaksiya verərək atəşkəsə və Kiyevlə dialoqa meyllidir.
Ancaq Putin eyni zamanda Kiyevin Krımın və Ukraynanın 4 bölgəsinin Rusiyaya “birləşməsi reallığını” qəbul etməsini istəyir.
Belə olan halda nə atəşkəs, nə də dialoq faydalı olacaq. Kiyev işğalı uzadacaq atəşkəsin Ukraynanın ərazi bütövlüyü üçün təhlükə yaradacağından ehtiyat edir.
Çünki uzun atəşkəsdən sonra yenidən Rusiya ilə müharibəyə başlamaq çətin olacaq, atəşkəs dövründə isə Rusiya işğal etdiyi ərazilərdə möhkəmlənəcək. Azərbaycan nümunəsində də gördük ki, 26 illik atəşkəs işğalın uzanmasına şərait yaratdı.
Elxan Şahinoğlu
Teref.az
Ardını oxu...
“Yeraltı Keçidlər üzrə Ticarət Birliyi” MMC-nin rəisi Dövlət Vergi Xidməti ilə necə anlaşıb?

Bakı şəhər Ticarət və Xidmət Departamentinin “Yeraltı Keçidlər üzrə Ticarət Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti vergidən yüzminlərlə manat yayındırır.

Bu barədə AzFakt.com məlumat əldə edib.

Məlumata görə bir il öncə adı çəkilən quruma rəis təyin edilən Elşad Səfərov vəzifəsindən qovulan Seymur Mədətovun yolunu gedir.

Belə ki, yenə də paytaxın yeraltı keçidlərində və “Kiosk Press” adlandırılan köşklərdə satılan siqaret, içki və digər məhsullara ƏDV çeki ödənilmir.

Məlumata görə Elşad Səfərov “Yeraltı Keçidlər üzrə Ticarət Birliyi” MMC-yə rəis təyin ediləndən qısa müddət sonra nəzarət etdiyi köşklərdə qiyməti qaldırmaqla bərabər, həmçinin bəzi malların satışına da “yaşıl işıq” yandırıb.

Hazırda Bakı şəhərində fəaliyyət göstərən köşklər və yeraltı keçidlər qəzet satış məntəqələrindən daha çox mağaza kimi fəaliyyət göstərirlər.

Köşklərdə həmişəki kimi aksiz markası olmayan siqaretlərin satışı barədə sosial şəbəkələrdə məlumatlara tez-tez rast gəlmək olur.

Məlumata görə köşklər və yeraltı keçidlərdə baş verən vergidən yayınma və digər qanunsuzluqlara isə Dövlət Vergi Xidməti müdaxilə etmir. Buna səbəb isə “Yeraltı Keçidlər üzrə Ticarət Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti MMC-nin rəisi Elşad Səfərovun Vergilər Xidmətində yüksək vəzifəli şəxslərlə xüsusi münasibətlərinin olması göstərilir.

Qeyd edək ki, Elşad Səfərov əvvəllər Dövlət Vergi Xidmətində müxtəlif vəzifələrdə çalışıb.

Xatırladaq ki, “Yeraltı Keçidlər üzrə Ticarət Birliyi” MMC-nin əvvəli rəhbəri Seymur Mədətov aksiz markası olamayan siqaret və içkilərin satışı və vergidən yayınmağa görə Vergilər Xidməti tərəfindən 40 min manat cərimələnmişdi. Bu hadisədən sonra Seymur Mədətov vəzifəsindən çıxarılmışdı.

Mövzunu diqqətdə saxlayacağıq.

Məsələ ilə bağlı “Yeraltı Keçidlər üzrə Ticarət Birliyi” MMC mövqe bildirmədi.
 
Ardını oxu...
Dünyada gözlənilən müharibələrlə bağlı proqnozlar verilir. Əlbəttə ki, bu siyahıda Qarabağ da var.

Qarabağda müharibə ehtimalı hər zaman gündəmdə öz yerini qoruyur. Çünki ortada sülh yoxdur, olma ehtimalı da çox aşağıdır. Hətta sülhlə bağlı mesajlar da cəmiyyətlər tərəfindən aqressiv qarşılanır. Fərdi olaraq sülh mesajı verən şəxslər bir anlıq hədəfə çevrilir.

