Ölkədə pensiya təminatı sistemində problemlərin olmasına dəfələrlə toxunulsa da hələ də bu sahədə həllini gözləyən məsələlər var.
Son vaxtlar bu sahədə ən çox müzakirə olunan mövzulardan biri pensiya yaşı ilə bağlıdır. Statistik məlumatlara görə, 10 il öncə Azərbaycanda yaşa görə 831 min nəfər pensiya alırdısa, indi onların sayı 707 min nəfərə enib. 2012-ci ildə Azərbaycanda cəmi 17 min nəfər yaşa görə müavinət alırdısa, indi bu say 100 min nəfərə çatıb. 2017-ci ildə pensiya sisteminə dəyişikliklərdən sonra ölkədə pensiya yaşı 65-ə yüksəlilb. Üstəlik, minimum 25 il iş stajı və ya minimum pensiya kapitalı tələbi qoyulub. Bu tələbi ödəyə bilməyənlər pensiyadan məhrum olur və 180 manat müavinət alır. Həmin müavinət isə əmək pensiyasından fərqli olaraq, indeksləşdirilmir, yəni inflyasiya həddinə görə dəyişmir. Gələn il Azərbaycanda pensiyaçılar üçün yaşayış minimumu 199 manat olacaq. Yəni 65 yaşdan yuxarı , 180 manat müavinət alan 100 mindən artıq ahıl vətəndaş ən minimum ehtiyaclarını belə ödəyə bilməyəcək. Rəsmi rəqəmlərə görə, ölkədə kişilərin 41- 43 faizi pensiya yaşına çatmadan vəfat edir. Ölkədə orta ömür uzunluğu rəsmi rəqəmlərdə 73, reallıqda isə 62-65 il olduğu deyilir. Qeyd edək ki, ötən 10 ildə Azərbaycan neft-qaz sektorundan azı 100 milyard dollar qazanıb, büdcə 30 milyard manata çatıb. Hazırda ölkədə minimum pensiya 240, minimum əmək haqqı isə 300 manatdır. Yəni bu gün pensiyanın məbləği o qədər də yüksək deyil. Vətəndaşların pensiya ilə bağlı təminatında problemlərin həllində xarici ölkələrin təcrübəsindən yararlanmaq daha müsbət nəticələrə gətirib çıaxara bilər.
Belə ki, bu gün bir sır xarici ölkələrdə, məsələn, İran, Türkiyədə pensiyaya çıxmağa hazırlaşan vətəndaşlar “əməkli ikramiyəsi” adlanan birdəfəlik ödənişlər almaqla problemlərini həll edə bilirlər. Ölkəmizdə isə bu qayda yoxdur və vətəndaş ancaq 65 yaşda təqaüdə çıxdıqdan sonra ənənəvi sistem əsasında həmin pensiyanı əldə edə bilər.
Azərbaycanda pensiya yaşı ilə bağlı birdəfəlik ödəniş üsulunu tətbiq etmək olarmı?
TEREF.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Rəşad Həsənov Cebhe.info-ya bildirdi ki, əslində bu üsul tətbiq oluna bilər və daha cəlbedici bir mexanizmdir:
“İnsanları təşviq edir ki, əməyini leqallaşdırsın. Çünki vətəndaş bunu bir yığım hesab edir. Həmin yığım eyni zamanda indeksləşdirilir, bu yığımdan da bəzi ölkələrdə, xüsusilə də Türkiyədə müxtəlif şətrlər daxilində əhali geniş istifadə edir. Əsasən də türklər mənzil problemini daha çox “əməkli ikramiyəsi” deyilən birdəfəlik ödəniş vasitəsilə həll edirlər. Burada model fərqləri də var. İndiki şərtlər daxilində Azərbaycanda yığım əsaslı pensiya mexanizmi deyil, daha çox həmrəylik əsaslı pensiya mexanizmidir. Baxmayaraq ki, fərdi hesabın yığım bölməsi də var və könüllüdür. Buna görə də təcrübədə istifadə edilmir. 2017-ci ildən əlavə edilib, ancaq hələ də bu günə qədər bu praktikanın tətbiq edildiyini görməmişk, bundan istifadə edənlər olmayıb”.
