Ardını oxu...
Qazaxıstan parlamentinin deputatı Azamat Əbildayev yanvarın 18-də verdiyi müsahibədə Rusiya prezidenti Vladimir Putini dəstəklədiyini, o cümlədən Ukraynanı “nasistlərin” idarə etdiyini və dinc əhali arasında itkilərin qarşısını almağın mümkün olmadığını söyləyib. O bu sözlərinə görə həm mandatından, həm də “Ak Yol” Demokrat Partiyasındakı üzvlüyündən məhrum edilib. Bu qərar Qazaxıstan Mərkəzi Seçki Komissiyasının saytında dərc olunub.
Doğru qərardır. Bunun söz azadlığı və ya demokratiya ilə yaxından uzaqdan əlaqəsi yoxdur. İşğalı və işğalçıları dəstəkləyən siyasətçilərin aqibəti belə olmalıdır. Qazaxıstan Rusiyanın strateji tərəfdaşı sayılır. Buna baxmayaraq, Qazaxıstanda belə Putini və Rusiyanın Ukrayna ərazisinin işğalını dəstəkləmək olmaz. Eyni qadağa digər ölkələrdə də tətbiq olunmalıdır. Təəssüf ki, Putin və Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dəstəkləyənlər ətrafımızda da var. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dəstəkləməyin Ermənistanın Azərbaycan torpaqlarının işğalını dəstəkləməkdən heç bir fərqi yoxdur, ancaq ətrafımızda bunu anlamayanlar var. Qazaxıstan bunu anlamayanlardan birinin dərsini yaxşı verib.

Elxan Şahinoğlu - DİA.AZ
Ardını oxu...
Bu il yanvarın 16-dan 20-dək İsveçrənin Davos şəhərində “Parçalanmış dünya şəraitində əməkdaşlıq” devizi altında ənənəvi Davos İqtisadi Forumunun 53-cü toplantısı keçirilir. Ümumilikdə 130 ölkəni əhatə edən 2700-dən çox dövlət, özəl və vətəndaş cəmiyyəti liderlərinin, 52 dövlət və hökumət başçılarının iştirak etdiyi bu Forumda bütün bəşəriyyəti narahat edən iqlim dəyişiklikləri, inflyasiya və aşağı inkişaf səviyyəsi kimi qlobal iqtisadi çağırışlar, yüksək borclanma və ərzaq qıtlığı probleminə qarşı mübarizə əsas müzakirə mövzularıdır.
Qeyd edilməlidir ki, Davos İqtisadi Forumu çərçivəsində keçirilən görüşlər zamanı ildən-ilə Azərbaycana olan inam daha da artır. Bizim haqq sözümüz daha rahat qəbul edilir. Bu Forum ərzində bir çox ənənəvi sazişlərə imza atılır, böyük layihələrin yol xəritəsi, təməli qoyulur. Bununla da ənənəvi Formada nüfuzlu xarici şirkətlərin ölkəmizə yatırdıqları investisiyaların sayı artır. Bu isə ölkəmizə olan inamın artması, siyasi və iqtisadi qüdrətimizin güclənməsi üçün çox vacibdir.
Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumu zamanı ən nüfuzlu liderləri, aparıcı şirkətlərin rəhbərləri ilə görüşür, dünyanın aparıcı informasiya vasitələrinə müsahibələr verir. Artıq bir neçə görüş keçirilib. Belə ki, ölkəmizin başçısının “Signify”, “Kromatix SA”, “The Goldman Sachs Group Inc.”, “CISCO”, “Damen Shipyards Group”, “Carlsberg Group” və digər şirkətlərin rəhbərləri ilə görüşləri bu baxımdan xüsusi önəmə malikdir. Bu şirkətlərin əksəriyyəti uzun illərdir ki, Azərbaycana investisiyalar qoyur, ölkəmizdə fəaliyyət göstərərək iqtisadi inkişafa töhfə verir. Bu şirkətlərin iqtisadi gücü hətta bir neçə ölkənin ümumi daxili məhsulundan artıqdır. Ona görə də bu Forum həm bizim üçün, həm də digər dövlətlər üçün yaranmış problemlərdən çıxış yollarının tapılması, bu yolda birlikdə addımların atılması baxımından önəmlidir.
Eyni zamanda ölkə başçısı Çinin CGTN (China Global Television Network) televiziya kanalına geniş məzmunlu müsahibə verib. Bildirilib ki, Çin və Azərbaycan yaxşı dostlardır, ölkələr arasında etibarlı münasibətlər vardır. Hər iki ölkənin dövlət başçıları arasında müntəzəm görüşlər təşkil olunur. Ölkələrimiz arasında qarşılıqlı hörmət və etibarın göstəricidir ki, Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında Pekində “Bir kəmər, bir yol” Sammiti çərçivəsində keçirilən toplantıda Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırıb.
Bu gün Azərbaycan və Çin arasında iqtisadi və digər sahələrdə əməkdaşlıq əlaqələri durmadan artır. Əlaqələrimizin gözəl perspektivləri mövcuddur. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərirlər. Azərbaycan Şinlə həm də enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edir.
Azərbaycanın tranzit ölkə kimi imkanlarına gəldikdə bildirilib ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır. Bu gün Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsi icra olunur. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcəklər.
Bu gün Beynəlxalq investorlar Azərbaycana daha çox sərmayə yatırmağa can atır. Şübhəsiz ki, bütün bunlar Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində mümkün olub. Dövlət başçımızın Davosda keçirdiyi görüşlər Azərbaycan iqtisadiyyatının gələcək inkişafı, şaxələndirilməsi üçün mühim rol oynayır. Azərbaycan uzun illərdir ki, bu platformadan məharətlə istifadə edərək çox böyük iqtisadi dividentlər əldə edir, öz imkanlarını dünyaya tanıdır. son təmaslar xarici ticari əlaqələrimizi genişləndirəcək, ölkəmizə yeni investisiyalar gətirəcəkdir.