Bütün müharibələrin sonu sülhdür. Ancaq sülh fərdlərin mesajları ilə həll olunacaq bir proses deyil. Ona görə də insanların bu cür aqressiv münasibət bəsləməsi anormal hal deyil.

Sülh prosesini başladan, onu idarə edən dövlətlərdir. Dövlətlər yaxınlaşarsa, ortaya iradə qoyarsa, əlbəttə ki, bu proses başlaya bilər. Ən asan şey müharibə ritorikasıdır. Hər iki tərəfdən kifayət qədər itkilər olub, qan tökülüb. Hər iki tərəfin əhalisinin da son dərəcə ciddi travmaları var. Ona görə də nifrət hissini aşılamaq çox asandır. Ancaq sülh prosesi son dərəcə ağır, çətin və vaxtaparan prosesdir.

Təsəvvür edin, efirlərdə, yazılı və onlayn mediada çıxış edən şəxslər ancaq antiterror əməliyyatlarından danışırlar. Hətta hərbi xidmətə getməyən siyasətçilər belə antiterrordan danışır. Danışmağı bir yana, təcili keçirilməsi ilə bağlı çağırış da edə bilir. Belə olan halda, fərdlərin səsləndirdiyi sülh mesajına kim müsbət reaksiya verə bilər?

Üç müharibə görmüş bir zabitlə söhbət edirdim. Müharibə ehtimallarını müzakirə edirdik. Birdən durub dedi ki, vallah, bezdim, nə qədər müharibə olar? Atam gördü, özüm gördüm, oğlum gördü, bu proses həll olunmasa, nəvəm də görəcək? Sülh qardaş, dost olmaq anlamı daşımır. İki dövlət arasında sülh müqaviləsi bağlansa da, müharibənin qalıqları, bəlkə də, üç nəsil sonra unudula bilər. Ona görə də həssas şəkildə işləmək lazımdır.

Ətraflı

Hətta Qarabağdakı ermənilərin böyük bir hissəsi köçüb getsə də, qalanlar mütləq olacaq. Vətəndaş saydıqlarımızı qazanmaq üçün müxtəlif üsullardan istifadə etmək lazımdır. Birinci növbədə, Azərbaycan tərəfi orada yaşayan vətəndaşlarına və potensial vətəndaşlarına cəlbedici görünməlidir. Məsələ elə bir həddə gəlməlidir ki, Ruben Vardanyan və Arayik Arutyunyanın çağırışları ilə mitinqlərə çıxmasınlar, əksinə, onların əleyhinə qalxa bilsinlər. Bunun üçün təkcə maddi yox, həm də hüquq və azadlıqları barədə ciddi mesajlar vermək və onları inandırmaq lazımdır.

Hazırda Qarabağda vəziyyət gərginliyini qoruyub saxlayır. Məlum Şuşa-Xankəndi yolundakı aksiya da davam edir. Ancaq Şuşa-Xankəndi yolundakı aksiyanın münaqişəyə çevrilməməsi, təxribatların sıfıra endirilməsi üçün lazımı tədbirlər görülüb.

Necə?

Rusiya da, Azərbaycan da, elə erməni tərəfi də bilir ki, orada ən xırda təxribat ciddi fəsadlar verə bilər. Hər kəs bunun fərqindədir. İlk günlər ruslar adekvat daransa da, sonradan qurulan çadırları sökdülər, hərbçiləri də aksiya iştirakçılarından xeyli kənara çəkdilər. Beləcə ilk günlər olan sürtüşmə belə sıfıra endirildi. Təmassızlıq hazırda təxribatın olmaması üçün ən ideal variantlardan biridir. Bundan əlavə, ruslar erməniləri də yaxına buraxmır. Təmassızlıq təxribatı önləsə də, gərginliyi aşağı salmayacaq. Çünki maraqlar təmin olunmur.

Tərəflər nəinki danışıqlar aparır, ümumiyyətlə, sülhlə bağlı düşünmür belə. Ona görə də müharibə ehtimalı artır, artan xətt ilə də davam edəcək.

Ötən il onsuz da hərbi aktivlik kifayət qədər yüksək idi. Sərhəd toqquşmasından sonra tərəflər müharibə ritorikasını bir qədər aşağı salmışdılar. Buna səbəb də itkilər və hər iki tərəfin cəmiyyətinin mənfi reaksiyası idi.

