Valideynlərdən pul tələb etməsilə bağlı səs yazısı yayılan 45 nömrəli məktəbin direktoru Axundova Nəcibə Novruz qızına şiddətli töhmət verilərək 34 nömrəli məktəbə direktor təyin edilməsi geniş müzakirələrə yol açıb.
Elm və təhsil naziri Emin Əmrullayev səs yazısı yayılan direktorların bir məktəbdən digərinə yerdəyişmə edilməsi məsələsinə media üçün keçirilən brifinqdə aydınlıq gətirən zaman 34 nömrəli məktəbin direktoru Nəcibə Axundova barədə də açıqlama verib. Nazir məktəb direktorları ilə bağlı həmişə narazılıqların olduğunu diqqətə çatıdırıb:
"Düşünürəm ki, bundan sonra da olacaq. Bir hal olmuşdu ki, 45 nömrəli məktəbin direktoru başqa məktəbə təyin edilib. Direktor təyin olunanda uyğun məktəbi tapmağa çalışırıq. Məktəbin nəticəsinin aşağı getməsi həmişə direktorla bağlı olmaya bilər. Direktorla bağlı neqativ hallar olanda araşdırılır. Dəfələrlə olub ki, məktəblərdə problem olub və biz direktoru işdən azad etməmişik. Çünki araşdırma zamanı məlum olub ki, birbaşa onunla bağlı olmayıb.
Bu baxımdan biz Nəcibə Axundovaya növbəti dəfə şans verdik. Mənim şəxsi fikrim ondan ibarətdir ki, ona növbəti şans vermək səhv qərar deyil. Bütün hallarda belə olacaq deyə bir şey yoxdur. Düşünürəm ki, bu məsələdə ictimaiyyət nazirliyin qərarını anlayışla qarşılayacaq".
İstisnadır, hər kəsə aid deyil...
Nazir Emin Əmrullayev adı rüşvət qalmaqalında hallanan 45 nömrəli məktəbin direktorunun 34 nömrəli məktəbə təyin edilməsinə aydınlıq gətirən zaman direktorların bir illik, müvəqqəti təyin olunduğunu və nəticələrinə nəzarət edildiyini qeyd edib:
"Neqativ hal olanda araşdırılır. Bəzən xüsusi hallar olur. Bunlar həssas qruplardır. Nəcibə Axundovaya daha bir imkan vermək qərarına gəldik. Zaman göstərəcək, şəxsi fikrim budur ki, bu, səhv qərar deyil. İstisnadır və bunun müəyyən əsası var. Lakin bu hər kəsə aid deyil".
Direktor bundan nəticə çıxaracaq...
Nazir məlum çıxışı zamanı "Səsyazısı yayılan direktora şans verdik. 45 nömrəli məktəbin direktorunun 34 nömrəli məktəbə direktor təyin olunması istisna haldır. Hesab edirəm cəmiyyət bu qərarı anlayışla qarşılayacaq. Həmin direktorla söhbət aparılıb və o bundan nəticə çıxaracaq", - deyib.
Nazirin istefası tələb edilir
Tanınmış ictimai fəalların da məsələyə yanaşması birmənalı olmayıb. Belə ki, sosial şəbəkədə aktiv fəaliyyəti ilə tanınan ictimaiyyət nümayəndələri nazirin rüşvətxor olduğu deyildiyi direktora şans verməsini kəskin şəkildə qınayıblar. Nazirin birabırçı faktı təsdiqləyərək, cəmiyyətdən anlayış göstərməsini istəməsi, direktorun cəzalanmalı olduğu halda “mükafat olaraq ona yeni vəzifə verilməsi” pislənilib. İnsanlar sosial şəbəkədə yanaşmanın olduqca ədalətsiz olduğunu bildiriblər. Bəzi təhsil ekspertləri, məsələn, Elçin Əfəndi nazirin bu cür qərar qəbul etməsinə görə onun istefa verməsini tələb edib.
Deputat nazirin qərarını alqışladı: “Vaxt verək...”
Bununla bərabər, nazirin qərarını alqışlayanlar da olub. Belə ki, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Aqiyə Naxçıvanlı deyib ki, nazirin üstünə düşmək düzgün deyil. Deputatın fikrincə, nazir direktora şans verirsə, yəqin, onun bu addımını həmin dəqiqə hədəf almaq lazım deyil, nəsə fikirləşib, hansısa fikirləri var:
"Bəlkə hazırda həmin direktoru işdən çıxarmaq istəmir, ya da bu məsələyə bir azdan baxacaq. Emin Əmrullayev məktəb direktorunu elə-belə bağışlayıb, vəzifəsində saxlamayıb ki. Bunabənzər faktlar olub və görmüsünüz ki, nazir hamısında radikal qərar verib. Bəlkə, rüşvət həmin məktəbdə total bir vəziyyət alıb, ya da başqa faktlar var? Hər halda nazir bu sahədə birinci şəxsdir. İnanmıram ki, Emin Əmrullayev kor-koranə hansısa qərar qəbul edə.
Sadəcə, bir az gözləyək. Əlbəttə, direktor bir dəfə rüşvət alıbsa, ikinci dəfə də ala bilər. Bu, artıq xasiyyətdir - rüşvətdən uzaq qala bilmir. Amma nazirin hansı fikirlərlə nə qərar verdiyini gözləmək lazımdır. Hər halda onun hansısa mülahizələri, planları var. Görək nə olur?! Hamımız Azərbaycanda yaşayırıq, hadisələrin necə cərəyan edəcəyini də görəcəyik. 45 nömrəli məktəbdə başqa müəllimlər də var. Bir az səbir etməyə ehtiyac var. Dərhal nazirin üstünə düşmək, “direktoru bu dəqiqə işdən çıxarsın” demək düzgün fikir deyil. Vaxt verək…”
Direktor nə deyir?
Maraqlıdır, Nəcibə Axundova özü bu haqda nə düşünür?
Adı qalmaqalda hallanan 34 nömrəli məktəbin direktoru Nəcibə Axundova Cebhe.info-ya açıqlamasında barəsində deyilənlərin həqiqəti əks etdirmədiyi bildirərək, yayılan xəbərləri təkzib edib:“Deyilənlər həqiqətə uyğun deyil”.
N. Axundovanın nazirin yaxın qohumu olduğu və 2016-cı il aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı olması barədə də yazılır.
Xatırladaq ki, Nəcibə Axundovanın sentyabr ayında mediada valideyinlərdən pul tələb etməsi iddiası ilə səsi yayılıb. 45 nömrəli tam orta məktəbin direktoru olduğu zaman Nəcibə Axundovanın 5 yaşlı uşaqlar üçün qrupların açılmasına görə 100 AZN, sinif rəhbərliyi verilən müəllimlərdən isə 1000 manat pul tələb etdiyi iddia olunur. Həmçinin, direktorun müəllimləri təhqir etməkdən çəkinmədiyi, məktəbin müəllimlərindən birinin isə direktorun təzyiqindən intihar həddinə çatdığı da qeyd edilib. Cebhe.info