Tufan Məmmədov – iqtisadçı ekspert
Teref.az
Ardını oxu...
Avropa Parlamentində bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan əleyhinə sənəd qəbul olunub. Erməni separatçılarının mövqeyini müdafiə edən həmin sənəddə Azərbaycandan Laçın yolunu açmaq tələb olunub. Sənəddə Rusiya hərbi kontingentinin bölgədəki fəaliyyəti tənqid olunaraq onun ATƏT-in sülhməramlı qüvvələrlə əvəz edilməsi gərəkliyi bildirilib. Məgər ATƏT-in sülhməramlı qüvvələri mövcuddur? Sənəddə başqa ziddiyyət də var, Azərbaycan Ermənistanın Qarabağdakı ermənilərlə “nəqliyyat, energetika və kommunikasiya əlaqələrini pozmamağa” çağırılıb.
Bu Avropanın özünün qəbul etdiyi prinsiplərə ziddir. Çünki Avropa Parlamentinin haqqında danışdığı kommunikasiya xətləri Azərbaycanın ərazi bütövlüyü və qanunları pozularaq çəkilib. Bu kommunikasiya xətləri Azərbaycan qanunlarına uyğunlaşdırılmalıdır. Bu ona bənzəyər ki, Fransanın hansısa əyaləti Parisin icazəsi olmadan Almaniyadan qaz və elektrik nəql edir.

Maraqlıdır ki, Avropa Parlamenti öz qərarlarına hörmət etmir. Avropa Parlamenti təxminən 4 il əvvəl, 2018-ci ilin dekabr ayında “Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasəti barədə” qətnamə qəbul edib. Sənəddə tərəfdaş ölkələrin ərazisində dondurulmuş münaqişələrin, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq nizamlanmasının zəruriliyi vurğulanıb. Bundan başqa, qətnamə münaqişə nəticəsində doğma yurdlarından didərgin düşmüş şəxslərə dəstəyi gücləndirməyə, tərəfdaş ölkələrin ərazisində vəziyyətin destabilizasiyası məqsədilə üçüncü tərəflərin müdaxilə cəhdlərinin qarşısını almağa çağırıb. Yəni həmin qətnamə faktiki Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyib. Yeni sənədin heç bir bəndində isə yazılmayıb ki, Qarabağda yaşayan ermənilər Azərbaycan qanunlarına tabe olmalı və Azərbaycanın ərazi bütövlüyü əleyhinə təxribatlara yol verməməlidirlər.

Diplomatlarımız Avropa Parlamentinin iki qətnaməsi arasındakı ziddiyyəti avropalı deputatların diqqətinə çatdırmalıdırlar. Birində münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli vacibliyi vurğulanıb, digərində separatizmə dəstək ifadə olunub. Qoy izah etsinlər ki, eyni qurum bir-birinə zidd iki sənədi necə qəbul edə bilər? Avropa Parlamenti bir neçə il əvvəl müstəqil olmaq istəyən katalonlara yox dedi, İspaniyanın ərazi bütövlüyünü dəstəklədi, tərəfdaşları Ukraynanın, Gürcüstanın və Moldovanın da ərazi bütövlüyünü dəstəkləyir, Azərbaycana gəldikdə isə sanksiya qəbul etdikləri Rusiyaya bağlı olan erməni separatçılarına dəstək verirlər. Diplomatlarımız Avropa Parlamentində Azərbaycan əleyhinə sənəd qəbul edənlərdən bunun izahını tələb etməlidirlər.

