|
Son illərdə ölkəmizdə kitab oxuma mədəniyyətini inkişaf etdirmək məqsədilə müxtəlif layihələr həyata keçirilib, sosial kampaniyalar təşkil olunub. Kitabların təbliği artıb, həm fiziki, həm də rəqəmsal platformalarda satış imkanları genişlənib. Ölkəmizdə kitab oxumağa maraq ümumi mənada çox yüksək olmasa da, bu sahədə müsbət dinamikanın olduğu müşahidə olunur. Xüsusilə gənc nəsil arasında ədəbi əsərlərə və təhsilyönümlü kitablara maraq nəzərəçarpacaq dərəcədə artıb. Buna baxmayaraq, mövcud problemlər bu inkişafa ciddi maneələr yaradır.
Bu problemlərin başında isə kitabların keyfiyyətli hazırlanması və nəşri ilə bağlı məsələlər dayanır. Təəssüf ki, müxtəlif nəşriyyatların istehsal etdiyi kitablar, xüsusilə tərcümə əsərləri ciddi qüsurlarla doludur. Azərbaycan ədəbi dili qaydalarının pozulması, redaktə və korrektə səhvləri, üslub uyğunsuzluğu kimi problemlər oxucuların gözündən yayınmır. Belə halların artması savadlı və həssas oxucuların kitablara olan inamını sarsıdır, onların keyfiyyətsiz kitabları oxumaqdan imtina etməsinə səbəb olur. Digər tərəfdən, yeni nəsil oxucular bu cür yanlış istifadələri doğru qəbul edə bilər ki, bu da gələcəkdə ədəbi dilin saflaşdırılması və qorunması prosesini çətinləşdirir.
Nəşriyyatların məsuliyyətsizliyi bir sıra sualları gündəmə gətirir: bu sahəyə kim nəzarət etməlidir? Redaktə və korrektə prosesində peşəkarlığı təmin etmək üçün hansı mexanizmlər tətbiq olunmalıdır? Nə üçün bəzi nəşriyyatlar keyfiyyətsiz məhsulları bazara çıxarır və onların satışına icazə verilir?
Ekspertlər bildirirlər ki, nəşriyyat fəaliyyətləri üçün müəyyən standartlar müəyyənləşdirilməli və bu standartlara uyğunluq ciddi şəkildə yoxlanılmalıdır. Redaktə və tərcümə işlərinin peşəkar səviyyədə həyata keçirilməsi üçün təcrübəli mütəxəssislərin cəlb olunması vacibdir. Bundan əlavə, Azərbaycan ədəbi dilinin qorunması məqsədilə kitab nəşri sahəsində monitorinq aparılmalı, dil və üslub qaydalarının pozulduğu hallarda nəşriyyatlara xəbərdarlıq edilməli və ya müvafiq cəza tədbirləri tətbiq olunmalıdır.
Oxucuların kitab seçimində daha tələbkar olması və keyfiyyətsiz məhsullara qarşı etirazlarını bildirməsi də vacibdir. Çünki kitab bazarındakı keyfiyyət problemi yalnız nəşriyyatların məsuliyyətsizliyi deyil, həm də cəmiyyətin bu məsələdəki passiv mövqeyi ilə əlaqədardır. Oxucu və nəşriyyat arasında sağlam bir əlaqə qurularsa, gələcəkdə həm daha keyfiyyətli kitablar hazırlanacaq, həm də Azərbaycan ədəbi dilinin qorunması təmin olunacaq.
Mövzu ilə bağlı publisist, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb: “Həqiqətən, son illərdə Azərbaycanda kitaba maraq çox artıb, yanaşma dəyişib. Çünki bir neçə dalğa təşkil olunan kitab sərgiləri, festivallar və sairə, bunların hamısının çox müsbət təsiri olub. Hesab edirəm ki, televiziyalar da bu işdə müəyyən qədər rol oynayırlar ki, kitab təbliğ olunsun, oxunsun və insanlar özlərinin bədii zövqünü həm də kitab vasitəsilə formalaşdırsınlar. Amma tərcümə ilə bağlı deyilən məsələ, bəli, bu gün çox aktualdır. Bəzi nəşriyyatların buraxdığı tərcümə kitablarının keyfiyyəti o qədər də yüksək deyil. Çox təəssüf ki, Tərcümə Mərkəzinin fəaliyyəti dayandırıldı. Halbuki Tərcümə Mərkəzinin buraxdığı kitablar çox peşəkar şəkildə tərcümə olunur, onların tərcüməçiləri xarici bədii ədəbiyyatı Azərbaycan dilində kifayət qədər peşəkar verə bilirlər. Adam o cür kitabları oxuyanda zövq alır.