Dünyada hansı proses gedirsə, elə regionda da o prosesin getdiyini görə bilirik. Yəni dünyada ölkələr sürətlə silahlanır, müdafiə xərcələri artır. Bundan başqa, Ukrayna-Rusiya müharibəsi fonunda bir çox bölgədə münaqişə ocaqlarının alovlanma ehtimalını görə bilirik. Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün, demək olar, heç bir təşəbbüs yoxdur. Yəni ölkələrin müharibəyə hazırlaşması fonunda Cənubi Qafqazda sülh ola bilər? Mümkünsüzdür. Ukrayna-Rusiya müharibəsindən sonra ən aktiv, hətta bir neçə dövlətin qoşulma ehtimalı ola biləcək Qarabağ münaqişəsini kim yatmağa qoyar?

Ehtimal edilən, proqnozlaşdırılan müharibədə tərəflər bütün potensialını ortaya qoyacaq. Qarabağ münaqişəsi yenidən müharibəyə çevriləcəyi halda, içinə başqa dövlətləri çəkmə ehtimalı ən yüksək olanlardandır.
 

Ardını oxu...
Xankəndidə separatçıların mitinqində Ruben Vardanyanın Yeni il qabağı çıxışı Qarabağ probleminin sülh yolu ilə həllinə yer qoymur. O, erməniləri yeni qana hazırlaşmağa çağırıb (“Bizi çətin yol gözləyir, onu birlikdə keçəcəyik: tər və qan ilə”). Vardanyan hazırlanmaqda olan qan tökülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Prezident llham Əliyev Vardanyanı Moskvanın adamı adlandırıb, Rusiya Federasiyasının xarici işlər naziri Lavrov isə deyib ki, Vardanyanı Qarabağa onlar göndərməyiblər.


***

“DQR-in dövlət naziri” Ruben Vardanyan kimdir? Bu suala erməni bloger İşxan Verdyan cavab verib.

– Ruben Vardanyanın nə etdiyini başa düşmək üçün onun kim olduğunu bilmək lazımdır. Kremlə yaxın olan bu rusiyalı oliqarx ötən il Ermənistanda olub və öz səfəri zamanı Ermənistan televiziyasına müsahibə verib. Vardanyan müsahibəsində açıq mətnlə deyib ki, Ermənistan öz xoşu ilə Rusiyanın vilayətinə çevrilməlidir, əks halda pis olacaq.

Mən buna xüsusi diqqət yetirmək istəyirəm, bu, çox vacibdir, ona görə də təkrar edirəm – Vardanyan Ermənistana öz istəyilə Rusiyanın tərkib hissəsi olmağı tövsiyə edib, əks halda bu, məcburi şəkildə olacaq. Onun sözlərinə görə, əgər Ermənistan könüllü birləşərsə, Tatarıstan kimi nisbətən uğurlu regiona çevrilmək üçün hər cür şansı olacaq, əks halda ziyanlı bölgə olacaq.

İndi sual olunur – bu adam kimin maraqlarını müdafiə edir? Ermənistanın? Bəyəm Ermənistanın planında Rusiya Tatarıstanına çevrilmək var? Kremlə yaxın rusiyalı oliqarx Ermənistanın Rusiyanın tərkibinə daxil olmasını təşviq edir. Hmm… Kimin maraqlarına xidmət edə bilərdi? Məncə, burada hər şey göz qabağındadır.

Başa düşmək lazımdır ki, Ruben Vardanyan Rusiyanın adamıdır, həmişə belə olub və belə olacaq. Bu barədə çox danışılıb, bunu erməni ekspertlərin özləri də dəfələrlə sübut ediblər və buna ancaq dünyanın ən sadəlövh adamı şübhə edə bilər. Və məhz Vardanyanın Rusiyanın adamı olması onun Qarabağda – Rusiya Federasiyasının bütövlükdə və tamamən nəzarətində olan zonada bir nömrəli adam olmasına kömək edib.

Ruben Vardanyan Rusiyanın adamıdır, Rusiyanın maraqlarını müdafiə etmək üçün Rusiya tərəfindən Qarabağa göndərilib. Və sona qədər mübarizə aparacağını deyəndə Rusiyanın – maraqlarına xidmət etdiyi, onu milyarder edən, vətəni olan ölkənin qələbəsini nəzərdə tutur. Bəli, bəli, Vardanyan öz vətəninin, Rusiyanın vətənpərvəridir və buna görə onu qınamaq çətindir.