“Atlas” Araşdırmalar Mərkəzi
 
 

Ardını oxu...
“Financial Times” dərgisində yayımlanan məqaləyə görə, Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı işğalçı müharibə barədə vaxtilə dostu Çin lideri Si Tsinpinin əvvəlcədən məlumatlandırmayıb. Dərgiyə bu haqda məlumatı Pekindəki rəsmi mənbələr veriblər. Rusiya və Çin liderləri müharibədən 20 gün əvvəl 2022-ci ilin fevralın 4-də bir araya gəliblər. Bundan sonra Moskvadan Pekinə mesajlar göndərilib ki, Ukrayna hakimiyyətini cəzalandırmaq istəyirlər. Pekində düşünüblər ki, Rusiya müharibəyə başlayarsa bu qısamüddətli və məhdud miqyaslı qarşıdurma olacaq. Dərginin yazdığına görə, Pekin ilkin ehtimalının yanlış olduğunu anlayıb.
Pekin işğalçı müharibə dövründə Moskva ilə ittifaqı daha da gücləndirib, iki dövlət arasında ticarət mübadiləsi əvvəlki illərlə müqayisədə artıb. Bu o deməkdirmi ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi Pekinə mane olmur? Pekin ərazi bütövlüyü məsələsinə həssas yanaşmalıdır. Çünki özünün də oxşar problemləri var. Digər tərəfdən Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəi davam etdirməsi Pekinin Qərlə münasibətlərinin normallaşmasına əngəldir.
Müharibənin uzanması Pekinə Avropa ölkələri ilə münasibətlərdə əlavə problemlər yaradıb. Pekinin Kremli dəstəkləməsi Qərb ölkələrində neqativ qarşılanıb və bu amil Çinin bu ölkələrlə iqtisadi münasibətlərinə və yeni layihələrin reallaşmasına maneə yaradır. Pekin Kremlin siyasətinin qurbanı olmaq istəmir. “Financial Times” dərgisində yayımlanan məqalədə bir qrup çinli rəsminin Rusiya prezidenti Vladimir Putinin siyasətindən narazı qaldığı göstərilib. Misal üçün Çinin xarici işlər naziri vəzifəsinə bu ölkənin ABŞ-dakı səfiri təyin olunub. Halbuki, nazir vəzifəsinə Rusiya ilə əlaqələrə cavabdeh olan bir başqa diplomatın təyinatı gözlənilirdi. Nazir vəzifəsinə elə bir diplomat təyin edilib ki, o Qərblə münasibətləri yenidən normmalşdırmağa çalışmalıdır.
Pekin iki istiqamətdə xarici siyasət fəaliyyətini genişləndirməlidir. Birinci istiqamət Vaşinqtonla münasibətlərin normallaşdırılmasıdır. Bu çətin vəzifədir. Çünki iki ölkə arasındakı münasibətlər yalnız Çin-Rusiya ittifaqına görə mürəkkəbləşməyib. Çinin Tayvan adasıyla bağlı siyasəti Vaşinqtonun narazılığına səbəb olub. Ona görə də münasibətlərin normallaşması üçün Pekin ilk növbədə Tayvan siyasətinə yenidən baxmalıdır. İkinci istiqamət Avropadır. Pekin Avropa dövlətləri ilə ortaq iqtisadi layihələr reallaşdırmaq istəyir. Pekindən Brüsselə belə bir messj göndərilib ki, Çin hakimiyyəti Rusiya-Ukrayna müharibəsinin əleyhinədir. Ancaq bu azdır. Brüsselin Pekindən əsas istəyi Çin hakimiyyətinin Kremlin siyasətinə təsis etməsidir. Bu baş verməyincə, Pekinin Brüssellə münasibətlərini normallaşdırmaq çətin olacaq.
“Atlas” Araşdırmalar Mərkəzi
 
