9 manatlıq yağ 20 manata satılır: -
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) qlobal ərzaq qiymətlərinin oktyabr ayında əvvəlki ayla müqayisədə 0,1 faiz bəndi azalaraq 135,9 bənd təşkil etdiyini açıqlayıb.

TEREF.AZ statistik məlumatlara istinadən qeyd edir ki, indeks pik həddə çatdığı 2022-ci ilin mart ayı ilə müqayisədə 14,9% azalıb, 2021-ci ilin oktyabr ayı ilə müqayisədə isə 2% artıb. Oktyabrda taxılın qiyməti artıb, digər əsas məhsullar isə ucuzlaşıb. Taxıl Qiymət İndeksi oktyabr ayında bir əvvəlki aya görə 3 faiz artıb. Bitki yağı qiymət indeksi oktyabrda aylıq 1,6 faiz azalaraq 150,1 bənd olub. Bu dövrdə xüsusilə xurma, soya və kolza yağı qiymətləri azalıb.

Yağ iindeksi bir il əvvəllə müqayisədə 20 faiz azalıb. Süd məhsulları qiymət indeksi oktyabr ayında sentyabr ayına nisbətən 1,7 faiz azalaraq 140,1 bənd geriləyib. İndeks ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz artıb. Ət qiymət indeksi aylıq bazda 1,4 faiz azalaraq 118,4 bənd olub və bir əvvəlki ilin eyni dövrünə görə 5,8 faiz artıb. Şəkər qiymət İndeksi də aylıq bazda 0,6 faiz azalaraq 109 bənd olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə şəkərin qiyməti 8,5 faiz ucuzlaşıb.

Göründüyü kimi, FAO-nun ərzaq qiymətləri barədə ötən ay yayılan hesabatında dünya ərzaq qiymətlərində azalmanı müşahidə etmək mümkündür. Ancaq hazırda ölkədə ərzaq qiymətlərində azalma deyil, əksinə, artım özünü göstərir.

Qarşıdan Yeni ilin gəldiyini nəzərə alsaq, bazarda qiymətlər necə dəyişəcək?

İqtisadçı-ekspert Asif İbrahimli Cebhe.info-ya bildirdi ki, bahalaşma son aylarda dayanmadan baş verir və Azərbaycanda cütrəqəmli iflyasiya müşahidə edirik:

“Bunun da bir neçə daxili və xarici səbəbləri var. Bəzi məhsullar var ki, ölkədə istehsal olunur, ancaq maya dəyəri artıb. Ümumiyyətlə, həmin məhsulun və ya xidmətin ərsiyə gəlməsində çəkilən xərclər, məsələn, işçilik, əmək haqqı, xammal, daşınma, logistika, sertifikatlaşdırma, sənədlərin, lisenziya və icazələrin alınmasında çəkilən xərclər toplanılır, vergi xərcləri onun üzərinə gəlir və o cümlədən, mənfəət qoyulur və beləliklə qiymət əmələgəlmə prosesi həyata keçirilir.

Bu, daxildə istehsal olunan məhsullara da aiddir, yəni həmin məhsulun xammalında bahalaşma varsa, mütləq onun qiymətinə təsir edəcək. Azərbaycanda qiymət əmələ gəlmə prosesində təbii faktorlar var. Eləcə də bəzi strateji məhsulların qiymətlərini tənzimləyən Tarif Şurası var. Həmin Tarif Şurası da təbii faktorlara əsasən bəzən müəyyən məhsullarının qiymətinin qalxması və enməsi ilə bağlı qərarlar verir. Bu günə kimi biz praktikamızda hansısa bir məhsulun ucuzlaşması haqqında qərar verdiklərini görməmişik”.

Ekspertin sözlərinə görə, dünyanın bir çox ölkələri xüsusilə də xammalı, qidanı, məsələn, dənli bitkiləri, taxılı Rusiya və Ukraynadan alırdı:

“Rusiya və Ukrayna dünyanın 25-30 faiz taxıl təminatını həyata keçirən ölkədir. Bu sahədə problem yarandı və çörəyin, un məmulatlarının qiymətində artım müşahidə etdik. Biz Ukrayna, Rusiya, Belarusdan yağ, şəkər çuğunduru, qarabaşaq kimi məhsulları idxal edirdik. Adıçəkilən məhsulların bir qismi Azərbaycanda da istehsal edilsə də, daxili tələbatı ödəmədiyindən idxal edirik. Eyni zamanda, həmin ucuz məhsulların idxal edilməsi bəzi daxildə istehsal olunan məhsullarla nisbətdə balansı qoruyurdu, tənzimləyirdi və rəqabət mühiti yaradırdı.

Bu məhsulların da qiymətlərində bahalaşma müşahidə olunmağa başladı. Məsələn, sərnişindaşıma fəaliyyəti ilə bağlı eşidirik ki, şirkətlər bahalaşma ilə bağlı Tarif Şurasına müraciət edirlər. Bu da təbii faktorlardır. Sərnişindaşımada ən çox xərc yaradan amillər ehtiyat hissələri və yanacaqdır. Ötən il yanacağın qiymətində iki dəfə artım oldu və bu da maya dəyərinə öz təsirini göstərdi. Eləcə də ehtiyat hissələrinin bahalaşması müşahidə olundu. Bu da təbii ki, qiymətlərə təsirsiz ötüşməyə bilməzdi”.

Yeni illə bağlı qiymətlərə gəldikdə, ekspert deyir ki, Azərbaycanda onsuz da inflyasiya gündən-günə artır:

“Məsələn, yağ məhsullarının qiymətində 2 dəfəyə yaxın artım müşahidə olunur. Belə ki, 9, 11 manata olan yağı artıq 16-20 manata görmək mümkündür. Azərbaycan vətəndaşının ailə büdcəsinə ciddi təsir göstərir. Yeni ildə hamı bayramı qeyd edir və xüsusilə də qida məhsullarının alışını həyata keçirir. Həmin ərəfədə biz kütləvi tələbatın yarandığını görürük.

Kütləvi tələbat nəyə varsa, bahalaşma müşahidə olunur. Onsuz da inflyasiya, eyni zamanda, tələbatla bağlı artım olarsa vətəndaşlar üçün çətinliklər yaranır. Bunun qarşısının alınması məqsədilə müəyyən dövlət mexanizmləri həyata keçirilməlidir. Bəzi məhsulların ölkəyə gətirilməsi, istehsalında, bəzi vergilərdən azal edilməsində, kommunal ödənişlərdə müəyyən güzəştlərə gedilməlidir. Dövlət bəzi sahələrə subsidiyaların ayrılmasını və eyni zamanda qida təhlükəsizliyi məsələsi nəzərə alınmalıdır”.
 

Dünyapress TV

Xəbər lenti