Payızda meyvə çeşidləri arasında ən bol olanları alma, nar, heyva, xurmadır. Paytaxtda da bu meyvələrə az qala hər addımbaşı rast gəlinir. Marketlərdə də bu meyvələr boldur, fərdi satış yerlərində də. Digəl ki, qiymət ucuz sayılmaz. Paytaxt marketlərində heyvanın qiyməti 1 manat 20 qəpiklə 1 manat 30 qəpik arası dəyişir. Halbuki, bölgələrdə fermerlər becərdikləri məhsulu ucuz qiymətə satır. Hələ sata bilsələr. Məsələn, Göyçayda ən çox becərilən meyvələr nar, xurma və heyvadır. Lakin fermerlər heyvanın bağlarda qaldığını deyir.
DİA.AZ xəbər verir ki, fermerlər əsasən heyvanın yerli sortları olan “Bağça”, “Bardaq”, “Beş ulduz” və “Kamil” növlərinə üstünlük verir. Bu il fermerlər aqrotexniki qulluğu vaxtlı-vaxtında göstərdiklərinə görə bağlarda məhsul ötənilkindən xeyli çoxdur. Amma onlar min bir əziyyətlə əkib becərdikləri məhsulu satmaqda çətinlik çəkirlər. Keçən il heyvanın qiyməti 30 qəpiklə 1 manat arasında dəyişirdisə, bu il 20-70 qəpiyə satılır. Amma qiymətin düşməsi də alıcılıq qabiliyyətinin artmasına müsbət təsir göstərə bilməyib.
Fermerləri narahat edən məsələ ilə bağlı Göyçay rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, istehsal artdığı üçün bu sahədə emal müəssisələrinin yaradılmasına ehtiyac var. Qeyd edək ki, Göyçayda 219 hektar heyva bağı var ki, onun da 192 hektarı bar verən bağlardır.
Becərilən məhsulun alıcıya çatmamasının səbəbləri barədə “Şərq”ə danışan iqtisadçı Fuad İbrahimov qeyd etdi ki, burada əsas məsələ fermerlərə dəstək verilməməsidir:
- Kənd təsərrüfatının inkişafı planlamanın düzgün aparılmasından çox asılıdır. Birincisi, məhsulun alıcısı əvvəlcədən bəlli olmalıdır. Fermer məhsulu yetişdirərkən onu harada, hansı bazarda satacağını, hər hansı gözlənilməz, fövqəladə hal baş verməzsə, yetişdirdiyi məhsuldan nə qədər qazanc əldə edəcəyini, bu qazancı təkrar hansı sahəyə sərf edəcəyini, nə qədər xeyir götürəcəyini də bilməlidir.
Bu işdə fermerlərə kənd təsərrüfatı, bağçılıq üzrə mütəxəssislər yardım etməlidir. Dövlət isə fermerin əməyini qarşılamalıdır. Müəssisələr məhsulu fermerlərdən sərfəli qiymətə almalı, məhsulun satışına yardım etməlidir. Artıq bizim ölkədə məlum həqiqətdir ki, bölgələrdə becərilən məhsul şəhərə 2-3 qat baha qiymətə gəlib çıxır. Fermerin 20 qəpiyə satdığı məhsul paytaxtda marketdə niyə 1 manat 20 qəpiyə satılır? Bu qədər yol xərci olmaz axı. Ucuz alınan məhsulu işbazlar bacardıqca baha qiymətə satmağa çalışırlar.
Nəticədə məhsul kifayət qədər satılmır, xarab olur, məhv olub gedir. Fermerlərin əziyyəti də puç olur. Məhsulların kənddən şəhərə ucuz daşınması təmin edilməlidir ki, fermerlər ziyana düşməsin, əhaliyə də mövsümi meyvələri almaq əlçatan olsun.