Bakı şəhərinin Nərimanov küçələri artıq öz sakinləri üçün bir yaşam məkanı yox, narahatlıq mənbəyinə çevrilib.
Patrulaz.az-ın çəkdiyi kadrlarda və yerində apardığı müşahidələrdə aydın görünür ki, bu küçələr nə şəhər planlamasından, nə qanunlardan, nə də insani normalardan xəbər verir.
Bölgədə yeni tikilmiş obyektlər şəhər strukturunu alt-üst edib, piyada və avtomobillərin hərəkətini iflic vəziyyətinə salıb.
Əsasən də Əşrəf Əliyev 11-15 ünvanı ətrafında müşahidə edilən vəziyyət göstərir ki, yeni obyektlərin inşası küçələrdə piyada və avtomobillərin hərəkətini dözülməz həddə çatdırıb.
“Ice Pub Restaurant”, “Dental Estetika”, “Republic Pub Lounge”, “Harika” salonu kimi obyektlərin səkiləri zəbt etməsi, küçələrdə hərəkəti mümkünsüz hala gətirib. Belə ki, səkilər zəbt olunub, piyadalar yola çıxmaq məcburiyyətində qalır, avtomobillər isə sözün əsl mənasında tıxac içində çırpınır.
Ən acınacaqlı vəziyyət isə “Ciao Pizza” restoranının qarşısında yaşanır. Avtomobillər sanki restorana daxil olmaq istəyirmiş kimi, səkiləri tamamilə zəbt edib. Sanki burası bir restoran deyil, avtomobil sərgisi meydançasıdır.
Sakinlər vaxtilə köhnə binaların sökülərək, daha müasir və rahat yaşayış məkanları ilə əvəz olunacağını eşidəndə ümidlənmişdi. Lakin köhnə binaların yerinə başıpozuq şəkildə ucaldılan obyektlər nəinki vəziyyəti düzəltməyib, əksinə Nərimanov rayonunu özbaşınalıq simvoluna çevirib.
Hazırkı şəraitdə avtomobil sahibləri də çətin vəziyyətə düşüblər. Lakin problemin kökü fərdi sürücülərdə yox, şəhərsalma planlamasındakı boşluqlarda axtarılmalıdır. Bir sözlə, məsuliyyətsizlik və plansızlıq qarşısında, bu hallara haqq qazandırmaq mümkün deyil.
Mövcud vəziyyət göstərir ki, şəhərin mərkəzində sanki nə piyada, nə sürücü, nə də şəhər idarəetməsi anlayışı qalıb. Sürücülər səhv parklanma ilə cərimə olunur, amma cərimələr problemin üstünü örtə bilmir.
Küçələri bu hala salanlardan kimdir cavabdeh?
Bakı beləmi inkişaf edir?
Küçələri beləmi gözəlləşir?
Əgər belədirsə, Bombeyə ehtiyac yoxdur! Nərimanov rayonu yetər!
Bu şəhər kimindir? Xalqın? Yoxsa bir ovuc tikinti maqnatının?
Əgər indi susacağıqsa, sabah bu küçələrdə nə piyada gəzə biləcək, nə də yaşamaq mümkün olacaq!
Ümid edirik ki, aidiyyəti qurumlar Bombeyi xatırladan Nərimanov küçələrindəki sıxlıq və qarışıq vəziyyətlə bağlı tədbir görərlər.