Xəbər verdiyimiz kimi, dünən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatla Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Eşqin Əliyev saxlanılıb.
TEREF.AZ-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Eşqin Əliyev son iki ildə Masallı xəstəxanasının baş həkimi vəzifəsindən kənarlaşdırılan sayca 3-cü şəxsdir. Belə ki, 2021-ci ilin yanvar ayında xəstəxananın əvvəlki baş həkimi Cəlil Nəzərov 675 min manat mənimsəməkdə ittiham olunaraq həbs edilib. O, bu ilin 15 noyabr tarixində səhhəti ilə əlaqədar azadlığa buraxılıb.
Cəlil Nəzərovdan sonra baş həkim təyin edilən Rasim Əzizov da qalmaqallı şəkildə işdən çıxarılıb. Belə ki, keçən ilin payızında Rasim Əzizovun marketlərdən birində oğurluq etməsini iddia edən görüntülər sosial şəbəkələrdə və mediada sürətlə yayılıb. Bundan sonra xəstəxananın baş həkimi – 2021-ci ilin noyabrında işdən çıxarılıb. Bu vəzifəyə isə gənc kadr Eşqin Əliyev təyin edilib. Təyinatdan 1 il sonra, yəni bu ilin dekabrında isə E.Əliyev korrupsiya əməllərində şübhəli bilinərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.
Fotoda Cəlil Nəzərov saxlanılarkən
Rasim Əzizovun marketdən oğurluq etməsi iddiası ilə yayılan videodan