
“Hazırkı ticarət qarşıdurmasında açıq qalib yoxdur”.
Yenicag.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın tarif tətbiqlərini təhlil edən iqtisadçı Ceni Karvi deyib.
O, bildirib ki, ABŞ və Çin arasında uzunmüddətli və sərt ticarət müharibəsi qlobal iqtisadi sabitliyi pozaraq dünya üzrə milyonlarla insanı yoxsulluğa sürükləyə bilər:
“Bu qarşıdurma təkcə “iPhone” və ya “Hoka” ayaqqabılarının qiymətindən ibarət deyil. Söhbət həm də ABŞ-nin qlobal güc statusunun sarsılmasından gedir. Bu, Amerika gücünün nüvəsini zəiflətməklə yanaşı, uzunmüddətli müttəfiqlərlə münasibətləri ciddi şəkildə zədələyir. Beynəlxalq Valyuta Fondu da belə gedişlərin iqtisadi artımı ləngidə və inflyasiyanı artıra biləcəyini xəbərdarlıq edir”.
“Tramp “öncə Amerika” şüarı ilə istehsalı ölkəyə geri gətirməyi hədəfləsə də, iqtisadçılar bu strategiyanın effektivliyinə şübhə ilə yanaşır. Tariflər yeni iş yerlərinin açılmasına səbəb olmur, əksinə, qiymətləri artıraraq istehlakçılara mənfi təsir göstərir. Ucuz Çin mallarına tətbiq olunan rüsumlar əsasən aşağı gəlirli amerikalılara zərbə vurur, çünki onların istehlak səbətində xarici malların payı daha çoxdur. Eyni zamanda, Trampın tarifləri ABŞ-nin texnologiya və innovasiya sahəsində rəqabət qabiliyyətini azalda bilər”, – deyə o, əlavə edib.
Mütəxəssisin fikrincə, bununla yanaşı, tarif müharibəsi istehsal zəncirlərində də dəyişikliklərə səbəb olur:
“ABŞ və Çin kimi iqtisadi nəhənglərin ayrılması yeni təchizat marşrutlarının formalaşmasına gətirib çıxara bilər. Bu, hər iki tərəf üçün zərərli olacaq. Çin tərəfi fabrik bağlanmaları və işsizliyin artması kimi sosial-iqtisadi fəsadlarla üzləşə bilər, ABŞ-də isə fermerlər və kiçik bizneslər ən çox itirən tərəflər olacaq. İnteqrasiya olunmuş iqtisadi əlaqələri tamamilə qoparmaq hazırkı mərhələdə mümkün görünmür”.
“Hazırk ticarət qarşıdurmasında açıq qalib yoxdur. Həm ABŞ, həm də Çin iqtisadiyyatı ciddi pozuntularla qarşılaşır, qlobal ticarət və güc balansı isə dəyişməkdədir. Trampın tarif siyasətinin ABŞ-nin uzunmüddətli maraqlarına nə dərəcədə xidmət edəcəyini zaman göstərəcək. İndi isə həm Amerika, həm də Çin iqtisadiyyatı bu siyasətin ağırlığını daşıyır və qlobal iqtisadi sabitlik risk altındadır”, – deyə o bildirib.
Nəsimi Ələsgərli