İran İsrailə geniş hücuma hazırlaşır - ABŞ kəşfiyyat məlumatlarını açıqladı
Bayden administrasiyası əmindir ki, İran HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə hücum etməyi planlaşdırır. ABŞ bu hücuma qarşı durmağa hazırlaşır.
Bakupost.az xəbər verir ki, bu barədə "Axios"a üç Amerika rəsmisi bildirib.
ABŞ rəsmiləri İranın cavab tədbirinin 3 apreldə İsrailə hücumuna bənzər şəkildə baş verəcəyini gözləyirlər. Lakin hücum potensial olaraq daha böyük miqyasda baş verə və Livan "Hizbullahı"nı da əhatə edə bilər.
İranın ali dini lideri Ayətullah Əli Xamenei və digər yüksək səviyyəli İran siyasi və hərbi rəsmiləri Tehranın Haniyənin öldürülməsinə görə qisas almaq niyyətində olduğunu bildiriblər.
"Hizbullah" lideri Həsən Nəsrullah da çərşənbə axşamı İsrailin Beyruta endirdiyi hava hücumubaş nəticəsində hərbi məsləhətçisinin öldürülməsinə cavab verəcəyini vəd edib.
Bayden administrasiyası İsraili İranın əvvəlki hücumundan qoruyan ölkələrin eyni beynəlxalq və regional koalisiyasını səfərbər etməyin daha çətin ola biləcəyindən narahatdır. Haniyənin qətli İsrail və HƏMAS arasındakı müharibə kontekstində baş verib və bu müharibə bütün regionda güclü anti-İsrail əhval-ruhiyyəsi yaradıb.
Aprel hücumu İsrailin İranın Dəməşqdəki obyektinə hava hücumu nəticəsində yüksək rütbəli iranlı generalın ölümünə cavab idi.
Amerikalı rəsmilərdən biri deyib ki, ABŞ kəşfiyyatı İranın qisas almaq üzrə olduğuna dair açıq-aşkar siqnallar almağa başlayıb.
İki ABŞ rəsmisi bildirib ki, iranlılar və onların etibar etdiyi şəxslərə İsrailə hücumu hazırlanmaq və əlaqələndirmək üçün bir neçə gün vaxt bəs edə bilər.
Başqa bir ABŞ rəsmisi Pentaqon və ABŞ Mərkəzi Komandanlığının aprel hücumundan əvvəl olduğu kimi yenə də hazırlıqlar apardığını bildirib.
O qeyd edib ki, hazırlıqlara Fars körfəzi, Şərqi Aralıq dənizi və Qırmızı dənizdəki ABŞ hərbi aktivləri cəlb edilib.
"Bizi bir neçə ağır gün gözləyir", - deyə ABŞ rəsmisi bildirib.
İsrail kəşfiyyatı İranın geniş miqyaslı raket hücumu edəcəyini gözləyir.
Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan jurnalistlərlə keçirdiyi brifinqdə bildirib ki, Yaxın Şərqdə genişmiqyaslı müharibə riski bu gün də qalmaqdadır.
O, Bayden administrasiyasının daha geniş müharibə və eskalasiyanın qarşısını almaq üçün diplomatiya yolu ilə intensiv səy göstərdiyini vurğulayıb.
 

Dünyapress TV

Xəbər lenti