Bu ilin II rübündə Azərbaycan əhalisinin borclanma səviyyəsi üzrə uzunmüddətli diffuziya indeksi əvvəlki illə müqayisədə dörd faiz bəndi artaraq 23% təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Kreditləşmə fəaliyyətinə dair sorğu”nun nəticələrində bildirilib.
Məlumata görə, bu, I rüb ilə müqayisədə isə iki faiz bəndi artıb.
Respondent bankların 75 %-i əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, 25 %-i isə orta dərəcədə artım olduğunu bildirib.
Qeyd edək ki, əhalinin borclanma səviyyəsi üzrə uzunmüddətli diffuziya indeksinin ən yüksək göstəricisi 2022-ci ilin II rübündə (29%) olub.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Azərbaycanda əhalinin borclanma səviyyəsi yüksəkdir:
“Bu, ölkə iqtisadiyyatına və bank sisteminə ciddi təhidlər yaradır.
İnkişaf etmiş ölkələrdə ümumi kredit portfelində sənaye, kənd təsərrüfatı kreditləri, o cümlədən məhsul istehsal edən biznes sektorları üçün nəzərdə tutulan kreditlər üstünlük təşkil edir.
Azərbaycanda isə ipoteka kreditlərinə üstünlük verilir. Ölkədə ipoteka kreditləri ümumi kredit portfelinin 55 % və 60 % -ni, bəlkə də yarıdan çoxluq təşkil edir. Bu da çox ciddi problemdir. Bu problem də ondan qaynaqlanır ki, vətəndaşların əksəriyyətinin bir neçə banka borcu olur.
Bu, onların gəlirlərinin və maaşlarının az olması ilə əlaqəlidir.
Ümumilikdə Azərbaycanda 2 milyon yarım insanın kredit borcu var. Bu, kifayət qədər böyük rəqəmdir. Bu, həmçinin ölkədə sosial-iqtisadi problemlərin çox olmasından xəbər verir”.