Ardını oxu...
Bir neçə ildir ki, ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar artıq həyatın bütün sahələrində özünü açıq şəkildə büruzə verir.İslahatlar ölkəmizi yeni inkişaf mərhələsinə çıxarıb, Azərbaycanın dünya birliyindəki mövqeyini daha da möhkəmləndirib. İndiyədək həyata keçirilən islahatlar nəticəsində bütün sahələrdə qazanılan uğurlar özünü açıq şəkildə büruzə verir. Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Belə bir vaxtda “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsi təqdirdə layiq addımdır.
“Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul olunub və bunun üzərindən 30 il keçir. Bu qanun müasir dövlətimizin, cəmiyyətimizin inkişafına adekvat olmadığından siyasi partiyaların fəaliyyətinin daha yüksək səviyyədə qurulmasında, genişlənməsində ciddi maneələr yaradırdı.
Yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etmişdilər: “Məhz bundan sonra Venesiya Komissiyasının rəy və qərarları, 24 ölkənin təcrübəsi, 47 siyasi partiyanın 250-dən çox, deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif əsasında hazırlanmış “Siyasi partiyalar haqqında” Qanun layihəsi rəy və təkliflərin bildirilməsi üçün Mili Məclisin saytında yerləşdirildi, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən ictimai rəy sorğusu keçirildi, sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq Qanun layihəsi ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə iki ictimai dinləmə təşkil edildi. Qanun layihəsinə məhz həmin dinləmələrdən sonra 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra isə 40-dək əlavə və dəyişikliklər edildi. O da qeyd edilməlidir ki, Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si Qanun layihəsində nəzərə alınıb. Yəni, görünən odur ki, böyük ictimai-siyasi əhəmiyyət kəsb edən “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu prosesi tamamilə demokratik mühitdə keçib. Qanun yaradıcılığı prosesində yalnız deputatlar deyil, siyasi partiyaların nümayəndələrinin, ictimaiyyətçilərin də iştirakı da onu göstərir ki, “Siyasi partiyalar haqqında” yeni Qanun siyasi və sosial-ictimai zərurət olaraq ərsəyə gəlib”.
Aysel Mənsimova - politoloq
Teref.az
Ardını oxu...
Zakir Həsənovun “Hazır ol” əmri ordunun daim tətikdə dayanması baxımından təbiidir, lakin indi sərhəddə və Qarabağda mümkün təxribatların olması fonunda daha çox aktuallıq qazanır:
- Ermənistan sərhəddə eskalasiya ilə razılaşmaları sıfırlamaqda, danışıqların yeni şərtlərini formalaşdırmaqda maraqlı tərəfdir: istisna deyil ki, İrəvan sərhəddə “itirdiyini” hesab etdiyi hansısa mövqeyi ələ keçirmək, bununla delimitasiya məsələsində əlini gücləndirmək istəyə bilər;
- Laçın yolundakı aksiyanın davam etməsi fonunda erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyası məsələsi daha da aktuallaşır və separatçılar da, ruslar da, erməni diasporu/lobbisi və onların müdafiəçisi olan ölkələr də belə bir perspektivdə maraqlı deyil:
erməni əhalisinin Bakıya düşmənçiliyinin körüklənməsi və mümkün təmasların sıradan çıxarılması məqsədilə Qarabağda təxribatlar törədə bilərlər;
Azərbaycan hər iki istiqamətdə mümkün ssenariyə hazır olmalıdır. Belə hazırlıq təkcə hərbi yox, diplomatik və informasiya müstəvisində də nəzərə alınmalıdır.
Asif Nərimanlı
Teref.az
 
 
 
Ardını oxu...
Ağ Evin Azərbaycan-Ermənistan danışıqlarında baş “skripkaçı” olmaq istəyinə ikili reaksiya

Yanvarın 10-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olması barədə xəbər verilib. Eyni gündə xanım Donfrid Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla da danışıb.

Azərbaycan XİN-in məlumatında deyilir ki, söhbət zamanı tərəflər, iki ölkə arasında əməkdaşlıq gündəliyini və bölgədə cari vəziyyəti müzakirə ediblər. Nazir C.Bayramov postmünaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı Azərbaycan tərəfinin bir sıra konstruktiv təşəbbüslərinə baxmayaraq, Ermənistan tərəfindən prosesə davamlı əsasda müxtəlif təxribatlarla maneçilik törədildiyini diqqətə çatdırıb. Bu xüsusda, Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat üzrə öhdəliklərin kobud şəkildə pozulmasına, Laçın yolundan hərbi təxribatlar, o cümlədən minaların qanunsuz daşınması və yerləşdirilməsi, qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin talanması, üçüncü ölkə vətəndaşlarının qanunsuz keçidi məqsədilə istifadə olunması kimi faktlara vurğu edilib. C.Bayramov, guya Laçın yolunun Azərbaycan tərəfindən bağlanması nəticəsində erməni sakinlərin “blokada”ya alınması, bölgədə “humanitar fəlakət” yaranması barədə iddiaların tamamilə əsassız olduğunu bildirib, konkret faktlar gətirib. Bu, təzə ildə yüksək çinli ABŞ diplomatının Bakı və İrəvana ilk zəngidir. Az öncə dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə tezliklə görüşəcəyi haqda anons vermişdi. Belə görünür, hədəf Azərbaycan-Ermənistan sülh danışıqlarına kifayət qədər yüksək səviyyədə yeni stimul verməkdir. Amma bu, mümkün olacaqmı?

Qeyd edək ki, Prezident İlham Əliyev yerli telekanallara son müsahibəsində Fransa-Ermənistan cütlüyünün birgə destruktiv siyasəti nəticəsində Brüssel platformasının faktiki öz aktuallığını itirdiyinə diqqət çəkib. Qalır ABŞ və Rusiya. Ancaq məsələ ondadır ki, Rusiyanın sülh səyləri heç də beynəlxalq hüquqa söykənmir. Çünki Moskva sülh müqaviləsi mətninə ərazi bütövlüyümüzü bəri başdan şübhə altına alan “Dağlıq Qarabağ konfliktinin həlli sonraya saxlanılır” təxribatçı bəndini əlavə eləmək istəyir. Bu, əlbəttə ki, həm Kremlin bölgə ilə bağlı uzaq perspektiv (hərbi) maraqlarına hesablanıb, həm də İrəvanın ərazi iştahana tam uyğundur. Azərbaycan sözsüz ki, belə variantı rədd edir və edəcək. Bəs ABŞ? Vaşinqton Rusiyadan fərqli, ədalətli sülh sənədi layihəsi ortaya qoya biləcəkmi?

