Həmişəki kimi Moskva "mutilşik" rolunda -
Rusiya Prezidenti Vladimir Putin “Valday” diskussiya klubunda çıxışı zamanı Azərbaycan-Ermənistan arasında gedən danışıqlardan, sülh müqaviləsinin imzalanması prosesindən danışıb. Kreml rəhbəri İrəvanın "Vaşinqton və Moskva variantları" şəklində gündəmə gətirilən sülh sənədləri arasında get-gələ də münasibət bildirib. TEREF.AZ-ın məlumatına görə, Putin birmənalı bəyan edib ki, tərəflər arasında mütləq sülh sazişi olmalıdır. Dövlət başçısı deyib ki, hansı variant seçilməsindən asılı olmayaraq, proses sülhə gətirib çıxarırsa, hamı bunun tərəfdarı olacaq: "Amma biz heç nəyi məcbur etmək fikrində deyilik. Biz Ermənistana nə isə diktə edə bilmərik və niyyətimiz də yoxdur. Əgər erməni xalqı və Ermənistan hakimiyyəti hesab edirsə ki, bu sülh sazişinin hansısa konkret variantını seçmək lazımdır, biz erməni xalqının istənilən seçimini dəstəkləyəcəyik. "Vaşinqton variantı” başa düşdüyüm qədərincə, Azərbaycanın Qarabağ üzərində tam suverenliyinin tanınmasını əks etdirir. Yox əgər erməni xalqı və Ermənistan hakimiyyəti hesab edirsə ki, Qarabağın özünəməxsus xüsusiyyətləri var və gələcək sülh müqaviləsində bu xüsusiyyətlər nəzərə alınmalıdır, bu da mümkündür. Ancaq əlbəttə ki, Azərbaycanla razılaşmaq lazımdır. Bu sazişin Azərbaycan üçün də məqbul olması lazımdır. Bu ağır, çətin məsələdir".
Putin əlavə edib ki, Ermənistan Moskvanın strateji partnyoru, müttəfiqidir: "Biz, əlbəttə ki, Azərbaycanın maraqlarını nəzərə alaraq, Ermənistanın təklif edəcəyini böyük ölçüdə rəhbər tutacağıq”. Qeyd edək ki, Ermənistanda bəzi siyasi dairələr və politoloqlar sülhün "Vaşinqton" və "Moskva" variantları olduğunu, guya, Ermənistan rəhbərinin "Vaşinqton variantı"nı imzalamağa razılaşdığını, "Moskva variantı"nın ermənilərin maraqlarına qəti uyğun olmadığını iddia edirlər.
Analitiklərin fikrincə, Putin öz fikirləri ilə Ermənistana diş göstərsə də, Azərbaycanla fikir ayrılıqlarını da etiraf etmiş olur.
Siyasi şərhçi Asif Nərimanlı "Şərq"ə deyib ki, Putinin “Valday” klubunda Qarabağla bağlı açıqlaması Moskvanın Xankəndidəki separatçılara dəstəyi kimi qəbul edilə bilər. Ekspertə görə, bölgədə Qərb-Rusiya qarşıdurması və Ermənistan hakimiyyətinin planı fonunda Kremlin daha çox “dağıdıcı” gediş etdiyini demək mümkündür: "Qarabağ üzərində Azərbaycanın suverenliyinin qəbul edildiyi “Vaşinqton sənədi” haqda Putin ermənilərə iki seçim verir. Erməni xalqı bunu qəbul edərsə, seçimlərini dəstəkləyəcək. Putin ermənilərə “Qarabağı istəyirsinizsə, Vaşinqton yox, Moskva sənədini seçməlisiniz” mesajını çatdırır. Lakin fikrinin davamı olaraq “təbii ki, biz Azərbaycanla danışıqlar aparmalıyıq, bu razılaşmalar Azərbaycan üçün məqbul olmalıdır" deməklə erməni xalqına “Paşinyan Qarabağdan imtina edir”, “Qarabağın xilası” imkanının Rusiyada olduğu mesajını verir. Erməni ictimai rəyi üzərindən Paşinyana təzyiqin edilməsinə nail olmaq və sülh sazişinin imzalanmasında Qərbin vasitəçilik planını pozmaq istəyir. Lakin “Qarabağın xilası” üçün vəd vermir. Moskvanın Bakı ilə danışıqlarda bu məsələnin “müzakirəsini təşkil edə biləcəyini” deyir. Məqsədin Rusiyanın təşəbbüsü yenidən ələ alması olduğu aydındır və bunun mümkün Soçi görüşündən öncə açıqlanması da erməni ictimai rəyini formalaşdırmaq məqsədi daşıyır. Hərçənd, “Vaşinqton sənədi” fonunda Putinin fikirləri fərqli kontekstdə də diqqət çəkir".
A.Nərimanlı vurğulayıb ki, "Vaşinqton sənədi” Qarabağda Azərbaycanın suverenliyini tam tanıyır. Lakin kommunikasiyanın açılması (Zəngəzur dəhlizi) və sərhədin delimitasiyası məsələsində Ermənistanın maraqlarına uyğundur: "Nikol Paşinyanın planı belədir ki, kommunikasiya və delimitasiyada istəyinə nail olmaq üçün sənədlə Qarabağdan imtina edir. Lakin problemi “hüquqi münaqişə” olaraq saxlamaq istəyir. Erməni əhalisinin “hüquq və təhlükəsizliyinin qorunması” adı altında “müqəddəratını təyin etmə” iddiası qalır. Separatçıların taleyi ilə bağlı yekun nəticənin məsuliyyətini Moskvanın üzərinə yükləyir. Bu həm Bakı və Ankara ilə üz-üzə qalmaq, həm də bölgədə uzunmüddətli mövcudluğunu saxlamaq imkanının zəifləməsi baxımından Moskvanın maraqlarına uyğun deyil. Bu baxımdan, Putinin “Vaşinqton sənədi” və ermənilərə seçim verməsi daha çox Paşinyanın-Qərbin planına qarşı “dağıdıcı” gediş etməkdir".
 

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO
18 Aprel 2025 Ukrayna və ABŞ faydalı qazıntılarla bağlı memorandum imzalayıb
18 Aprel 2025 CHP ilə bağlı açıqlama verən jurnalist tutulub
18 Aprel 2025 Dünya "Təbii fəlakət" deyib qıraqdan baxır? - Onlar belə önləyici tədbirlər alırlar...
17 Aprel 2025 Tramp və Ərdoğan arasında strateji anlaşma: ABŞ və Türkiyə yeni qlobal güc mərkəzi qurur
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 Fransadan Azərbaycana böyük pislik - Bakı bağışlamayacaq!
17 Aprel 2025 Anar Əlizadəyə Serbiya pasportunu kim və niyə verdi: Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir - SENSASİYA
17 Aprel 2025 Medvedev şirkətlərindən 8 milyard qazandı, pulu "gizli bağ evi"nə xərclədi
17 Aprel 2025 Paşinyanın Çingiz xan travması - Parlamentdə Monqol xaqanının adını buna görə çəkibmiş…
16 Aprel 2025 İran ABŞ-la danışıqlara hazırdır – “Uran zənginləşdirmə prinsipindən geri dönməyəcəyik”
16 Aprel 2025 Narazı ermənilər küçələrə çıxdılar: “Qarabağ klanı” Paşinyanı devirmək istəyində
16 Aprel 2025 İranın parçalanması planında inanılmaz detal – Hədəf başqadır

Dünyapress TV

Xəbər lenti