Azərbaycan Ordusunun Aprel qələbəsindən 8 il ötür
Bu gün Azərbaycan və Ermənistan arasında baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür.

Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan tarixi döyüşlərin başlanmasından səkkiz il ötür.

2016-cı ilin mart ayının ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə ermənilər aprel ayının ikisindən beşinədək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub. Bu hadisələr nəticəsində Azərbaycan Ordusu şəhid verib, həmçinin mülki əhali arasında da ölən və yaralananlar olub.

Döyüşlər zamanı Azərbaycan Ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, həyata keçirilən sürətli əks-həmlə zamanı 2 000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də Azərbaycan Ordusunun nəzarətinə keçib. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb.

Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin ikisindən-dən beşinədək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunub. Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.

Ötən müddət ərzində işğaldan azad olunan ərazilərdə, o cümlədən aprel qələbəsi ilə düşmən təhlükəsinin uzaqlaşdırıldığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təmir bərpa işləri aparılıb, orada yeni qəsəbə salınıb, ata-baba yurdlarından didərgin salınan insanlar geri dönüblər. Kənddə məscid tikilib, Cocuq Mərcanlı kənd məscidi dini icması fəaliyyət göstərir.

Aprel döyüşlərində Azərbaycan Ordusu düşmənə öz gücünü göstərib. Bunun nəticəsidir ki, 2020-ci ilin sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqların azad olunması uğrunda döyüşlərə başlayıb. 44 gün davam edən döyüşlər zamanı beş şəhər, dörd qəsəbə və 286 kənd işğaldan azad edilib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun üç kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun doqquz kəndi, Şuşa şəhəri, Laçın rayonunun üç kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha beş adsız yüksəklik azad olunub.

Ərazilərin işğaldan azad olunması ilə bağlı şad xəbərləri Azərbaycan xalqına Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev çatdırıb.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, 2020-ci ilin noyabrın 20-də Ağdam rayonu, 2020-ci ilin noyabrın 25-də Kəlbəcər rayonu, 2020-ci ilin dekabrın 1-də isə Laçın rayonu sülh yolu ilə Azərbaycana qaytarılıb. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub və bununla da Dağlıq Qarabağ münaqişəsi başa çatıb.

Qarabağ iqtisadi rayonuna daxil olan Xocalı rayonunun Fərrux kəndi və ətraf yüksəklikləri 2022-ci il mart ayının sonlarında Azərbaycanın tam nəzarətinə keçib. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata uyğun olaraq kənd Rusiya sülhməramlı qüvvələrinin nəzarətində idi. Ancaq qanunsuz erməni silahlı dəstələri 30 il əvvəlki kimi Fərruxdan Azərbaycan Ordusunun mövqelərinə atəş açmağa başlamışdı. Azərbaycan Ordusu əməliyyat keçirərək ərazini qanunsuz silahlılardan təmizləyib.

2022-ci ilin avqust ayında Azərbaycan Ordusu Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı antiterror əməliyyatı keçirib. “Qisas” adlı cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb.

Ermənistanın təxribatı səbəbindən ötən ilin sentyabrın 13-14-də baş vermiş toqquşmalar nəticəsində isə qarşı tərəf yüzlərlə canlı itki verib, texnikaları məhv edilib. Bu döyüşlər Ermənistanın geri oturdulması ilə nəticələnib.

Bu ilin martında isə Azərbaycan Ordusu Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürüb.

2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən ağ bayraq qaldıraraq təslim olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.

Dövlət başçısı oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər edib, Əsgəran qalasında olub və orada Azərbaycan bayrağını qaldırıb.
 

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Mövqelərimiz yenidən atəşə tutuldu
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB
06 Aprel 2025 Türkiyənin adından Qarabağ haqda pis xəbər yayıldı: səfirlik REAKSİYA VERDİ– FOTO
05 Aprel 2025 Suqovuşan kəndinə növbəti köç karvanı yola salındı
05 Aprel 2025 Zəngəzur dəhlizi ilə bağlı mühüm gəlişmə...
03 Aprel 2025 32 ildir açıq qalan sual: Kəlbəcərin işğalının qarşısını almaq mümkün idimi?
02 Aprel 2025 Qələbəyə aparan yol - Aprel döyüşlərindən doqquz il ötür
01 Aprel 2025 “300-ə yaxın müsəlman məscidi, 500-dən artıq müsəlman qəbiristanlığı barədədə hesabat versin”-DEPUTAT
29 Mart 2025 Azərbaycan öz Milli Qəhrəmanına BELƏMİ SAYĞISIZDIR? - BU NƏDİ BELƏ?..
28 Mart 2025 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Sarıcalı kəndinə səfərdən görüntülər paylaşılıb - VİDEO

Dünyapress TV

Xəbər lenti