Bəs Rusiya üçün qələbə nədən ibarətditr? Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan birbaşa səsləndirib – Ermənistanı Rusiyanın tərkibinə daxil etməkdən. Mahiyyətcə, Ruben Vardanyanın Ermənistan televiziyasında təşviq etdiyi şey.

Sual: Vardanyan Ermənistanı Rusiya Federasiyasına necə daxil etdirə bilər?

Cavab: Ermənistan yalnız öz iradəsilə Rusiyanın tərkibinə daxil ola bilər. Məcburiyyət nəticə verməyəcək, çünki Ermənistanın Rusiya ilə birbaşa quru sərhədi yoxdur və üsyan edən regiona nəzarət etmək sonuncu üçün çox çətin olacaq – cəza qoşunlarını effektiv şəkildə yertimək mümkün olmayacaq.

Əgər Ermənistan güc yolu ilə və xalqın iradəsinə zidd olaraq birləşsə, çox tezliklə xalqın eyni iradəsilə ondan ayrılacaq və Rusiya buna qarşı heç nə edə bilməyəcək. Ona görə də Ermənistan xalqının buna razılıq verməsi lazımdır.

Amma əgər orada antirusiya əhval-ruhiyyəsi günbəgün artırsa və adamlar Rusiyanın tərkibində olmaqdansa, ac-yalavac qalmağa üstünlük verdiklərini açıq şəkildə deyirlərsə, xalqın razılığını necə almaq olar? Cavab məlumdur – elə bir vəziyyət yaratmaq lazımdır ki, xalq özü Rusiyanı köməyə çağırmağa məcbur olsun. Bəs belə vəziyyəti necə yaratmaq olar?

Və bu zaman Ruben Vardanyan meydana çıxır. O, bütün Qarabağı öz ətrafında cəmləşdirib Azərbaycanla sonadək mübarizəyə başlayır. Qarabağ Azərbaycanın qanuni ərazisidir və Azərbaycan onu almaq üçün hər şeyi edəcək. Qarabağda güc tətbiq edə bilməz, çünki bu, dərhal soyqırım kimi qiymətləndiriləcək və problemə beynəlxalq yanaşmalara yenidən baxılması üçün zəmin yaradacaq. O zaman deyəcəklər ki, baxın, ermənilər haqlı idi, Azərbaycan həqiqətən onları məhv etmək istəyir və soyqırımdan qaçmaq üçün ərazi bütövlüyü prinsipi yerini öz müqəddəratını təyinetmə prinsipinə verəcək. Azərbaycan buna razı olmayacaq.

Sual: Sizcə, belə olduğu halda, prezident Əliyev necə hərəkət edəcək?

Cavab: Yuxarıda deyilənlər o demək deyil ki, Azərbaycan Ermənistana qarşı güc tətbiq etməyəcək. Vardanyan nə qədər təəssüflə sızıldayacaqsa, Ermənistanda Qarabağın Azərbaycana verilməsinə, onun ərazi bütövlüyünün tanınmasına bir o qədər sərt şəkildə qarşı çıxacaqlar. Əgər bu işdə Azərbaycanın adı keçərsə, Ermənistanda ancaq və ancaq bu ölkəni ittiham edəcəklər, “əgər Əliyev qarabağlılara qarşı soyqırım törətmək istəyirsə, Vardanyanın kimə işlədiyinin nə fərqi var?” kimi mühüm detallara varmayacaqlar. Problemə bu cür yanaşma Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasına, yəni sonuncunun ərazi bütövlüyünü tanımasına mane olacaq.

Bəs belə olan halda, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımasa onda necə olsun? Nədənsə bu detal bizdən qaçır, amma öz əhəmiyyətini itirmir. Əgər Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanımasa, deməli, onlar sərhədi tanımırlar. Deməli, onların arasında sərhəd yoxdur! Əgər sərhəd yoxdursa, hansı dağın, hansı vadinin kimə aid olduğunu necə bilmək olar?

Ruben Vardanyan süni şəkildə elə bir atmosfer yaradır ki, Ermənistan Azərbaycan ərazilərini tanımaqdan imtina etsin. Buna cavab olaraq Azərbaycan Ermənistanın ərazilərini tanımaqdan imtina edəcək, nəticə olaraq – sərhəd yoxdur, nəticə olaraq – Azərbaycan Ermənistana qarşı ərazi iddiaları irəli sürəcək və ola bilsin ki, güc tətbiq edəcək. Aylıq rejimdə sərhəddə vəziyyət gərginləşəcək, adamlar öləcək, ritorika daha da qəzəbli olacaq.

