![]() |
![]() ![]() ![]() |
|
İranın vurulması ətrafında Azərbaycanda yenidən qızışan müzakirələr prinsipcə, dünyanın hər yerindəki ilə yəqin ki, oxşardır. Azərbaycandakı müzakirələrdə bir az emosiyalar fərqlidir. XİN-in mövqeyi qısa, amma ifadələrin seçilməsi və düzülüşü diplomatik baxımdan uğurludur.
Tehran rejimi bu illər ərzində Azərbaycanda səmimi olaraq İranın tərəfini saxlamağa heç bir səbəb verməyib. İsrailin lehinə isə xüsusilə 44 günlük müharibədən sonra deyiləsi çox sözlər var. Azərbaycan xalqı pisliyi unutmur, yaxşılığı da minnətdarlıqla xatırlayır.
İrana gecə zərbələrindən uzaqgedən və Azərbaycanın xeyrinə nəticələr çıxaranlar da var. Bəlkə də onlar haqlıdırlar, Azərbaycan ərazinini düşməndən tam təmizlədikdən sonra regionda daha ciddi çağırışlara hazır olmalıdır. Dünyanın yenidən bölüşdürlməsi İranın vurulması ilə başlaya da bilər, amma “pay almağa” tələsməyək, bir az səbirli olmaqda fayda var.
İrana qonşu Rusiya cəmiyyəti üçün İsrailin hücumu nəinki fövqəladə, ümumiyyətlə sıradan hadisədir, baxmayaraq ki, ölkənin informasiya məkanı bütün gücü ilə bu hadisələrə köklənib. Rusiya cəmiyyətinin öz sosial qayğıları başından aşır, davam etməkdə olan müharibə səbəbindən qorxuları da var. Rusların İranla tarixən qohumluqları olmayıb, amma İsraildə Rusiyadan getmiş çox sayda ruslarla qohum yəhudilər yaşayır, onlar üzərindən ölkələr arasında gediş-gəliş, biznes, maliyyə əlaqələri var.
Kreml üçün bu hücum iki fərqli nəticədir. Birincisi, İranın nüvə silahına sahib olması Moskvanın maraqlarına uyğun deyil. Rusiya uzun danışıqlardan sonra bu ilin yanvarında İranla strateji müttəfiqilik sənədi imzalayıb. Müqavilə təhlükəsizlik və müdafiə sahəsində də əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur. Razılaşmaya görə, İrana hücum halında Rusiya Tehrana hərbi yardım göstərməyə borclu deyil. Moskva vəd etmişdi ki, İrana hücum olarsa, münaqişənin həlli üçün diplomatik səylər göstərəcək. Ona görə Putinin Pezeşkiana və Netanyahuya zəng edib vasitəçilik təklif etməsi İran qarşısında müttəfiqlik öhdəliyi ilə izah edilə bilər.
Türkiyənin dünyada baş verən hadisələrə fərqli yanaşması, fərqli xarici siyasət prioritetləri var. Azərbaycanda İsrail-İran qarşıdurması müzakirələrində Türkiyənin adının da xatırlanmasının səbəbi bəllidir. Unutmayaq ki, biz bir millət iki dövlətik, bir millət, bir dövlət deyil... Ankara Qəzzadan sonra İsrailin müsəlman ölkəsi olan İrana yenidən hücumunu, mülki şəxslərin həlak olmasını sərt qınayıb.
ABŞ-a və Prezident Trampa gəlincə, indiyədək onun bütün “böyük ideyaları” ölkəsinə heç bir görünən fayda gətirməyib. Ukrayna və Rusiya arasında vəd etdiyi atəşkəs alınmadı, Qrenlandiyanı və Kanadını ABŞ torpaqlarına qatmaq da daha aktual deyil. Qanunsuz miqrasiya ilə bağlı qərarları isə üsyan doğurub. Belə ortamda isə zəifləmiş İranı vurmaqdan əla fürsət ola bilməzdi. Proksi qüvvələri, xüsusilə “Hizbullah”ı zəiflətməklə İran regionda “boynuyoğun ölkə” statusundan çıxıb. İndi Tehran hətta “zəif bənddir”, İsrailin son hücumu da bunu təsdiqlədi.
