YENƏ QIŞ, YENƏ QAZ LİMİTİ –
Deputat Azər Badamov bu günlərdə dağ rayonlarında təbii qaza qoyulan limitə yenidən baxılmalı olduğunu deyib. Onun dediyinə görə, bu rayonlarda yaşayan sakinlər digər regionlardan daha çox yanacaq yandırmağa məcburdurlar və bu, onların maddi vəziyyətinə daha çox təsir edir.

Ümumiyyətlə, büdcə oğurluğunun, saxtakarlığın, məddahlığın, talançılığın, yalanın və s. limiti olmayan neft-qaz ölkəsində qaza, işığa limit qoyulması əlbəttə ki, izahı çətin olan mövzudur. Lakin belə mövzulara girmədən onu qeyd edə bilərik ki, bizim Tarif Şurası hər dəfə qiymət artımı ilə bağlı qərarlarına sınıq-salxaq izahlar verdiyi kimi, zamanında qaza və işığa limit tətbiqini də müxtəlif bəhanə xarakterli səbəblərlə əsaslandırmağa çalışmışdı. Bunlardan biri də dünya bazarındakı qiymət artımı ilə bağlı idi. Baxmayaraq ki, biz nə elektrik enerjisini, nə də təbii qazı idxal edən ölkə deyilik. Əksinə, Avropa bizdən qaz alır və hasilatımızın, satışımızın artmasını gözləyir. Daxili istehlakımızın isə dünya bazarında baş verənlərdən asılılığı yoxdur.

Yeri gəlmişkən, dünya bazarında nədəsə ucuzlaşma olanda Tarif Şurası bunu görmür və Azərbaycan istehlakçısı da bunu hiss etmir, ancaq artım olanda mütləq hiss etməlidir…

Məlum olduğu kimi, hazırda əhalinin illik qaz istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 12 qəpikdir (2021-ci ilə qədər 10 qəpik olub). 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpikdir. Ümumiyyətlə, bu hesablamalar necə aparılıb, qiymətlər necə təyin olunub – anlamaq çətindir. Əslində, orta statistik ailənin xronometraj olaraq istifadə etdiyi elektrik enerjisi və qazı ortalama götürmək qətiyyən düzgün deyil. Onu da qeyd edək ki, Azərbaycanda rəsmi statistikanın özü kifayət qədər qüsurludur və bu ortalama göstəricilər də mübahisəlidir…

Heç kimə sirr deyil ki, əgər Azərbaycanda qaz sayğacları kart sistemi ilə quraşdırılmasaydı, yəni, vətəndaş yalnız pulunu əvvəlcədən ödədiyi qazı işlətməyə məcbur olmasaydı, insanların “Azəriqaz”a çox böyük qaz borcları yaranacaqdı. Çünki xüsusilə də qış aylarında indiki qiymətlərlə qaz pulunu ödəmək əhalinin böyük hissəsi üçün müşkül məsələdir.

“Azəriqaz” özü etiraf edir ki, abonentlərin yarıdan çoxu qış aylarında aşağı qaz limitini keçir. Bu isə o deməkdir ki, qazın kubmetrini 20-25 qəpiyə alır. Çoxları 1200 kubluq limiti az qala iki həftəyə işlədib bitirir. Özü də bu, təkcə Badamovun dediyi kimi, dağ rayonlarına aid deyil. Bakının ətraf qəsəbələri demək olar ki, əsasən həyət evlərindən ibarətdir. Burada heç də paytaxtın, yumşaq desək, varlı kəsimi yaşamır. Hələ kirayədə yaşayanları demirik. Bu evlərin hamısı qazla qızdırılır. Belə aşağı gəlirli insanlar üçün kubu 25 qəpiyə qaz almağın nə demək olduğunu anlamaq çətin deyil. Həmin ərazilərdə elə ailələr var ki, aylıq kommunal xərcləri xüsusilə də qazın qiymətinə görə 300-400 manata çatır. Minimum əmək haqqı və pensiyaların 200 dollar olduğu ölkədə kommunal xərclərin bu qədər yüksək olmasını həmin Tarif Şurası necə izah edə bilər görəsən?