Bu, daimi xarakter daşıyacaq və bir gün Ermənistan sakinləri buna dözməyəcəklər, deyəcəklər ki, bəsdir, biz artıq övladlarımızı itirmək istəmirik, gücümüz çatmır, Rusiya, gəl, məsələni yoluna qoy! Və Ermənistan xalqı Rusiyanı özü çağıracaq, öz istəyilə. Lazım olan da bu idi.

Məhz bu, Ruben Vardanyanın can atdığı qalibiyyətli son olacaq. Hər gün raport verərkən “qələbəli sonluğa qədər dayanacağıq” dediyində məhz bunu nəzərdə tutur. Onun raportu ilk baxışda göründüyü kimi, ermənilərə ünvanlanmayıb. Moskvaya – xidmət etdiyi və onu oraya göndərən adamlara ünvanlanıb. O, həqiqətən onların başladığı işi bitirmək istəyir.
 //PRESSKLUB.AZ//
 
Ardını oxu...
İran İslam İnqilabı Keşikçiləri Korpusunun general-mayoru Qasım Süleymani (1957-2020) yanvarın 3-də ABŞ prezidenti Donald Trampın əmri ilə Bağdad Hava Limanının yaxınlığında Amerika dronunun raket zərbələri nəticəsində qətlə yetirildi. Qasım Süleymani ilə yanaşı daha doqquz nəfər, o cümlədən İraqdakı "Həşdi Şabi" şiə qruplaşmasının lideri Əbu Mehdi əl-Mühəndisi də həlak oldu.
Pentaqonun məlumatında deyilir ki, Süleymani İraqdakı Amerika diplomatlarına və hərbçilərinə qarşı hücumlar hazırlayırdı, ümumiyyətlə o, bütün Yaxın Şərq regionunda Birləşmiş Ştatların maraqlarını hədəf alan hücumlara rəhbərlik edib.
2018-ci ildə rəsmi Vaşinqton İnqilab Keşikçiləri Korpusunu terrorçu təşkilat kimi tanımışdı.
1989-cu ildə Tehran şəhərində İran İslam Respublikasının qurucusu Ruhullah Xomeyninin cənazə mərasimdən sonra İrandakı ən böyük kütləvi dəfn mərasimi Qasım Süleymaninin adı ilə bağlıdır. Kirmandaki dəfn mərasimində izdiham o qədər sıx idi ki, ən azı 56 nəfər həlak oldu və 200-dən çox adam yaralandı...
BMT bəyan etdi ki, ABŞ generalın qətli ilə beynəlxalq qanunların pozub.
İran Qasım Süleymaninin öldürülməsinin qisasını necə alacaq, sualı o vaxt havada fırlanırdı.
Nə ABŞ beynəlxalq hüququ vecinə aldı, nə də İran Qasım Süleymaninin intiqamı üçün konkret bir addım atdı.
Dünya belədir, kim güclüdürsə o haqlıdır.
Bir şeyi də deyim. O vaxt bir xeyli dindar Qasım Süleymanini göylərə qaldırmışdı, onu şəhid elan etmişdilər. Hətta onu türk kimi təqdim edənlər də vardı. Halbuki o, erməni terrorçusu, ASALA-nın əsas fiquru olan Monte Melkonyanla iş birliyində olub və I Qarabağ Müharibəsində Azərbaycanın bəzi rayonlarının işğalında ermənilərə kömək edib.
Ümid edirəm ki, İranın ermənilər üçün çıxardığı bu qədər oyunlardan sonra bu kimi nağıllara inanaların sayı kəskin şəkildə azalıb...
Elbəyi Həsənli
Teref.az
 
