![]() |
![]() ![]() ![]() |
|
Rusiyanın postsovet ölkələrə təzyiqlərinə dair yazdığımız və ardını bu dəfəyə saxladığımız yazının girişində belə bir qeyd etmişdik: “Son 34 ildə Kremlin keçmiş SSRİ respublikalarına münasibətdə əsasən iki dərdi olub: 1. Müstəqil dövlət olsalar da, vassal olmaqda davam etsinlər, Moskvanın əlinin altında olsunlar və üzlərini başqa səmtlərə tutmasınlar; 2. Qanuni, azad, dürüst seçki keçirməsinlər, xalqın iradəsi ilə formalaşan hakimiyyətə malik olmasınlar”.
Bu gün söhbətə qaldığımız yerdən davam edək.
Kreml 1990-cı ilin noyabrında Gürcüstan parlamentinin sədri, 1991-ci ilin aprelində, hələ SSRİ dağılmamış isə prezident seçilərək Gürcüstanda hakimiyyətə gələn Zviad Qamsaxudiyadan çox narazıydı və onu “şovinist” adlandırır, diktatura bərqərar etməkdə suçlayırdı. Doğrusu, xalq hərəkatının dalğasında hakimiyyətə gəlmiş bütün liderlər kimi, Qamsaxurdiyada da millətçilik damarı yoğun idi və zaman-zaman açıq nasizm səciyyəsi daşıyırdı. Onun abxazlara və osetinlərə qarşı ksenofobik ritorikasından Kreml məharətlə istifadə edərək, araya düşmənçilik toxumu səpmişdi.
8 aydan sonra yerli partnomenklaturanın gücüylə Qamsaxurdiya devriləndə və hakimiyyətə Eduard Şevardnadze gələndə, əslində Kreml onu istəmirdi. Moskva Amvrosyeviçi “vurulmuş kadr” hesab edir, başqa kadr üzərində düşünürdü. Bu şəxs eynilə Azərbaycanda hakimiyyətə gəlməsi arzulanan Vaqif Hüseynov kimi vaxtilə Gürcüstanın DTK-sının generalı olan İqor Giorqadze idi. Ancaq qoca Şevardnadze gənc Giorqadzedən güclü çıxdı, özü prezident oldu və onu DTK sədri təyin etdi. Onlar bir neçə il birlikdə işlədilər. Kreml anası rus olan Giorqadzenin Şevardnadzeni əvəz edəcəyinə əmin idi. Ancaq işlər o cür getmədi. Əvvəlcə Şevardnadze Giorqadzeni “vurdu”, sonra Mixail Saakaşvili və komandası Şevardnadzeni devirdi, Moskvanın “gürcü arzusu” çin olmadı.
Kreml elə ilk günlərdə Qərbyönümlü Saakaşviliyə düşmən kəsildi. Çünki o, hakimiyyətə öz xalqının iradəsi ilə gəlmişdi və Gürcüstanı Avropaya inteqrasiya etdirmək, ABŞ üçün isə ikinci “Corciya” (Georgia – Corciya və Georgia-Gürcüstan) yaratmaq istəyirdi.
Bu intriqanın ömrü uzun sürmədi. Abxaziya və Cənubi Osetiya üzərində suverenliyini bərpa etmək istəyən Gürcüstan Rusiyanın hərbi təcavüzünə məruz qaldı, daha sonra prezidentlik müddəti bitən Saakaşvili hakimiyyəti “Gürcü arzusu” partiyasına verməli oldu. Moskvanın qulağı Gürcüstan sarıdan dincəldi. Düzdür, bu iki dövlət arasında əski münasibətlər hələ də bərpa olunmayıb, amma bunun əsl səbəbkarı gürcü xalqının 08.08.08 tarixli hərbi təcavüzə görə Moskvanı bağışlamamasıdır. Yoxsa İvanişvili iqtidarının Moskvapərəst siyasət yeritdiyi heç kəsə sirr deyil.
