Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız ilham Əliyev cənablarına.
Göyçay rayon Şəkili kənd sakini Ömərov Ruslan Ceyhun oğlu tərəfindən
MÜRACİƏT
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandanımız!
Mən Ömərov Ruslan Ceyhun oğlu 2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsi tərəfindən hərbi xidmətə çağrılmışam. 703 saylı hərbi hissənin tərkibində Tərtər-Ağdərə istiqamətində, Xoruzlu, İsmayılbəyli meşələrində döyüşlərdə iştirak etmişəm. 2020-ci ilin dekabr ayının 30-da 3 aylıq maaşım ödənilərək hərbi xidmətdən tərxis olunmuşam
Lakin bu günə qədər veteran adı və vəsiqəsi ala bilməmişəm.Səbəb kimidə hərbi biletimdə hərbi xidmətdən təxris olunmağımla bağlı peçatın olmamasını deyirlər. Hərbi biletimin surətini bu müraciətimə əlavə edirəm. Həmin biletin 6-cı səhifəsində qeyd olunub ki, 29.09.2020-ci il tarixində 279 nömrəli əmrlə tuşlayıcı minaatan kimi 703 saylı hərbi hissənin tərkibinə daxil olmuşam. Hərbi biletin digər səhifəsində göstərilib ki, 703 nömrəli hərbi hissənin tərkibində Tərtər-Ağdərə istiqamətində gedən döyüş əməliyyatlarında tuşlayıcı minaatan vəzifəsində iştirak etmişəm.
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandanımız!
Sizin haqq mübarizəsinə başlamaq əmrinizi qürurla qarşılayaraq 44günlük müharibəyə coşqu və sevinclə qatılmışam. Sizin komandanlığınızla elə ilk gündən düşmən üzərində inamlı qələbə qazanaraq torpaqlarımızı qarış-qarış, kənd-kənd işğaldan azad etdik. Üçrəngli şanlı bayrağımızı yenidən doğma torpaqlarımızda ucaltdıq.Nəhayət 2020-ci ilin 10 noyabr gecəsi Siz xalqımıza zəfər müjdəsini verdiniz. Elə həmin gün 30 illik Dağlıq Qarabağ münaqişəsinə xalqımızın qələbəsi ilə son qoyuldu.Bütün bunlara Sizin Ali Baş Komandanlığınız ilə Azərbaycan əsgərinin cəsurluğu və şücaəti ilə nail olunub. Bu əsgərlərdən biridə mənəm.
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandanımız!
Mən 44 günlük vətən müharibəsinin ilk günündən yəni 27.09.2020-ci il tarixindən müharibənin son gününə qədər döyüşlərdə iştirak etmişəm. Bununla bağlı məlumatlar mənim hərbi biletimdə qeyd olunub. Axı bu vətən uğrunda mən döyüşmüşəm, hər an olümlə üz-üzə olmuşam. Həyatıma risk etmişəm. Vətənim üçün ölümün gözünə dik baxmışam. Hərbi xidmətdən tərxis olunmağımla bağlı hərbi biletimdə peçatın olmaması 703 saylı hərbi hissənin komandirlərinin səhvidir. Nəyə görə onların bu səhvinə görə mən veteran adı və vəsiqəsi ala bilmirəm? Niyə bunun bədəlini mən ödəməliyəm? Nəyə görə müharibə veteranı adı alanların siyahısında mənim adım yoxdur? Sizdən xahiş edirəm bu suallarımın cavablandırılması üçün Müdafiə Nazirliyinə ciddi tapşırıq verəsiniz
Hörmətlə: Ömərov Ruslan Ceyhun oğlu
Teref.az