XIX  ƏSRDƏ  YAŞAMIŞ  ŞAİR ƏSGƏR  SALAMİ  HAQQINDA  İPUCU
Əsgər Hacı oğlu Salami XIX əsrdə Oğuz (keçmiş Vartaşen) rayonunda yaşayıb yaratmış doqquz şairdən biridir.
O, 1826-cı ildə Yaqublu kəndində anadan olmuşdur. Bir müddət molla yanında, sonra isə Ağdaşdakı mədrəsədə oxumuş, dövrünə görə müəkəmməl təhsil almışdır.
Ə.Salami tanınmış şair Mücrüm Kərim Vardaninin təşkil etdiyi ədəbi-musiqi məclisinin fəal üzvlərindən biri olmuşdur. Şairin Şamaxıda fəaliyyət göstərən ədəbi məclislərdə iştirak etdiyi, M.K.Vardanidən başqa, dövrünün tanınmış yazarlarından S.Ə.Şirvani, İ.Qutqaşınlı, İ.Nakam, A.Padarlı, P.Qarağani, M.R.İltica, M.Rövşən və digərləri ilə şəxsi tanışlığı olduğu söylənilir.
Sonralar Ağdaşa köçmüş və bir müddət orada yaşamışdır. Ə.Salaminin 1870-1871-ci illərdə vəfat etdiyi ehtimal olunur. Öz vəsiyyətinə əsasən Ağdaşda dəfn olunmuşdur. (Kənd əhalisi arasında şairin Ağdaşda deyil, kəndin cənub istiqamətindən Ağdaşa gedən yolun (Ağdaş yolunun) kənarında bir təpənin üstündə dəfn edilməsi barədə rəvayətlər də dolaşmaqdadır.)
Ə.Salaminin əsərləri haqqında ilk dəfə filologiya elmləri doktoru Əhməd Cəfərzadə məlumat vermişdir. O, 1977-1978-ci illərdə Oğuz rayonunda çıxan “Oğuz yurdu” qəzetinin müxtəlif saylarında dərc olunmuş məqalələrində bu barədə də informasiya vermişdir.
Şairin əldə olan yeganə tam şeiri Mücrüm Kərimin Məkkədən qayıtması münasibəti ilə yazdığı şeirdir. Bundan başqa onun şeirlərindən bir sıra bənd və beytlər də qalmışdır. Şairin əsərlərində tənbəllik, süründürməçilik, rüşvətxorluq, çapqınçılıq, qumarbazlıq, sərxoşluq və əyyaşlıq, hər cür zorakılıq tənqid olunur.
Şairin əlyazmalarından bəziləri Respublika əlyazmalar fondunda qorunur və öz tədqiqatçılarını gözləyir.
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.
TEREF

Dünyapress TV

Xəbər lenti