Ardını oxu...
Ermənistan Laçın yolunda keçirilən aksiyaya qarşı “humanitar fəlakət” iddiası ilə BMT-ni prosesə cəlb etmək cəhdinə davam edəcək, xüsusilə “faktaraşdırıcı missiya”nın cəlb edilməsi məsələsini aktual saxlamağa çalışa bilərlər, çünki buna nail olmaq imkanı “beynəlxalq sülhməramlılar” istəyi ilə müqayisədə az da ola mümkün görünür.
Bakı bu həmləyə qarşı BMT “faktaraşdırıcı missiyasını” Laçın yoluna özü dəvət edə bilər.
Birincisi: missiyanın göndərilməsi BMT TŞ-nin bütün üzvlərinin razılığı ilə mümkündür və Rusiyanın buna veto qoyacağı məlumdur, lakin bunu Bakının istəməsi Ermənistanın manevr imkanını azalda bilər;
İkincisi: Bakının bu təklifi yolun bağlanmadığı, humanitar keçid üçün bütün şəraitin yaradıldığı arqumentini gücləndirə, ermənilərin “humanitar fəlakət” iddialarının önünə keçə bilər;
Asif Nərimanlı
Teref.az
 
Ardını oxu...
İl ərzində Fransa prezidenti Emmanuel Makron, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns və Böyük Britaniyanın Mİ6 kəşfiyyat xidmətinin başçısı Riçard Mur İrəvana gedib bu ölkənin baş naziri Nikol Paşinyanla qapalı müzakirələr apardılar.
Bu səfərləri birləşdirən əsas amil – Ermənistan hakimiyyətini Rusiyadan uzaqlaşmağa inandırmaq idi. Paşinyan və onun hökumət üzvləri Rusiyadan narazıdırlar, düşünürlər ki, Azərbaycan Kremlin susqunluğundan istifadə edərək bölgədə mövqelərini gücləndirir.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın səs-küy yaradan “Rusiya bizə təzyiq edir” açıqlaması il ərzində Qərb ölkələrindən İrəvana edilən səfərlərin və müzakirələrin məntiqi nəticəsidir.
Paşinyanın Rusiyadan tamamən imtina etməsi üçün Qərbin Ermənistana təhlükəsizlik təminatı verməsi gərəkdir.
Pelosi, Börns, Makron və Mur Paşinyana müxtəlif vədlər verə bilərdilər, ancaq Ermənistanı və Qarabağ separatçılarını Azərbaycandan qoruya biləcək imkanları və istəkləri yoxdur.
Elxan Şahinoğlu
Teref.az
Ardını oxu...
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin İctimai Televiziyasına verdiyi müsahibədə Kremlin İrəvana təzyiqini iki tələblə izah edib: “Rusiya bizdən Azərbaycana dəhliz verməyi və Rusiya-Belarus ittifaqına qoşulmağı tələb edib”.
Armen Qriqoryanın sözlərinə görə, bu gün Laçın yolunda baş verənlər guya İrəvanın Kremlin iki tələbini yerinə yetirməməsiylə bağlıdır. Qriqoryan sentyabr ayında Azərbaycanla Ermənistan təmas xəttindəki döyüşləri də Kremlin tələblərinin yerinə yetirilməməsiylə izah edib. Armen Qriqoryanın müsahibədəki sonuncu cümləsi də Kremlə atmacadır:
“Ermənistan demokratiyası və demokratik sistemimiz Kremlin ittifaq təklifinə müqavimət göstərdiyinə görə hərbi təzyiqlə üzləşib”. Qriqoryan bu cümləsi ilə demək istəyib ki,
1) Ermənistan demokratik, Rusiya avtoritar dövlət olduğuna görə ittifaqa qoşulmayacaqlar;
2) İrəvan Moskvanın şərtini qəbul etmədiyinə görə Azərbaycan Ermənistana təzyiqi artırıb.
Armen Qriqoryanın bu müsahibəsi Kremlin narahatlığına səbəb olacaq. Özü də müsahibə baş nazir Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə görüşünə təsadüf edib. Bir neçə gün əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Moskvada üçtərəfli görüşdən imtina etməsi də Kremlin narazılığına səbəb olmuşdu.
Əslində Armen Qriqoryanın Rusiyanın təzyiqlərini ictimaiyyətə bildirməsi İrəvanla Kreml arasındakı münasibətlərdə çatı daha da dərinləşdirəcək. Digər tərəfdən bu müsahibə Ermənistan hakimiyyətinin çarəsizliyini göstərir. Ermənistan Rusiyadan asılı dövlətdir. Buna baxmayaraq, İrəvan Kremlin tələblərini yerinə yetirmir.
İrəvan öz növbəsində Rusiyadan imtina da edə bilmir, çünki Ermənistan Azərbaycan və Türkiyə ilə üz-üzə qalmaqdan qorxur. Bu amillər Azərbaycana öz şərtlərini diqtə etmək üçün geniş manevr imkanları yaradır.
Elxan Şahinoğlu
Teref.az
 