Tramp adətən, əvvəlki bəyanatlarını ya unudur, ya sonradan danır. İran rejiminin içəridən çürüdüyünü bildiyindən hücumdan dərhal sonra “60 gün əvvəl İrana ultimatum verdiyini” yada saldı, yəni sözünü tutan lider olduğu rəyi yaratdı. İndi də deyir ki, İranın son şansı var, nüvə razılaşmasını imzalasın. Bu adamdan soruşan yoxdur ki, əgər regionda stabillik istəyirdinsə, niyə beynəlxalq vasitəçilərin (Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa, Almaniya “altılığı”) nüvə sazişindən həm də heç bir ciddi əsaslandırma olmadan çıxdı?
2015-ci ildə İranın nüvə proqramı ilə bağlı razılaşması beynəlxalq diplomatiyanın ən böyük qələbəsi kimi təqdim edilirdi. Mahiyyəti ondan ibarət idi ki, İran nüvə silahının hazırlanmasından əl çəkir, bunun müqabilində sanksiyalar tədricən aradan qaldırılır, digər dövlətlər isə razılaşmaya əməl edilməsinə nəzarəti həyata keçirir. Kompromis kimi İranın bütün nüvə obyektlərini dinc məqsədlər üçün saxlaması barədə razılıq vardı. Razılaşmaya əsasən, Tehran zənginləşdirilmiş uran ehtiyatlarını azaltmağı, nüvə obyektlərini yenidən təchiz etməyi və MAQATE(Beynəlxalq Atom Enerjisi Agentliyi) müfəttişlərinin daxil olmasına icazə verməyi öhdəsinə götürürdü. Amma qəfil İsrail bəyan etdi ki, İran əslində danışıqlarla baş qatır, əslində isə nüvə silahı hazırlamağa davam edir, yəni razılaşmaları pozur. Tel-Əvivin bu bəyanatına əsaslanan Tramp da heç bir xüsusi subutlar təqdim etmədən ABŞ-ın nüvə sazişindən çıxdığını bəyan etdi.
İyunun 5-də MAQATE İranın 60%-ə qədər zənginləşdirilmiş 275 kq uran ehtiyatı saxladığına dair hesabat yaydı. Bu o demək idi ki, İranın nüvə silahı yaratmağına bir addım qalıbmış. Buna cavab olaraq ABŞ sanksiyaları sərtləşdirdi və iyunun 11-də ultimatumun müddəti bitəndə Tramp danışıqların uğursuzluğunu rəsmən etiraf etdi. Amma kim təminat verəcək ki, Omanda davam edəcək ABŞ-İran nüvə danışıqları müsbət sonunclansa, məsələn, İsrail razılaşmanın hüquqi qüvvəsini tanıyacaq...
İsrailin iddiasına görə, uranın zənginləşdirilməsinin aparıldığı Natanzdakı nüvə obyektinə ciddi ziyan dəyib. Hərbi ekspertlərin fikrincə, Tehranın itirilmiş infrastrukturun bərpası ən azı bir il çəkəcək.
İsrail-İran düşmənçiliyi dünyanın necə deyəllər, qəbullandığı, hətta barışdığı faktdır. İsrail zamanında Suriyanın da nüvə silahı yaratmaq arzusunu gözündə qoydu, yəni Bəşər Əsəd kimi birisinin əlinin altında nüvə düyməsi olmasına imkan vermədi. Əsəd Suriyasının belə bir arsenalı olsaydı, Yaxın Şərqdə tam fərqli vəziyyəti yaranacadı. İndi İsrail regionda daha İrana nüvə silahı yaratmaq şansı vermək istəmir.
İranın “qisas bayrağı” qaldırdıqdan sonra İsrailə dronlardan sonra uzaqmənzilli raketlər göndərməsi çətin ki, pozulmuş hərbi tarazılığı bərpa etsin. Proqnozlaşdırmaq çətin olsa da, İran “öz sifətini”(hansı ki, generallarının öldürməsindən sonra bu mümkünsüzdür) qorumaq məqsədli raket zərbələrdən sonra ABŞ-la bazar günü danışıqları davam etdirməlidir. İranın danışıqlarda sərt üslub dili seçmıək lüksu qalmadı. İndi ən qabarıq görünən nəticə həm də budur...
Nazim SABİROĞLU
Musavat.com