Bu əfv sərəncamı ilə həbsdəki məmurlar da ÇEŞİDLƏNDİ...
Mayın 8-də Prezident İlham Əliyevin sərəncamı ilə 801 məhkum əfv olunub, 463 şəxs azadlıqdan məhrumetmə cəzasından azad edilib. Əfv olunanlar sırasında Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv edilib - E.M.) 2 əməkdaşı da var. Bunlar MTN-in Antiterror Mərkəzinin şöbə müdiri Azər Mehdiyev və Əməliyyat-Texniki İdarənin şöbə rəisi Zaur Məmmədovdur. Hər iki MTN-çi 2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən çıxarılandan dərhal sonra istintaqa cəlb edilmişdi.

O zaman tutulan MTN əməkdaşlarının Eldar Mahmudovun ən yaxın çevrəsinə daxil olduqları xüsusi olaraq vurğulanırdı. Sonradan hər iki MTN-çiyə istintaqa cəlb olunan digər iş yoldaşları kimi vəzifə cinayətləri ilə əlaqədar ittihamlar irəli sürüldü. Azər Mehdiyev məhkəmə qarşısına MTN-in Antiterror Mərkəzinin rəisi Elçin Əliyevlə birgə çıxarılmışdı. Onlarla bərabər həbs olunan Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev isə saxlanıldığı Bakı İstintaq Təcridxanasındakı kamerasında asılmış vəziyyətdə aşkarlanmışdı.

Azər Mehdiyevlə rəisi Elçin Əliyevə qarşı Cinayət Məcəlləsinin adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə maddəsinin 3-cü bəndi - qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma, mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək, külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək, mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma, külli miqdarda rüşvət alma maddələri ilə ittiham irəli sürülmüşdü.

Azər Mehdiyevin həbsi barədə məlumat yayılandan sonra mətbuata onun əməllərindən zərərçəkənlər şikayətlər etməyə başladı. Məlum oldu ki, Azər Mehdiyev sahibkarları MTN-ə çağıraraq orada onları həbslə hədələməklə külli miqdarda pul tələb edib. Belə sahibkarlardan biri də M.Mahmudov idi. O, Musavat.com-a videomüsahibəsində MTN-ə aparılması, orada hansı üsullarla şantaj edilməsinin təfərrüatlarını da açıqlamışdı.

Demişdi ki, 2015-ci il iyulun 4-də ona zəng gəlib, özünü MTN-in əməkdaşı kimi təqdim edən şəxs növbəti gün səhər 10-da MTN-in Antiterror İdarəsinə gəlməsini tələb edib. Sahibkar deyilən saatda nazirliyə gedib, şəxsiyyət vəsiqəsini birinci mərtəbədə növbətçiyə təqdim edib. Daha sonra onu nazirliyin üçüncü mərtəbəsinə aparıblar. Burada onu özünü polkovnik Azər Mehdiyev kimi təqdim edən şəxs qarşılayıb. Sahibkar bura dəvət edilməsinin səbəbini soruşduqda, polkovnik ona terrorçu olduğunu deyib. Bildirib ki, daima Ukraynaya gedib-gəlir, min oyundan çıxır. Daha sonra polkovnik otağı tərk edib və 15 dəqiqədən sonra bir nəfərlə geri qayıdıb, yanındakı şəxsi Antiterror İdarəsinin rəis müavini İlqar Əliyev kimi təqdim edib. İlqar Əliyev isə sahibkarı gördükdən sonra göstəriş verir ki, bu şəxsi dərhal uçota alsınlar. Sahibkar nə etdiyini, hansı səbəbdən bura dəvət olunduğunun səbəbini soruşmağa cəhd edir. Bu zaman ona deyirlər ki, telefonu izlənilir, daima diqqətdədir, bilirlər ki, iş adamı olaraq güclü biznes fəaliyyəti göstərir, daima Ukraynaya gedib-gəlir. İş adamı bunların doğru və normal olduğunu bildirir, lakin cinayət etmədiyini xatırladır. Bu zaman ondan tələb olunur ki, 250 min manat versin. Bu an biznesmenin qan təzyiqi qalxır, durumu pisləşir. Amma buna baxmayaraq, ona deyilir ki, əgər 250 min manat gətirməsə, onu İŞİD-in üzvü və ya narkobaron elan edəcəklər, özü isə bu ittihamı boynuna almalı olacaq.

Biznesmen bu zaman 250 min manatı olmadığını deyir və 3 saat orada saxlanılır. Ondan tələb olunur ki, 200 min manat versin. Lakin iş adamı bundan da imtina edir. Bu zaman iş adamı telefonla təmas qurduğu xanımla şantaj edilir, bildirilir ki, bu məsələ açıqlanacaq.

Qeyd edilir ki, əgər bu baş versə, həm dostluq etdiyi xanımın valideynləri, həm də özünün ailə üzvləri bundan xəbər tutacaq. Bundan sonra iş adamına deyilir ki, Səməd Vurğun küçəsi ilə İnqilab küçəsinin kəsişdiyi ərazidə obyekti var, onu satsın və məbləği gətirsin. İş adamı şantajın qurbanı olaraq həmin gün gecə ikən 600-700 min manat dəyərində olan obyektini 290 min manata satır və bunun 120 min manatını MTN-in məlum şantajçı qrupuna verir. Ona Bakıdakı mülkləri və avtomobillərinin markalarını deyirlər və məsləhət görürlər ki, sussun, bu haqda heç vaxt danışmasın. Beləcə, iş adamı şantajın qurbanı olaraq obyektini satmağa məcbur edilir. Alqı-satqı prosesi isə 14 saylı notariat kontorunda gerçəkləşdirilir.

