Naxçıvan Baş Gömrük İdarəsinin nəzdində fəaliyyət göstərən Şahtaxtı Gömrük İdarəsində muxtar respublikanın sakinlərinə olmazın əziyyət, zülm verilir. TEREFD.AZ bildirir ki, bu barədə Hurriyyet.az-a daxil olan informasiyada deyilir ki, Şahtaxtı Gömrük İdarəsinin rəisi Naxçıvan Muxtar Respublikasından İranın Poldəşt sərhəd-keçid məntəqəsi vasitəsiylə adıçəkilən ölkəyə gedən və oradan əks istiqamətdə qayıdan sakinlərin qarşısında əcaib şərt, daha doğrusu qadağa qoyub. Bu isə son günlər Naxçıvanda baş tutan həbslərdən ümidlənən və "Artıq bundan sonra Naxçıvan gömrüyündə hər şey yaxşıya doğru dəyişəcək" deyənlərin daha çətin şəraitlə üzləşməsinə səbəb olub.
Belə ki, əldə etdiyimiz məlumatlara görə, son günlərə qədər Naxçıvan Muxtar Respublikasından İrana və ya əks istiqamətdə vətəndaşların istifadə etdikləri əl arabaları yığışdırılıb. Bu səbəbdən də Naxçıvan sakinləri az qala 1 kilometrə yaxın məsafəni çətinliklə dəf etməyə, yəni yükləri bellərində daşımağa məcbur qalıblar.
Hələ bu, harasıdır. Hurriyyet.az-ın əldə etdiyi bilgilərdə o da qeyd olunur ki, Şahtaxtı Gömrük İdarəsinin əməkdaşları İrandan alınan və dəyəri 550 manat olan tikinti materialı üçün nə az, nə çox düz 240 dollar gömrük rüsumu tələb edirlər. Bu isə az qala həmin tikinti materialının maya dəyərinin 80 faizi qədərdir. Birmənalı şəkildə demək olar ki, Azərbaycanda fəaliyyət göstərən gömrük məntəqələrinin heç birində tikinti materiallarına bu qədər, özü də xarici valyuta ilə idxal gömrük rüsumu tətbiq olunmur.
Görünən odur ki, Şahtaxtı Gömrük İdarəsinin rəisi gözü çıxmış qardaşından, yəni son günlər Naxçıvanda baş tutan həbslərdən dərs götürməyib və bu səbəbdən də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun göstərişi ilə Naxçıvan sakinlərinə "divan tutmaq"da davam edir. Ümid edirik ki, müvafiq qurumlar, əsasən də Dövlət Təhlükəsizliyi Xidməti rəhbərliyi qeyd olunan neqativ hallarla da bağlı təxirəsalınmaz addımlar atacaq.