Elə Gürcüstandakı son vətəndaş qarşıdurması da Rusiyada qəbul edilmiş xarici agentlər haqqında qanunun “kopi-peyst” edilib tərcümə olunması və Gürcüstan parlamentində qəbul edilməsidir. Yeri gəlmişkən, Kreml Gürcüstanın indiki hakimiyyətini dəstəklədiyini gizlətmir. Gürcüstan hakimiyyəti isə Moskvaya sevgisini çox da açıb-ağarda bilmir, xalq bu iltifatı yaxşı qəbul etməz.
Rusiyanın Ukrayna ilə münaqişəsinin başlanğıcının tarixi haqda çox yazmışıq. Qısaca onu deyək ki, 2004-cü ildə hakimiyyətə Viktor Yuşşenko yox, prezident Leonid Kuçmanın Moskvadan xeyir-dua alan varisi gəlsəydi, bu iki ölkə arasında ixtilaf başlamayacaq, təxirə düşəcəkdi – ta Moskvanın Kiyev üzərindəki dominantlığı itənə qədər.
İndi Vladimir Zelenskiyə qarşı olan siyasətçilər və siyasi dairələr eyni bir fikri təkrarlayırlar ki, münaqişənin əsas səbəbi Ukraynanın NATO-ya üzv olmaq istəməsidir.
Bu fikri dönə-dönə vurğulayanlar bir gerçəkliyi görməzliyə vururlar: Ukrayna müstəqil dövlətdir və istənilən hərbi, siyasi, iqtisadi bloka qoşulmaqda sərbəstdir. Onun keçmiş SSRİ respublikası olması Moskvaya haqq vermir ki, buna mane olsun.
NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması məsələsinə gəlincə, NATO çoxdan Rusiyanın sərhədinə yaxınlaşıb. Latviya, Estoniya və Litva 2004-cü ildən Avropa İttifaqının, 29 mart 2004-cü ildən NATO-nun üzvüdürlər, Şengen zonasına daxildirlər və Avrozonanın bir hissəsidirlər. Bəs nə əcəb o zaman Rusiya etiaz etməyib?
Yaxud 2022-ci ildə Rusiyanın digər qonşuları Finlandiya v İsveç NATO-ya üzv oldular, Moskva mane oldumu, ola bildimi, olmağa çalışdımı? Xeyr.
Ona görə ki, Kremlin bu ölkələrə təsir rıçağı ya yoxdur, ya da çox zəifdir. Amma Moskva həm özünü Ukraynada güclü hesab edirdi, həm də düşünür ki, Ukrayna onun əbədi “arxa bağça”sidir.
2020-ci ildən sonra Rusiyanın Ermənistana qıcığının əsl səbəbi Nikol Paşinyanın xalqın iradəsi ilə seçilməsi və ölkəsini Qərbə yaxınlaşdırmasıdır. Paşinyanın komandası hələm-hələm gülləyə gəlməyən şələquyruq məxluq kimi hiyləgərcəsinə manevr edə-edə öz bildiyi istiqamətə gedir. Moskva isə fürsət gözləyir. Ermənistanın NATO və Avropa İttifaqı üzvlüyü geridönməz şəkildə dəqiqləşərsə, Rusiyanın hərbi kontingentinin 1979-cu ilin dekabrında Kabuldakı prezident iqəmatgahını “götürdüyü” kimi bir əməliyyat keçirəcəyi istisna deyil.
Keçirdiyi demokratik seçki ilə Kremli narazı salan sonuncu ölkə Moldovadır. Ötən ilin noyabrında Qərbin adamı Maya Sandu Rusiyanın adamı Stoyanoqloya qalib gəldikdən bəri Rusiya mediasının gözünün düşməni xanım Sandudur. M.Sandu da Avropaya inteqrasiyanın qatı tərəfdarıdır. Moskva isə buna qarşıdır. Ona görə də Kreml artıq onun üçün “Qaqauz problemi” hazırlayır, Dnestryanı bölgə ilə yanaşı Qaqauz Yeri muxtariyyatını da Kişinyovun başına bəla etmək istəyir.
Çox gözləməli olmayacağıq. Ukrayna məsələsi yan-yön olan kimi rus barmağı özünü İrəvanda və Kişinyovda göstərəcək.
Araz Altaylı, Musavat.com