Yada salaq ki, Birləşmiş Ştatlar da vaxtaşırı İrəvanın qulağına xoş gələn ritorikadan istifadə edib. Elə Karen Donfridin özü, yaxud ABŞ-ın Ermənistandakı missiyası təzəcə başa çatan səfiri Linn Treysi zaman-zaman “Dağlıq Qarabağ konflikti bitməyib” kimi absurd bəyanatlar veriblər, Filip Riker isə sanki Bakının acığına mövcud olmayan Minsk Qrupuna yeni həmsədr təyin edilmişdi və artıq istefa verib. Halbuki tərəflər arasında sülh sazişinə nail olmaq üçün dağa-daşa çıxmağa lüzum yox. İlham Əliyevin vurğuladığı kimi, 5 məlum prinsipi əsas götürmək yetər: “Biz bu 5 prinsipi irəli sürəndə də demişdim ki, bu, hansısa çoxcildlik olmamalıdır. Bu, çox sadə bir kağız, əsas prinsipləri əks etdirən sadə sənəd olmalıdır. Əlbəttə, orada bizim daxili problemlərimiz və Qarabağ ilə bağlı bütün məsələlər barədə söhbət də ola bilməz”.

Belə fikir də var ki, ABŞ üçün Qarabağ məsələsinin hansı şəkildə həll olunmasının əhəmiyyəti yoxdur. Əsas odur, müəyyən bir həll yolu olsun və Rusiyanın regiondakı təsir imkanları zəifləsin.

Maraqlıdır ki, bu arada ABŞ-dan davamlı şəkildə Laçın yolundakı vəziyyətlə bağlı “narahatlıqlar” eşidilməkdədir. Ermənilərin saxta təbliğatına uyan amerikalı rəsmilər həqiqəti görməzdən gələrək Azərbaycanı günahlandırmağa çalışırlar. ABŞ Senatının üzvləri Bob Menendez və Cek Rid də ötən gün ABŞ dövlət katibi Entoni Blinkenə göndərdikləri məktubda Laçın yolundakı aksiyadan “narahat olduqlarını” yazıblar. İddia ediblər ki, Azərbaycanın Qarabağı “blokada”da saxlaması 2020-ci il müharibəsindən sonra hələ də sağalmayan, onsuz da zəif olan region üçün dağıdıcı nəticələrə səbəb olur.

ABŞ-ın rəsmi şəxsləri də çox həyəcanlanıb, baxmayaraq ki, Qarabağ ermənilərində heç o qədər həyəcan sezilmir, Vardanyan isə “həyat yolumuz var”, - deyə, bağırır. Bu mərhələdə Rusiyanın rəsmi mövqeyi daha normal təsir bağışlayır. Əslində bu, təbiidir, çünki təkcə 13 yanvarda Rusiya hərbi kontingentinin 19 yük maşını Laçın yolu ilə hərəkət edib, ərzaq və digər ehtiyatlar daşıyıb. Belə olan təqdirdə tərəfsiz “vasitəçi” olmağa cəhd göstərən ABŞ-ın cəhdlərinin hansı sonluqla bitəcəyi sual olunur. Bəs ekspertlər necə düşünür, Vaşinqton, yaxud Moskva Bakının təkliflərini bazis kimi götürəcəkmi?

Tural İsmayılov: Ermənistan Rusiya və onun imzasına qarşı da açıq hörmətsizlik nümayiş etdirir

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Yeni Müsavat”a bildirdi ki, Vaşinqton 30 il ərzində Azərbaycan torpaqlarının işğalı faktına göz yumub: “Təəssüflər olsun ki, bu günə qədər rəsmi Vaşinqtonun vasitəçilik missiyası praktiki olaraq yararlı olmayıb. Ermənistanın gah Rusiya, gah İran, gah Fransa vasitəsiylə sülhü sabotaj cəhdlərinə ABŞ səssiz qalır”.

T.İsmayılov qeyd etdi ki, Moskva, yaxud Vaşinqtonun Bakının təkliflərini bazis kimi götürmək ehtimalları o qədər real görünmür: “Çünki ölkəmiz beynəlxalq hüququn ən ali prinsiplərinin təmin edilməsi məsələsində böyük haqsızlıqlara məruz qalıb. ABŞ Rusiyanın bölgədə aktivliyini həzm edə bilmir. Eyni zamanda, Rusiya aqressiyasının ziyanlarını yaxşı dərk etdiyi üçün Vaşinqton bölgədə sabitlikdə daha maraqlıdır”.

Ekspert hesab edir ki, bundan sonra Cənubi Qafqazda ABŞ və Rusiya qarşıdurması daha da dərinləşəcək: “Bizim üçün önəmli olan isə qlobal nizamın bərqərar olunmasıdır”.