 
 
Ardını oxu...
“Proletarski” ya tələyə düşmüşdü, ya da Moskvaya qayıtmaqdan qorxurdu...
1954-cü ilin aprelində böyük rezonans doğuran hadisə baş verdi. Avstraliyadakı sovet səfirliyinin xırda vəzifəli əməkdaşı, əslində isə Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) polkovniki olan Vladimir Petrov bu ölkədən siyasi sığınacaq istədi. Zabitin arvadı Yevdokiya da Avstraliyada idi. KQB əməkdaşları onun ölkədən çıxarmaq istəyərkən yerli polisin müqaviməti ilə üzləşdi.

Bu hadisə Avstraliya və SSRİ arasında diplomatik münasibətlərin pozulmasına səbəb oldu.


***

Vladimir Petrov 1907-ci ildə Tobolsk quberniyasında dünyaya gəlib. Amma anadan olanda adı belə deyildi, Afanasi Şoroxov idi. 1929-cu ildə soyadını inqilabi şəklə salaraq Proletarski edib. Adını da Vladimirə dəyişib. Mənbələr bunun səbəbi barədə bir şey yazmırlar. Yəqin, Leninlə adaş olmaq istəyib.

O, hələ Şoroxov olarkən komsomola, sonra da kommunist partiyasına üzv olub. Əmək fəaliyyətinə Tümen vilayətini Vikulovo kəndində kitabxana müdiri kimi başlayıb. Eyni zamanda, savadsızlığın ləğvi ilə məşğul olub. 1929-cu ildə artıq Poletarski soyadı ilə Baltik donanmasında şifrləyici işləyir.

Şoroxov-Proletarski 1933-cü ildə kəşfiyyat orqanlarının diqqətini çəkir, OQPU-nun (Dövlət Birləşmiş Siyasi İdarəsi) Xarici şöbəsinə cəlb olunur. Məhz burada Yevdokiya ilə tanış olur və az sonra onunla evlənir. İlk xarici səfərinə 1938-ci ildə yollanır. Bir il Çində şifr bölümünə rəhbərlik edir. Qayıdandan sonra Qırmızı Ulduz ordeninə layiq görülməsi işinin öhdəsindən yaxşı gəldiyini sübut edir.

İkinci ezamiyyəti isə artıq müharibə illərinə təsadüf edir. 1942-ci ildə arvadı ilə birlikdə bitərəf İsveçə göndərilir və bu zaman soyadı Petrova çevrilir. O zaman bütün bitərəf ölkələr kimi, İsveç də döyüşən ölkələrin kəşfiyyatının xüsusi fəallıq göstərdiyi yer idi.

Müharibədən sonra bir müddət Moskvada işləyən Petrovun hərbi rütbəsi polkovnikə qədər yüksəlir. İddialara görə, o, Beriyanın sevimli kadrlarından idi və sürətli yüksəlişi də bununla bağlıdır. 1951-ci ildə Petrovlar Avstraliyaya göndərilirlər. Vladimir burada formal olaraq üçüncü katib və mədəniyyət attaşesi vəzifəsini tutur. Əsl vəzifəsi isə sovet kəşfiyyatının rezidenti idi. Yevdokiya da şifrləyici olur.

***

Vladimir Petrovun Avstraliyaya tərəf keçməsinin motivləri barədə müxtəlif versiyalar mövcuddur. Əsas versiyalardan biri bundan ibarətdir ki, Stalinin ölümündən az sonra Lavrenti Beriya həbs olundu və güllələndi. Onun ardınca sovet kəşfiyyatında önəmi vəzifələr tutan bir çox zabitlər repressiyaya məruz qaldılar. Petrov da eyni aqibətlə üzləşəcəyindən qorxduğu üçün əks tərəfə keçdi.

Başqa bir əsas versiyaya görə isə polkovnik Avstraliyanın xüsusi xidmət orqanının (ASİO) içki və qadın məclisləri vasitəsilə qurduğu tələyə düşüb və əməkdaşlığa cəlb olunub. SSRİ-də baş verən proseslər onun qərarına əlavə təsir edib və Avstraliya əks-kəşfiyyatına müraciət edərək, bildiyi sirləri bölüşmək müqabilində siyasi sığınacaq istəyib.

