Ciddə görüşündə ciddi nəticə: Ukrayna ABŞ-ın atəşkəs təklifi ilə razılaşıb
Atəşkəsin 30 gün müddətində dayandırılması üçün Rusiyanın razılığı tələb olunur

Ukrayna ABŞ-ın 30 gün müddətinə dərhal müvəqqəti atəşkəs təklifini qəbul edib. Bu barədə Ukrayna Prezidentinin dəftərxanasının Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqların yekunu üzrə dərc etdiyi məlumatda deyilir. Lakin bu addımın həyata keçirilməsi üçün Rusiyanın razılığı tələb olunur.

“Ukrayna ABŞ-ın tərəflərin qarşılıqlı razılığı ilə uzadılması imkanı ilə 30 günlük atəşkəs tətbiq etmək təklifini Rusiyanın da bu şərtlərlə razılaşması və yerinə yetirməsi şərti ilə qəbul etməyə hazır olduğunu bildirib. Birləşmiş Ştatlar Rusiyaya çatdıracaq ki, bu, onun tərəfində qarşılıqlılıq sülhə nail olmaq üçün açardır”, - bəyanatda deyilir.

Bundan əlavə, ABŞ və Ukrayna arasında aparılan müzakirələrdən sonra hərbi yardımın bərpası və kəşfiyyat məlumatlarının mübadiləsi barədə qərar qəbul edilib.

Birgə bəyanatda deyilir: “Birləşmiş Ştatlar kəşfiyyat məlumatlarının mübadiləsində fasiləni dərhal aradan qaldırır və təhlükəsizlik yardımını bərpa edir”.

Həmçinin ABŞ və Ukraynanın davamlı sülhün bərpası istiqamətində mühüm addımlar atdığını vurğulanır. Tərəflər Ukrayna xalqının öz dövlətini müdafiə edən cəsarətini yüksək qiymətləndirib və sülh yolu ilə nizamlanma prosesinə başlamağın vaxtının yetişdiyi barədə razılığa gəliblər.

Bundan əlavə, nümayəndə heyətləri sülh prosesi çərçivəsində, o cümlədən yuxarıda qeyd olunan atəşkəs dövründə humanitar səylərin əhəmiyyətini müzakirə ediblər. Müharibə əsirlərinin mübadiləsi, mülki şəxslərin azad edilməsi və məcburi köçkün ukraynalı uşaqların geri qaytarılmasına xüsusi diqqət yetirilib.

“Hər iki nümayəndə heyəti danışıqlar qruplarının tərkibini müəyyənləşdirmək və Ukraynanın uzunmüddətli təhlükəsizliyini təmin edəcək davamlı sülhə nail olmaq üçün dərhal danışıqlara başlamaq barədə razılığa gəliblər. Birləşmiş Ştatlar bu konkret təklifləri Rusiya nümayəndələri ilə müzakirə etməyi öhdəsinə götürüb. Ukrayna nümayəndə heyəti sülh prosesinə avropalı tərəfdaşların cəlb edilməsinin vacibliyini bir daha vurğulayıb”, - deyə Ukrayna Prezidentinin dəftərxanasının bəyanatında vurğulanıb.

Bundan əlavə, Ukrayna Prezidentinin saytında ölkə başçısı Volodimir Zelenski və ABŞ lideri Donald Trampın Ukraynanın mühüm mineral ehtiyatlarının işlənməsinə dair hərtərəfli sazişin mümkün qədər tez bağlanması barədə razılığa gəldiyi bildirilir. Müqavilə “Ukrayna iqtisadiyyatını gücləndirməyə və onun uzunmüddətli rifahını və təhlükəsizliyini təmin etməyə” kömək etməlidir.

Ağ Evin sözçüsü Karolayn Levitt öz növbəsində qeyd edib ki, iki ölkə nümayəndə heyətləri arasında görüş məhsuldar keçib və Amerika tərəfi "müsbət xəbərlər" alıb: “Bu görüşlə bağlı aldığımız və Prezidentə verilən xəbər müsbətdir”.

Müəllif: Turan Abdulla
 
 

 


Dünyapress TV

Xəbər lenti