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, ABŞ vasitəçiliyi yeni ildən başlayaraq daha qabarıq şəkildə özünü göstərir: “ABŞ dövlət katibinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə zəngi və yeni görüşü planlaşdırması ondan xəbər verir ki, Ağ Ev prosesi müsbət məcrada davam etdirməkdə maraqlıdır. Bu günlərdə Gürcüstanın baş naziri İrəvana səfər etmişdi. Bu mənada hesab edirəm ki, Tiflisdə ABŞ-ın təşəbbüsü, Gürcüstan da vasitəçiliyi üzərinə götürməsi ilə Azərbaycan-Ermənistan görüşü təşkil edilə bilər. Gürcüstan da bu məsələdə maraqlıdır. ABŞ-ın yanaşmasi Azərbaycanın irəli sürdüyü şərtlər daxilindədir və Vaşinqton gündəliyi buna uyğun tərtib edilib. Vaşinqton hətta Tiflisdə Azərbaycan və Ermənistan liderlərinin görüşünü də təşkil edə bilər. Yəni ABŞ daha səmimidir və regionda geosiyasi mövqeyi Azərbaycanla birgə olmağı diktə edir”.

M.Əsədullazadənin sözlərinə görə, əgər Vaşinqton Ermənistanın mövqeyini müdafiə edərsə, bu, Rusiyanın maraqlarına cavab verər: “Ona görə də burada praqmatik mövqe ortaya qoyur. Rusiya isə, əksinə, Qarabağa status tələb edir və bu da Rusiyanın regionda qalıcılığı deməkdir. Ona görə də bizim üçün və region üçün ədalətli həll yolu yalnız Vaşinqton gündəliyinin əsas tutduğu Azərbaycanın 5 prinsiplərdən ibarət sülh təklifidir. Buna əks arqumentlər isə sülhə qarşıdır və Azərbaycan buna gedə bilməz”.

//Müsavat.com
 
Ardını oxu...
5 daimi üzvün monopoliyası, eləcə də geosiyasi rəqabətdə ərazi və potensial baxımından böyük dövlətlərdən geri qalması Azərbaycan üçün belə perspektivi imkansız edir.
Lakin Rusiya-Ukrayna müharibəsinin XX əsrdən qalma nizamı dəyişdirəcəyi, XXI əsrin yeni nizamının formalaşacağı perspektivi də aydın görünür. Və yeni dünyada ölkələr üçün öz yerini müəyyənləşdirmək imkanları da yaranacaq.
Bu reallıqlar fonunda Əliyev çıxış yolunu təqdim edir:
İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatının BMT TŞ-yə daimi üzv verməsini təklif edir və bu təşkilatlar üzərindən Azərbaycan üçün perspektiv imkanlar yaradır.
Asif Nərimanlı
Teref.az
 
Ardını oxu...
"Adamı məhkəməyə belə çağıranda, 3 il öncə baş verən hadisəni xatırlayıb-xatırlamadığını soruşurlar".
"2020-ci ildən Azercell-dən istifadəni məhdudlaşdırmışam. Səbəb qiymətlərinin çox baha olması və müştərilərinə dəyər verməməsi olub. Sonuncu dəfə 2020-ci ilin noyabr ayında Azercell-in "Sərbəst 25" tarifinə qoşulmuşam. Üstündən 3 il keçdiyi üçün də "Sərbəst 25" tarifində olduğumu unutmuşam. Amma qiymət baha, xidmət isə çox aşağı səviyyədə olduğu üçün növbəti aylarda Azercell-in internet və danışıq tariflərindən istifadə etməmişəm. Yalnız bağlanmasın deyə nömrəmin balansına ayda və ya iki aydan bir, bir manat qoyuram ki, nömrəm bağlanmasın.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə tanınmış jurnalist Elmar Hüseynov yazıb.

Həmkarımız daha sonra qeyd edir: "Dünən təsadüfən dostlarımdan biri Azercell nömrəmin balansına 20 manat göndərib. Pulu göndərdikdən sonra ona təşəkkür etməyə macal tapmamış, Azercell növbəti "bombasını partlatdı":
"Sizin ayliq SERBEST25 paketiniz yenilendi. Siz 850 olkedaxili deqiqe, 15GB internet, WhatsApp ve Facebook Messenger tetbiqlerinde metn yazishmalari uchun 1GB Internet elde etdiniz. Tarif her 30 gunden bir avtomatik yenilenir".
Sözün düzü Azərbaycanın hansısa mobil operatorundan bu qədər operativlik gözləməzdim. Demək məsələ cibə girmək olduqda, Azercell operativlik nümayiş etdirir".

Baş verənlərlə bağlı Azercellin operatoru ilə əlaqə saxlasam da mənim haqlı olduğumu, amma balansı geri qaytarmayacaqlarını bildirdi. Operator hər hansı tarifin 3 ay sonra ləğv edildiyini bildirsə də, sonra da deyir ki, sonuncu hansı tarifdə olmusunuzsa o tarif nömrənin üstündə qalır.

Operatora bildirdiyimi bir daha Azercell rəsmilərinə də bildirirəm. Əgər 3 il öncə hər hansısa cinayət hadisəsi baş veribsə, bununla bağlı səni hətta şahid qismində məhkəməyə dəvət etdikdə, ilk sual bu olur ki, 3 il bundan öncə baş verən hadisəni xatırlayırsınızmı? Amma Azercell öz müştərilərinə hörmət edərək, bir sorğu belə göndərmir. Bu isə onu seçən müştərisinə ən böyük hörmətsizlikdir.

