Əhməd Qəşəmoğlu: “Günah alimlərimizdə deyil, akademiya bu sahəyə vəsait ayırmayıb”
“Son illərdə akademiyanın beynəlxalq əlaqələri genişlənib, amma etiraf etmək lazımdır ki, bu gün cənab Prezident İlham Əliyevin açdığı magistral istiqamətlərə tam cavab vermir”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında AMEA-nın prezidenti İsa Həbibbəyli bildirib. Onun sözlərinə görə, AMEA bu gün Avropa və Avrasiyanın heç bir nüfuzlu beynəlxalq elmi təşkilatının, assosiasiyasının üzvü deyil: “Asiya Elmlər Akademiyasının üzvü olsaq da, heç bir layihələrində, qrant proqramlarında iştirak etmirik. Beynəlxalq elmi təşkilatlarla əlaqələrimizin genişlənməsi istiqamətində yeni imkanlar açmalıyıq”.
Bu, çox ilginc bir açıqlamadır. Təsəvvür belə etmək mümkün deyil ki, Azərbaycan AMEA-sı müstəqillik dövründə heç bir elm mərkəzi ilə əlaqə qura bilməyib! Hətta 10-15 illik fəaliyyət tarixçəsi, 3-5 üzvü olan bir çox QHT-lər Avropanın, Asiyanın müvafiq mərkəzləri ilə əlaqə qurub, amma AMEA kimi bir qurum dünya ilə hansısa ciddi əlaqələr qurmağa nazil ola bilməyib. Elm adamları bunun səbəbini nədə görür? Qeyri-peşəkar menecerlikdə, yoxsa Azərbaycan elm adamlarının dünyaya çıxarmağa bir əsəri olmamasında?
Qeyd edək ki, İ.Həbibbəyli doktorantura təhsili ilə bağlı problemlərə də toxunub. O qeyd edib ki, bu gün ölkəmizdəki doktorantura təhsili SSRİ-dən qalma modeldir. Yalnız doktorant və onun elmi rəhbəri ilə peşəkar kadr hazırlamaq mümkün deyil. Onun sözlərinə görə, doktorantların tədris planı, təhsil kreditləri, imtahanları olmalıdır və bu istiqamətdə əməli addımların atılması planlaşdırılır: “Eyni zamanda elmdə qocalmanın qarşısını almalıyıq. Akademiyada son 7 ildə elmlər doktorluğunu müdafiə edən və yaşı 40-dan aşağı olan yalnız 8 nəfər, yaşı 50-dən aşağı isə 20 nəfərə yaxın elmi işçi vardır. 10 il sonra necə olacaq? Belə getsə, elmlər doktoru məsələsi ciddi problemə çevriləcək. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. Dissertantlara, doktorantlara tələbkarlıq da, qayğı da artırılmalıdır”.
TEREF.AZ yazır ki, mövzu ilə bağlı sosioloq, iqtisad elmləri doktoru Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a dedi ki, hazırda bu məsələ olduqca aktualdır: “Çox şadam ki, İsa müəllim Elmlər Akademiyasının prezidentliyinə başladığı vaxtda ilk addımda bu məsələlərə diqqət yönəldib. Bu, olduqca aktual bir məsələdir. Ölkə üçün də, elə akademiya üçün də olduqca vacibdir. Beynəlxalq əlaqələr ölkənin tərəqqisində də mühüm rol oynayan bir məsələdir. Deyim ki, İsa müəllimin bu barədə danışmağı bir elə qanunauyğundur. Çünki İsa Həbibbəyli həmişə beynəlxalq əlaqələri qurmağa can atan adamdır. Öz səlahiyyəti daxilində bunu edib. Naxçıvan Universitetinin rektoru olanda da universitetin beynəlxalq əlaqələrini yaradırdı. Türkiyədən, İrandan, başqa ölkələrlə də əlaqələr yaradıb. Eləcə də Ədəbiyyat İnstitutunun direktoru olaraq, AMEA-nın direktoru olaraq da bu istiqamətdə həmişə fəaliyyət göstərib. Orta Asiya respublikaları ilə çox sıx əlaqə yaradıb. Ədəbiyyat İnstitutunda xüsusi şöbə də yaradıb. Ona görə düşünürəm ki, bu istiqamətdə yaxınlarda akademiyanın çox ciddi fəaliyyəti olacaq. O ki qaldı əlaqələrin olmamağının əsas səbəbinə, bu, təşkilatçılıqla bağlıdır. Əsas səbəb