Əsl səbəb nə olursa olsun, Vladimir Petrov 1954-cü il aprelin 3-də Avstraliyadan siyasi sığınacaq istədi və aldı. Maraqlıdır ki, o bunu arvadı olmadan etdi. Yevdokiyaya deməkdən çəkinmişdimi, yoxsa elə tək qaçmaq istəyirdi, hər halda, sığınacaq üçün müraciət edən gün arvadı başqa şəhərdə idi. Hadisənin əsas rezonansı da elə bundan doğdu.

Petrovun qaçışından 16 gün sonra, aprelin 19-da diplomatik kuryer rolunda çıxış edən, əslində isə sovet xüsusi xidmət orqanlarının əməkdaşı olan iki nəfər jurnalistlərin gözü qarşısında Yevdokiya Petrovanın qolundan tutaraq Kanberra hava limanında zorla təyyarəyə mindirdilər. Avstraliya orqanları buna əvvəlcə mane olmadılar. Amma ayaqlarında ayaqqabı belə olmayan ağlayan qadının şəkli geniş əks-səda doğurdu. İctimaiyyət hərəkətsizliyinə görə hökuməti qınadı.

Ardını oxu...

Yevdokiyanın bəxtindən o zaman təyyarələrin fasiləsiz uçuş məsafələri çox deyildi. Ölkəni tərk etmək istəyən təyyarələr çox vaxt şimalda enərək, yenidən yanacaq doldururdular. Petrovanı aparan təyyarə də Darvin şəhərində yerə endi. Bu zaman polislər içəri daxil oldular və təyyarəyə qanunsuz silah keçirmək bəhanəsi ilə kuryerləri tərki-silah etdilər. Daha sonra isə Yevdokiyadan Avstraliyada qalmaq istəyib-istəməməsini soruşdular. Qadın əri ilə telefon danışığından sonra qalmaq qərarı verdi.

Siyasi sığınacaq alan Petrovlar Melburn yaxınlığında mühafizə altında yaşamağa başladılar. Təhlükəsizlik məqsədilə Petrov dördüncü dəfə ad-soyadını dəyişdirdi, bu dəfə Sven Ellison oldu. 1956-cı ildə onlara Avstraliya vətəndaşlığı verildi.

Baş verən hadisə Moskvada kəskin etiraz doğurdu. Hadisələr hətta iki ölkə arasında diplomatik münasibətlərin 5 il müddətində kəsilməsinə səbəb oldu. Sovetlər hətta Petrovun oğurlanaraq SSRİ-yə aparılmasını və üzərində “ibrəti-aləm” məhkəmə qurulmasını planlaşdırırdılar. Amma naməlum səbəblərdən buna cəhd edilmədi.

***

Vladimir Petrov əks tərəfə keçərkən özü ilə xeyli məxfi sənədlər götürmüşdü. Bundan əlavə, Yevdokiya sovet kəşfiyyatının şifr və kodları barədə qiymətli məlumata malik idi. Ər və arvad bir il ərzində Avstraliya və Britaniya kəşfiyyatçıları tərəfindən dindirildilər. Onların informasiyası əsasında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 600-ə qədər sovet casusu aşkar edildi.

Vladimir Petrov məşhur “Kembric beşliyi”ndən iki nəfərin – Qay Börcess və Donald Makleynin taleyinə aydınlıq gətirdi. Britaniya XİN əməkdaşı olan Börcess və Makleyn ifşa qorxusu səbəbindən hələ 1951-ci ildə SSRİ-yə qaçmışdılar. Bu, Londonda ehtimal edilsə də, dəqiq bilinmirdi. İndi Petrov onların hər ikisinin sağ-salamat Moskvada olduğunu deyirdi.

1956-cı ildə Petrovların xatirələri əsasında ASİO əməkdaşı Maykl Tveytos “Qorxu imperiyası” adlı kitab yazdı. 1970-ci illərin əvvəllərində bir neçə insult keçirən Vladimir Petrov ömrünün son 17 ilində məhdud hərəkət qabiliyyətli idi. O, 1991-ci ildə, SSRİ-nin süqutu ilində vəfat etdi. Yevdokiya Petrova isə ərindən sonra daha 11 il yaşadı.
Yadigar Sadıqlı
pressklub
 
 
 

Dünyapress TV

Xəbər lenti