Azercell Azərbaycanda ən böyük mobil operator olaraq mədəniyyət nümayiş etdirib, sorğu göndərə bilərdi ki, Sizin 3 il öncə qoşulduğunuz "Sərbəst-25" tarifinizi yeniləmək istəyirik, buna razısınızmı? Mən də "hə" və ya "yox" seçimimi edə bilərdim. Amma görünən budur ki, Azercell öz əvvəlki reputasiyasını davam etdirir və nəticədə mənim kimi müştərilərini bazardakı digər rəqibləri qarşısında itirir. Öz müştərisinin cibinə girən mobil operatorun sonu isə heç yaxşı görünmür.
Əgər balansımı bərpa etməsə, Azercelli məhkəməyə verəcəm. //GUNDEMİNFO.AZ//
 
Ardını oxu...
“Mənim fikrimcə bu il çox məsələlərə aydınlıq gətirəcək. Mən ürəkdən inanırdım ki, ötən ilin sonuna qədər biz saziş imzalanmasına nail olacağıq. Lakin belə olmadı. Ermənistan nə gözləyir? Yəqin ki, hansısa geosiyasi dəyişikliklər, ola bilsin ki, kiminsə ona vəd etdiyi nələrisə gözləyir. Çünki belə təəssürat yaranır ki, ona kimsə nə isə vəd edib. Ona görə ki, regionda vəziyyətin obyektiv təhlili, qüvvələr balansı və iki il bundan əvvəl baş vermiş hadisələrə, eləcə də keçən ilin sentyabr ayında baş vermiş və ya hazırda Laçın-Xankəndi yolunda baş verən hadisələrə dünyanın reaksiyası onu göstərir ki, suda batanların xilas edilməsi onların öz işidir”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib. Azərbaycan lideri 2023-cü ilin Ermənistan üçün son şans olduğunu bildirib.

Ölkə başçısı rəsmi İrəvanın iradəsini toplamalı, sülhə imza atmalı olduğunu, uzaqgörənlik nümayiş etdirməsinin vacibliyini diqqətə çatdırıb. Xüsusilə, Prezident deyib ki, Ermənistana heç kim yox, yalnız Azərbaycan kömək edə bilər: “Biz kömək edə bilərik. Bu azərbaycanofobiya və isteriya bataqlığında tamam boğulmamağa yalnız biz kömək edə bilərik. Nə ilə? Onunla ki, biz deyirik “hə”, biz deyirik, gəlin sülh bağlayaq... Lakin bu, masa üzərində bir müddət olacaq. Sonra, necə deyərlər, xüsusi fəallıq göstərməyəcəyik. İstəmirlər - heç lazım da deyil. Delimitasiyanı istəmirlər - heç lazım da deyil. Deməli, sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək”.

“Düşünürəm ki, onlar mənim mesajlarımı eşidəcək və düzgün nəticə çıxaracaqlar. Bir daha deyirəm, mən indiki halda təzyiq göstərən tərəf kimi görünmək istəmirəm və heç bir halda, heç bir şəraitdə hətta hörmətə layiq olmayana da hər hansı hörmətsizlik göstərməmişəm. Sadəcə, bir daha nəzərə çatdırmalıyam. Ona görə ki, mənim fikrimcə, bu il sonuncu şans olacaq. Ona görə ki, sonra 2024-cü il gəlir, sonra 2025-ci ildə Rusiyanın sülhməramlı missiyası başa çatır. Onlar burunlarının ucundan bir qədər irəli barədə düşünməlidirlər”, - Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı əlavə edib.

Bununla Əliyev həmçinin rəsmi Bakının Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin artırılmasında maraqlı olmadığı mesajını vermiş oldu. Ən ali səviyyədə bildirildi ki, Azərbaycan 2025-ci ildə sülhməramlı kontingentin ərazidən çıxarılmasında maraqlıdır və siyasət bu istiqamətdə aparılacaq. Ermənistan tərəfinə də mesaj verilir ki, rus hərbi kontingentinin bölgədə qalacağına ümid bəslənilməsin.

Amma sual budur ki, sülhməramlılar Azərbaycanın bu tələbini zamanı gəldikdə sakit qarşılayacaqmı? Çünki hər kəsə məlumdur ki, Rusiya sülhməramlı qüvvələrinin Qarabağda mümkün qədər uzun müddət qalmasını istəyir. Bunu Rusiyadan verilən bəyanatlardan və Qarabağdakı sülhməramlı kontingentin davranışından açıq-aydın sezmək mümkündür.

