Benzin ilə işləyən avtomobillərin istifadəsinə
Elektrikli Avtomobil elektrik enerjisindən istifadə edən nəqliyyat vasitəsidir. Daxili yanma maşınlarından fərqli olaraq, onlar ətrafa zərərli qazlar buraxmır. Ətraf mühit şəraiti göstərir ki, daha ekoloji təmiz nəqliyyat üçün elektrik nəqliyyat vasitələrinin istifadəsi qlobal miqyasda geniş yayılmalıdır. Elektrikli avtomobillər yüksək performansı ilə ənənəvi avtomobillərdən bir addım öndə olsalar da, həm də səssiz işləyirlər.

Ölkəmizdə artıq ekoloji standartlara uyğun avtobuslar və nəqliyyat vasitələri fəaliyyət göstərir. Belə olan təqdirdə, elektrikli avtomobillərə olan tələbatda artır. Bəs Azərbaycanda benzin ilə işləyən avtomobillərin istifadəsinə qadağa qoyula bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan "Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyində icraçı direktoru,avtomobil bazarı üzrə tanınmış ekspert Eyyub Əliyev deyib ki, Azərbaycanın avtomobil parkının 83 faizi yaşı 10 ildən yuxarı olan avtomobillərdir:

"Biz avtomobil parkımızı yeniləmək üçün təkcə elektrikli və hibrid ilə kifayətlənə yaxud benzinlərə qadağa qoya bilmərik. Çünki bu yeni texnologiyadır. Bunun üçün infrastruktur tam qurulmalı, rəsmi servislər tam hazır olmalıdır. Bu istiqamətdə rəsmi servislərdə işlər gedir. Buna ixtisaslaşmış ustaların yetişdirilməsi, onların peşələrinə uyğun ixtisasartırmaları daxildir. Ən vacib məsələ isə burada infrastrukturdur. Bu gün biz istədiyimiz yerdə yanacaq doldurma məntəqələri tapa bilirik. Amma şarj məntəqəsi tapmaq çətindir".

Ekspertin sözlərinə görə, Bakı şəhəri və ətrafında 170 ədəd şarj məntəqələrinin quraşdırılmasına start verilib. Bölgələrdə isə bu rəqəm 177-dir:

"COP29-a qədər bunların hamısı həyata keçirilməlidir. Amma biz yenə də bununla kifayətləna bilmirik. Bizim hədəfimiz 2030-dur. 2030-a qədər mərhələli şəkildə elektrikli avtomobillərə keçid edirik. Amma benzinin qadağan olunması yaxın olası bir addım deyil. Bu gün avtomobil alanda hələ də vətəndaşlarımız fikirləşirlər ki, 1994-cü illərin maşınını alsınlar. Bu baxımdan birdən-birə belə inteqrasiyaya gedə bilmərik. Bununla yanaşı avtomobil parkını elektrikli və hibridlər ilə yeniləyə bilmərik. Buna vətəndaşlar hazır olmalıdır. Bu baxımdan benzinə qadağa qoyulması mümkünsüz bir haldır".

Dünyapress TV

Xəbər lenti