2017-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə Elçin Quliyev general rütbəsi alınmaqla 10 il 6 ay, Azər Mehdiyev polkovnik rütbəsi alınmaqla 8 il azadlıqdan məhrum olunublar.

Əfvlə azadlığa çıxan Zaur Məmmədov MTN Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri ilə birgə məhkum olunmuşdu. Zaur Məmmədov mütəşəkkil cinayətkar quldur dəstə tərkibində iş adamlarının ofislərinə basqında, həmin şəxslərin psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər yetirməkdə, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə 162 zərər çəkmiş şəxsin ümumilikdə 18 milyon 437 min manat və daşınmaz əmlaklarını quldurluq, hədə-qorxu ilə tələb etməklə ələ keçirmədə, dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 1 milyon manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmə ittihamları ilə həbs olunmuşdu.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə 2017-ci ildə polkovnik rütbəsi alınmaqla 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Əfv sərəncamına düşənlər siyahısında keçmiş deputat Hüseyn Abdullayevin, “MTN işi”nə dolayısı ilə aidiyyəti olan Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin adı isə yoxdur.

Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə həbs olunaraq Azərbaycana gətirilib, 1 il sonra isə Bakı Hərbi Məhkəməsində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluqda suçlu bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.

Sabiq milli təhlükəsizlik nazirinin qudası olan Cahangir Hacıyev isə 2015-ci ilin dekabrında həbsə alınıb. 2017-ci ildə o, külli miqdarda ziyan vurmaqla dələduzluqda, külli miqdarda mənimsəmədə təqsirli bilinərək 15 il 6 ay müqddətinə azadlıqdan məhrum olunub. Həbsdə ikən ona Beynəlxalq Bankın törəməsi olan Moskva filialının layihələri ilə bağlı mənimsəmə ittihamı verilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev bu ittiham üzrə də suçlu bilinib və əvvəlki cəzası toplanmaqla qəti olaraq 16 il 6 ay müddətinə həbsə məhkum edilib.

Əfv gözləntisi doğrulmayan Hüseyn Abdullayevlə Cahangir Hacıyevdən fərqli olaraq sabiq mədəniyyət nazirinin müavini Rafiq Bayramov əfv olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 17 avqust tarixli hökmü ilə məhkum edilmiş sabiq nazir müavini 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. O, 1,8 milyon manat rüşvət almaqda ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətə azadlıqdan məhrum olunub. Bakı Apelyasiya Məhkəməsi onun cəzasını 4 il 6 aya endirmişdi.

Habelə əfv müraciəti edən sabiq səfir Eldar Həsənov da əfv edilənlər arasında yoxdur.
“Yeni Müsavat”
 

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılmalıdır? - Ali Məhkəmənin mövqeyi
23 Noyabr 2024 “Sosial yardım üçün verilən müavinət kartım boş çıxıb” – ASTARA SAKİNİ
23 Noyabr 2024 Lerik sakini əlilliyə görə müavinətinin səbəbsiz yerə kəsildiyini İDDİA EDİR – ŞİKAYƏT
23 Noyabr 2024 “Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır - AXI NİYƏ?..
22 Noyabr 2024 26 saniyəyə 1300 dollar qazanan müğənni və 453 manat qazanan elmi işçi VİDEO
22 Noyabr 2024 Nazirin dediyi 130 min boş iş yeri hardadır? - İqtisadçı ekspertdən açıqlama
22 Noyabr 2024 Vətəndaş cəriməni ödəməyəndə məsuliyyət daşıyır, bəs ödənilən vəsait büdcədən yan keçib ciblərə gedəndə bunun məsuliyyəti kimin üzərinə düşür?
21 Noyabr 2024 Bakıda taksi problemi: Avtobus zolağına girişə icazə verilməlidir - AKTUAL
20 Noyabr 2024 Əmək pensiyaları yanvardan bu qədər artacaq
19 Noyabr 2024 Müəllimlərə təhsil kartı ilə güzəşt ediləcək yerlər AÇIQLANDI: geyim mağazaları, supermarketlər, restoranlar, nəqliyyat..
19 Noyabr 2024 Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
19 Noyabr 2024 Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
18 Noyabr 2024 Cənub rayonlarımız “qocalıb”?
17 Noyabr 2024 İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
17 Noyabr 2024 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
15 Noyabr 2024 Məhkəmə müstəvisinə çixdiği halda bu fakt artiq özü bir hüquqi xətadir
14 Noyabr 2024 Həqiqətən körpə uşağın "40"ı var? - Din və tibb nə deyir? (FOTO)
13 Noyabr 2024 Məktəb və universitetlərdə dəyişiklik başlayır: Öncə nədən?
13 Noyabr 2024 Mal-qarası tələf olan sahibkarlar necə və nə qədər sığorta ödənişi ala bilərlər?
13 Noyabr 2024 Təhsil eksperti BU İDDİA ilə bağlı görün, nələri dedi... - AÇIQLAMA

Dünyapress TV

Xəbər lenti