DİA.AZ-ın məlumatına görə, Milli Məclisin deputatı Elman Məmmədov AYNA-ya bildirib ki, 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Birgə Bəyanatda sülhməramlıların Qarabağda qalma müddəti konkret göstərilib: “Düzünü deyim ki, mən onlara heç vaxt sülhməramlı demirəm. Çünki onlar sülhməramlılıq etmirlər, erməniməramlılıq göstərirlər. Bu hər zaman belə olub. Biz onların Qarabağda hansı fəaliyyətlə məşğul olduğunu bilirik. Sülhməramlılar bizim əraziyə daxil olan gündən özlərinə aid olmayan işlərlə məşğul olurlar. Onlar iki ildən çoxdur ki, ərazilərimizdə erməni yerləşdirmək, onları silahlandırmaqla məşğul olublar. Cənab Prezident ötən il də müsahibəsində bu barədə açıq demişdi, narazılığını ifadə etmişdi. Zaman-zaman onların fəaliyytindən Bakının narazılığı Moskvanın diqqətinə çatdırılır. Demək istəyirəm ki, Azərbaycan əlbəttə, onların 2025-ci ildən sonra bölgədə qalmasını istəmir. Prezidentin dediyi də bunu təsdiq edir”.

“Bəyanatda göstərilib ki, sülhməramlılar ilkin olaraq, 5 il müddətində orada qalacaqlar. Ondan sonra tərəflərin etirazı olmasa, müddət artırılacaq. Güman ki, Azərbaycan müddətin artırılmasını istəməyəcək. Zəhmət çəksinlər qalan iki il müddətində öz üzərlərinə düşən vəzifəni yerinə yetirsinlər. Ermənilər də bilsinlər ki, rus əsgərləri onları daimi qoruyası deyil. Qorumaq deyəndə ki, Azərbaycan Ermənistandan fərqli olaraq terrorçu dövlət deyil ki, onlara hansısa xətər yetirilsin, soyqırımına məruz qoyulsunlar. Sadəcə Azərbaycan bayrağı altında yaşamaq istəyən qalsın yaşasın, Azərbaycan vətəndaşına verilən hüquqlardan istifadə etsin. İstəməyən də rəddə olsun getsin. Məsələ bu qədər sadədir”, - millət vəkili əlavə edib.

TEREF.AZ-ın məlumatına görə, siyasi icmalçı Tural İsmayılov da AYNA-ya bildirib ki, sülhməramlıların bölgədə yerləşdirilməsi qaydası, qalma müddəti Üçtərəfli Birgə Bəyanatda əksini tapıb: “Təbii ki, tərəflərdən birinin razılığı olmasa, sülhməramlıların orada vaxtından çox qalması mümkünsüzdür. Ermənistana sülhlə bağlı rəsmi Bakının bu il sonuncu şans tanımağı əslində sülhməramlıların Qarabağda qalması vaxtının birməzinə az qalması ilə xarakterizə olunur. Prezident aydın şəkildə ifadə etdi ki, hərbi kontingentin fəaliyyət müddəti 2025-ci ildə bitir. Bu vaxtadək sülh əldə edilməlidir”.

“Biz müşahidə edirik ki, sülhməramlılar Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün heç bir iş görmürlər. Əksinə, bölgədəki separatçılıq meyllərinin güclənməsində, qızışdırılmasında iştirak edirlər. Belə olan halda Azərbaycan sülhməramlıların qalma müddətinin artırılmasına razı deyil”, - deyə analitik qeyd edib.

Onun sözlərinə görə, sülhməramlıların uzun illər Qarabağda qalmasında Ermənistan maraqlıdır: “Güman ki, rəsmi İrəvan 2025-ci ildə müddətin artırılmasına etiraz etməyəcək, əksinə çalışacaq ki, hərbi kontingentin qalma müddəti artırılsın. Amma Ermənistanın bu mövqeyi Azərbaycanın da müddətin artırılmasına etiraz etməməsinə səbəb ola bilməz”.

“Digər tərəfdən, Ermənistanın indiki məqsədlərindən biri də bölgəyə BMT bayrağı altında sülhməramlıların yerləşdirilməsidir. İrəvan rusların çıxması ehtimalını düşünərək, onları BMT-nin sülhməramlılarının əvəzləməsində maraqlıdır. Amma Rusiyadan bununla bağlı bəyanat verildi və bildirildi ki, BMT sülhməramlılarının gəlməsi üçün Azərbaycanın da razılığı olmalıdır. Düşünmürəm ki, uzun illər dörd qətnaməsinin yerinə yetirilməsinə nail ola bilməyən BMT-nin sülhməramlı missiyasının Qarabağda yerləşdirilməsinə Azərbaycan razı olacaq. Ümumiyyətlə, Azərbaycan bölgədə sülhməramlı missiyanın uzunmüddətli qalmasında maraqlı deyil. Bakı istəyir ki, sülh əldə edilsin, Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin reinteqrasiyası başlasın, problem birdəfəlik həllini tapsın. İstənilən halda, biz Prezident İlham Əliyevin məlumatlarına istinad edirik. Cənab Prezident də sülhməramlıların qalma müddəti barədə açıq tarixi söylədi”, - siyasi icmalçı fikirlərini tamamlayıb.

Dünyapress TV

Xəbər lenti