Rövşən Ağayev:
“Naxçıvandan olan bir tanış deyir ki, Türkiyədən 5 litrini 33 manata aldığımız, amma hətta şəxsi istehlak üçün gömrükdən keçirməyə imkan verilməyən zeytun yağı Muxtar Respublikada 65 manata satılırdı. Son günlər bu yağın quyməti artıq 40 manat ətrafında qərarlaşıb. Gömrüyün imtiyaz verdiyi idxalatçılar, bax, beləcə qaz vurub qazan doldurdu uzun illər”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri tanınmış iqtisadçı Rövşən Ağayev özünün Facebook hesabına yazıb.

O bildirib ki, həmin şəxs kifayət qədər məlumatlıdır və deyir ki, Naxçıvanı İran və Türkiyə ilə birləşdirən 3 gömrük məntəqəsindən hər gün qeyri-rəsmi yığılan haqların həcmi bir neçə milyona çatıb və bu proses 30 ilə yaxındır davam edir.

İqtisadçı-alim qeyd edir ki, bu yaxınlarda şagird və kommunal xidmətlərin abonentlərinin sayına əsasən müqayisəli bir araşdırma aparıb. “Naxçıvanın kağız üzərində olan 450 min nəfər əhalisinin heç olmazsa 150-200 min nəfəri MR-dan baş götürüb qaçıb – məhz belə dözülməz şərtlər altından yaşamamaq üçün”.

Lakin Rövşən Ağayev məsələnin bir şəxsdə və ya onun ətrafındakı 3-5 nəfərlə bağlı olmadığını da vurğulayıb. “Korrupsiyanın işləmə mexanzimini nəhəng bir magistral su kanalından suyun daha kiçik kanallarla paylanması ilə müqayisə edin. Əgər magistral kanal betondan deyilsə, özülü torpaqdırsa, su bütün kanal boyu sıza-sıza itkiyə gedəcək. Onun ayrı-ayrı kanallarla əlaqəsi şlyüzlər vasitəsilə təmin edilmirsə, kim hardan istəyir bu magistral kanala müdaxilə edib özünə su apara bilirsə, üstəlik bu kiçik paylaşdırıcı kanlların özülü də topraqdırsa, suyun israfçılığını və itkilərini təsəvvür etməyə çalışın”.

O bildirib ki, həmin nümunədən çıxış edilərsə, dövlət maliyyəsinin formalaşdığı hissə magistral kanaldır, müxtəlif qurumların ordan aldığı pay isə kiçik kanallar vasitəsilə bölüşdürülən məbləğlərdir. “Bu magistral kanal və paylayıcı kanalların hər tərəfi deşik-deşikdirsə, günah bu kanalı təmir etməyən, beton kanallarla, nəzarətedici və tənzimləyici şlyüzlərlə təmin etməyən məsul ail qurum və şəxslərdədir. Sadəcə özünü balina sayan, amma reallıqda kiçik kilkə olanlar unutmasın ki, lazım olanda tor atıb, ya da elektrik cərəyanı verib onları elə həmin dəlmə-deşik kanallarda da topdan boğurlar”.
 

Dünyapress TV

Xəbər lenti