Tarif Şurası deyiləndə insanlar konkret vəzifəli şəxsləri yox, daha çox hansısa əlahiddə bir şuranı təsəvvür edir. Reallıqda isə Tarif Şurası faktiki olaraq Nazirlər Kabinetinin bir hissəsidir. Burada iqtisadi və sosial istiqamətlərə məsul olan şəxslər yer alır. Bu artım qərarları isə onların beyninin məhsulundan daha çox ümumilikdə hökumətin apardığı iqtisadi siyasətin - qiymət, cərimə, vergi, rüsum və s. artımı üzərində qurulan və heç bir parlaq iqtisadi gələcək vəd etməyən siyasətin nəticəsidir. Bu siyasət ona gətirib çıxarıb ki, neft-qaz ölkəsi olan Azərbaycanın hökumətinin gözü qışda soyuqdan ölməmək üçün neçəyə də olsa qaz pulu ödəməyə məcbur olan kasıb vətəndaşın cibinə dikilib…

Azərbaycanda deputatların əhalinin real problemlərini səsləndirməsi nadir görünən hadisə olduğundan, Badamovun bu açıqlaması təqdirəlayiqdir. Demək olar, hər il bu mövzu qış ərəfəsində aktuallaşır. Lakin təcrübədən çıxış etsək, çətin ki, Tarif Şurası, yəni hökumət belə çağırışlara, əhalinin narazılılğına və s. məhəl qoya. Çünki indiyə qədər Tarif Şurasının xalqla, əhalinin kasıb təbəqəsi ilə hesablaşdığını görməmişik…

C.Məmmədov

“AzPolitika.info”
 

Bölmənin digər xəbərləri

04 Dekabr 2024 Ölümcül əyləncə, yoxsa şirin xəstəlik? - ARAŞDIRMA
04 Dekabr 2024 Pensiya və sosial müavinətlə bağlı rəsmi məlumat
03 Dekabr 2024 ŞAD XƏBƏR - ƏFV ola bilər!
02 Dekabr 2024 Küçə ticarətini yığışdırmayın, yaxşılaşdırın – Bakı mənzərəsi
30 Noyabr 2024 Bu şəxslər pensiya hüququndan məhrum olacaq
29 Noyabr 2024 Musa Quliyev veteranlara ödənilən məbləğlə bağlı kimləri tənqid etdi?
28 Noyabr 2024 "25 İL ONA HƏDİYYƏ EDİLİR VƏ PENSİYA ALIR" - "... biz sistemi dağıdacağıq"
28 Noyabr 2024 “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
28 Noyabr 2024 BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
27 Noyabr 2024 2025-ci ildən maaşlar bu qədər artacaq… – Minimum əməkhaqqı 400 manat olacaq?
27 Noyabr 2024 Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
27 Noyabr 2024 Milli Məclisdə özünüməşğulluq proqramı müzakirə edildi: “Xəstə heyvanları insanlara verirlər”
26 Noyabr 2024 Valideynlərin uşaqla ünsiyyət hüququ necə tənzimlənir?
26 Noyabr 2024  "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
26 Noyabr 2024 Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
25 Noyabr 2024 PUL OTURDU..
24 Noyabr 2024 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılmalıdır? - Ali Məhkəmənin mövqeyi
23 Noyabr 2024 “Sosial yardım üçün verilən müavinət kartım boş çıxıb” – ASTARA SAKİNİ
23 Noyabr 2024 Lerik sakini əlilliyə görə müavinətinin səbəbsiz yerə kəsildiyini İDDİA EDİR – ŞİKAYƏT
23 Noyabr 2024 “Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır - AXI NİYƏ?..

Dünyapress TV

Xəbər lenti