Azərbaycanlı rejissorun işi “Sarayevo” Film Festivalında
Azərbaycanlı rejissor Azər Quliyevin “Sanki yoxsan” adlı qısametrajlı filmi 30-cu “Sarayevo” Film Festivalının əsas proqramında nümayiş olunacaq.

Bu il avqustun 9-dan 23-dək keçiriləcək festivalda “Heart of Sarayevo” mükafatları uğrunda ümumilikdə 54 film yarışacaq.

Üç film isə müsabiqədən kənar nümayiş etdiriləcək.

Festivalın bədii, sənədli, qısametrajlı və tələbə filmləri üzrə dörd müsabiqə bölməsində 19 dünya, 9 beynəlxalq, 3 Avropa, 21 regional və 3 milli premyera nəzərdə tutulub.

Qaliblər üçün pul mükafatı nəzərdə tutulub.

“Ən yaxşı sənədli film” qalibinə 4000, “Ən yaxşı qısametrajlı sənədli film”in qalibinə 2000, “İnsan hüquqları haqqı”nda film çəkən 3000, “Jürinin xüsusi mükafatı”na layiq görülənə isə 2500 avro veriləcək.

Sarayevo Film Festivalı 1995-ci ildən keçirilir. İlk festival Bosniya və Herseqovinada müharibə gedən dövr, Sarayevonun mühasirəyə alındığı bir vaxtda keçirilib. O vaxtdan hər il avqust ayında keçirilir. Cənub-Şərqi Avropa bölgəsinin ən öndə gedən festivallarından olan Sarayevo Film Festivalını hər il 100 mindən artıq insan izləyir.

2004-cü ildən bəri festival “Heart of Sarajevo” adı altında ən yaxşı film, ən yaxşı qısametrajlı film, ən yaxşı sənədli film, ən yaxşı aktrisa və ən yaxşı aktyor mükafatı verir.

Azər Quliyevin “Sanki yoxsan” filmi 2024-cü ilin mayında keçirilən 77-ci Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinin proqramına da salınmışdı.

Dia-az.İnfo
 

Dünyapress TV

Xəbər lenti