Ekspert bildirib ki, bu mexanizmlərdə əsas yanaşma, bu gün toplanan sosial sığorta haqlarının məhz bu gün pensiya alanların pensiyasının ödənilməsinə yönəlməsini nəzərdə tutub:
“Ona görə də burada yığım olmur. Dövlət Pensiya Fondunun hesabında izafi qalıq vəsaitlər formalaşmır. Bu imkan vermir ki, hansısa formada Azərbaycanda müraciət əsaslı birdəfəlik ödənişlərin həyata keçirilməsi mümkün olsun. Çünki burada yalnız əvvəlcədən planlamadan söhbət gedir. Bu məqsədlə də vəsait olmadığı üçün belə bir modelin indiki mexanizmdə tətbiqini mən çox çətin görürəm. Ancaq olmalıdır, təşviqedicidir. İnsanlar üçün alternativ yığım imkanı yaradır. İnsanların xüsusi əhəmiyyətli problemlərinin həllinə yönəldilə biləcək bir vəsait mənbəyinə çevriləcək. Ancaq bildiyim qədər, hökumət nəsə bənzər bir layihə ilə çıxış etmək istəyir. Yəni hansısa məqsədlərlə səhiyyə, təhsil xərcləri və yaxud da borcun ödənilməsi kimi məqsədlərlə pensiya kapitalından birdəfəlik istifadə ilə bağlı mümkün imkanlar üzərində layihənin olduğunu eşitmişəm”.
Pensiyanın varislik prinspi həyata keçirilə bilərmi?
Ekspert deyir ki, bu həyata keçirilə bilər və keçirilməlidir:
“Bu, özü də bir təşviqdir. Ümumiyyətlə, pensiya sistemi təşviqedici olmalıdır. Çünki uzunmüddətli dövrdə bu sosial sığorta haqlarının ödənişi prosesində maraqlı olmalıdır ki, sonradan əmək bazarında hansısa qeyri-formal sözləşmələr fonunda sosial sığorat yığımlarının azalmasına, qeyri-formal məşğulluğun geniş yayılmasına gətirib çıxarmasın. Varislik məsələsi də bu baxımdan vacib bir məsələdir. İndiki şərtlər daxilində bizdə mövcud qanunvericiliklə hökumət hesab edir ki, varislik var. Bir fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərə varislik hüququ tanınır ki, əslində praktikada bu tətbiq olunmur. İkincisi, pensiyaçı vəfat etdiyi təqdirdə onun himayəsində olan 18 yaşadək uşaqlar, 23 yaşadək ali təhsil alan uşaqlar, yaxud fiziki məhdudiyyəti olan himayəsində olan şəxslər varsa, pensiyanın həmin şəxslərə yönləndirilməsi mexanizmi də var. Hökumət bunu varisliklə əlaqələndirir. Ona görə də bu məsələyə çox da “isti” yanaşmır.
Ancaq bu, çox vacib bir məsələdir və ictimai, eyni zamanda bizim mexanizmin effektivliyini gücləndirə biləcəyinə inandığımız bir tələbdir. Çünki ölkədə hökumət 5 milyon insanın işlədiyini deyir, ancaq onların cəmi 1 milyon 700 mini faktiki olaraq əmək müqaviləsi ilə işləyir. Əmək müqaviləsi ilə işləmək əməyin leqallaşması demək deyil. Çünki biz təcrübədə onu da çox görürük ki, 1000-1500 manat əməkhaqqı alan şəxslərin əməkhaqqı məbləği dövlətin minimum əməkhaqqı məbləği ilə uyğunlaşdırılaraq 300 manat rəsmiləşdirilir. Bu, özü də qeyri-formal məşğulluq, yaxud qeyri-formal uçotdur. Bütün bu problemlərin aradan qalxması üçün əmək bazarı iştrakçılarının kütləvi şəkildə prosesdə iştirakı vacibdir. Onlar bu məsələdə maraqlı olmalıdır ki, zaman-zaman bu bazar şəffaflaşsın”.