Lakin təsadüfi və yaxud hər hansı bir ehtiyacdan doğan tərcümələr də olur, bəzi nəşriyyatlar ağına-bozuna baxmadan onları buraxırlar. Bəzən elə olur ki, bir kitabda bir neçə tərcüməçinin pis mənada dəst-xəttini görürsən. Çünki fərqli intonasiyalar, fərqli üslublar müşahidə olunur və bu da oxucunu istər-istəməz qıcıqlandırır".
Qulu Məhərrəmli
Qulu Məhərrəmlinin fikrincə, bu məsələ ilə bağlı hansısa qurumun və yaxud nəzarətin yaradılmasına ehtiyac yoxdur: “Sadəcə olaraq, yaxşı naşir kitab çapına yaxşı tərcüməçilər cəlb edir, onlar da həmin kitabı peşəkar şəkildə tərcümə eləyirlər. Əgər yenidən tərcümənin keyfiyyətinə nəzarət üçün qurumlar yaratsaq, bunlar əks-nəticə verə bilər. Əlbəttə ki, müəyyən monitorinqlər aparıla bilər. Mədəniyyət naziri, Prezident Yanında Dil Komissiyası və müxtəlif qeyri-hökumət təşkilatları monitorinqlər vasitəsilə müəyyən eləyə bilərlər ki, hansı nəşriyyatda tərcümə baxımından keyfiyyətsiz kitablar buraxılır. Amma qeyd etdiyim kimi, xüsusi nəzarət qurumuna ehtiyac yoxdur, çünki bu, cəmiyyəti xeyli geri apara bilər”.
Şahbaz Xuduoğlu
“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu isə məsələyə bu cür mövqe bildirdi: “Həqiqətən də, son illərdə kitab oxuyanların sayı artıb. Bu da onu göstərir ki, tərcümə olunan kitablar elə də pis deyil. İnsanlar kitab oxuyurlarsa, deməli, onlardan nələrsə öyrənə bilirlər, əks halda oxumazdılar.
Tərcümə ilə bağlı şikayətlərə gəldikdə isə ən böyük şikayətçilər elə biz özümüzük. Məsələn, mən bir naşir olaraq tərcümə məsələsindən çox narazıyam. Tərcüməçini sınaqdan keçirirsən, görürsən ki, yaxşı tərcümə edir, amma kitab halına gələndə nəticə gözləntiləri doğrultmur. Yenidən redaktə, yenidən tərcümə prosesi aparmaq lazım gəlir. Bu da səhvləri aradan qaldırmaq üçün uzun və mürəkkəb prosedur tələb edir. Amma bu cür çətinliklər olmasa, tərcümə sahəsi inkişaf edə bilməz.
Heç kim bir gündə tərcüməçi olmur. Adətən işə yeni başlayan tərcüməçilər peşəkar redaktorlarla, təcrübəsiz redaktorlar isə təcrübəli tərcüməçilərlə işləyirlər. Bu proses belə davam etməli və fasiləsiz olaraq inkişaf etdirilməlidir.
Tərcüməyə nəzarət məsələsinə gəldikdə isə vaxtilə Tərcümə Mərkəzi yarananda deyirdilər ki, “biz tərcüməyə nəzarət edəcəyik”. Amma tərcüməyə nəzarət etmək nə deməkdir? Tərcüməyə necə nəzarət etmək olar? Bu yanaşma başdan-ayağa yanlışdır. Əgər tərcüməyə dəstək vermək istəyirlərsə, dəstək versinlər; maliyyə, resurs ayırsınlar. Amma tərcüməyə nəzarət adı altında heç bir fayda əldə olunmaz. Əksinə, bu cür yanaşmalar tərcümə prosesini çətinləşdirər.
Dilimiz də inkişaf edir. Texnoloji tərəqqi nəticəsində yüzlərlə yeni söz yaranır və biz onları dilimizə gətirib qəbul etməliyik. Bu proses qaçılmazdır. Bəzən köhnə nəsil yeni sözləri mətnlərdə görəndə narazılıq edir ki, bu sözlər niyə işlədilir. Amma bu sözləri biz yaratmırıq, onlar təbii olaraq yaranır və biz də onları qəbul etmək məcburiyyətindəyik. Bu yeni sözlərə qarşı qıcıq yaratmaq əvəzinə, onların mənasını anlamağa və düzgün istifadə etməyə çalışmaq lazımdır.
Bu mənada, işləyən bir mexanizmi dayandırmaq yox, ona daha çox dəstək vermək lazımdır ki, nəticədə ortaya keyfiyyətli məhsul çıxsın".
Xalidə GƏRAY,
“Yeni Müsavat”