Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) 2 saylı Gəncə “ASAN Xidmət” Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Deepdive” MMC (VÖEN - 1202984711) şirkəti olub. Müsabiqənin şərtinə görə “Deepdive” MMC 2023-cü ilin 8-31 dekabr tarixləri ərzində 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində çirkab suların çəkilməsi və daşınması xidmətini həyata keçirəcək. Çirkab suyun çəkilməsi və daşınması üçün “ASAN xidmət” “Deepdive” MMC-yə 22 min 531 manat 63 qəpik ödəyəcək. Tender müsabiqəsi ilə bağlı diqqət çəkən başqa bir məqam isə odur ki, müsabiqə ilə bağlı məlumat dövlət satınalmalarının vahid internet portalında 29 yanvar 2024-cü ildə dərc olunub. Lakin, tender müsabiqəsinin icra müddəti ötən ilin dekabr ayı göstərilib. Bu isə o deməkdir ki, “ASAN Xidmət” qalib şirkətlə müqaviləni dekabr ayının 8-dən əvvəl imzalayıb. “Dövlət satınalmaları haqqında” Qanunun (https://e-qanun.az/framework/54966) 38.11-ci maddəsində yazılır ki, satınalma komissiyası satınalma müqaviləsi qüvvəyə mindiyi gündən 3 (üç) iş günü ərzində satınalan təşkilatın və müqaviləni bağlamış təchizatçının adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı), VÖEN-i, satınalma predmeti, satınalma metodu, müqavilənin məbləği və icra müddəti barədə portalda məlumat yerləşdirir. Göründüyü kimi, ötən ilin dekabr ayının 8-də icrasına başlanılan tender ilə bağlı məlumatların bu ilin yanvar ayının 29-da portalda dərc olunması Qanunun qeyd olunan tələblərinə ziddir.