menecment məsələlərinə diqqətin zəifliyindədir və bu istiqamətdə işlər getməli idi və bu getməyib. Bu, faktdır. Akademiya alimlərinin əsərlərinə gələndə isə olduqca ciddi əsərlər yaranır, dünya üçün əhəmiyyətli olan əsərlər yaranır. Mənim riyaziyyat, fizika, kimya sahələrində görülən işlər barədə məlumatım var. Özünüreklam kimi olmasın, konkret olaraq elə mənim təqdim etdiyim "Ahəngyol" yeni bir elmi nəzəriyyədir, yeni bir elmi sistemdir. Azərbaycanın məşhur alimi Rafiq Əliyev seminarda bunu çox yüksək qiymətləndirdi və Lütfi Zadəyə göndərdi. Gözləmədiyimiz halda o da çox yüksək qiymətləndirdi. O, bu elm sahəsini 2011-ci ildə Kaliforniya Universitetində dünyanın ən nüfuzlu bir elmi jurnalında təqdim etdi. Bundan sonra dünyanın bir çox aparıcı jurnalları “Ahəngyol” barədə xeyli məqalələr verdi. Amma deyəndə ki, dünyanın başqa elm sahələrində də işləməliyəm, dəvətlər var, buna vəsait lazımdır. Dedilər ki, bu sahəyə pul ayrılmır. Halbuki həmin vaxt Polşa alimləri Krakovda beynəlxalq bir tədbir keçirmək istəyirdi. Onun üçün də mənə heç olmasa min, min beş yüz dollar lazım idi. O vaxt da o pul məndə yox idi, istədim də, akademiya vermədi. Dedilər, bizim bu sahə üçün pulumuz yoxdur, imkanımız yoxdur. Dəfələrlə Çindən, Yaponiyadan dəvət almışam. Çünki “Ahəngyol” harmoniya, ahənglə bağlı bir elm sahəsidir və o da elm adamlarının həmişə diqqət mərkəzində olub. Amma ora elmi ezamiyyətə getməyə akademiyada pul tapılmadı. Deməli, bu işlərin təşkilati, maliyyə, iqtisadi tərəfinə diqqət verilməyib. Mən tək deyiləm. Akademiyada tanıdığım xeyli adamların belə ciddi, beynəlxalq səviyyədə diqqət mərkəzində olan əsərləri var. Amma akademiya indiyə kimi buna pul ayırmayıb ki, bu sahədə alimlərə bir dəstək olsun. Ən azı bu alimlərin yazılarının, kitablarının xaricdə çap olunmasına kömək olsun. Bax, akademiyada bu istiqamətdə zəiflik olub. Yəni günah alimlərimizdə deyil, əksinə, bu şərait yaransaydı, alimlər stimullaşdırılsaydı, kitabları xaricdə çıxsaydı, başqaları da onlara qoşulacaqdı. Gənclər də maraqlanacaqdı. Ümid edirəm ki, İsa müəllim bu məsələyə hökmən diqqət verəcək və yaxın vaxtlarda bu sahədə nəticələrin olmağına inanıram".
Professor akademiya ətrafında gedən söz-söhbətlər barədə də fikir bildirib: “Bir də baxırsan ki, elmdən heç xəbəri olmayan adam gülməli səviyyədə durub deyir ki, akademiya bizim nəyimizə lazımdır, orada heç bir iş görülmür. Sənin nədən xəbərin var axı, sən elm adamı deyilsən, gəl bir maraqlan, bir gör nə necədir? Yaxud elə AMEA-ya prezident seçkisində aləm qarışdı bir-birinə. Niyə İsa Həbibbəyli bura seçildi? Əvvəla, indi akademiyada əsas cəmləşən institutların hamısı ictimai təmayüllü institutlardır. Bu akademiya bir il bundan qabaqkı akademiya deyil ki, içərisində fizika ilə, riyaziyyatla, texniki elmlər və başqa sahələrlə məşğul olan institutlar olsun. Burada ancaq 10-11 institut birləşib. Akademiyada da bu sahədə ən çox təcrübəsi olan, elmlə ciddi məşğul olan adam İsa Həbibbəylidir. Yaxşı, onda İsa Həbibbəyli kimi bu sahədə fəaliyyəti gözəçarpan, nəticəsi olan adam kim tanıyırsa, desin. Akademiyanın prezidenti həm də iş görən adam olmalıdır. Təkcə elmi kitab, məqalənin olması azdır. Bu vəzifədə iş görən adamlar olmalıdır”.
Afaq MİRAYİQ,