Kənd Təsərrüfatı Nazirliyi sifarişçi olduğu növbəti satınalmaya yekun vurub.
TEREF.AZ Qlobal.az-a istinadla xəbər verir ki, nazirliyin "Yeni inzibati bina üçün mebel və inventarlar”ın satın alınması" lotu üzrə keçirdiyi tenderin məbləği 1.394.994 manat təşkil edib.
Tenderdə "Avşaroğlu" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib. Nazirlik ilə "Avşaroğlu" MMC arasında bağlanan müqavilənin şərtlərinə görə şirkət nazirliyi 111 adda mal ilə təmin edəcək. Alınacaq mebellər əsasən divan, kreslo, paltar dolabı, televizor altı, ofis masası, stul, stol və digər avadanlıqlardan ibarət olacaq.
Müqavilədə diqqətçəkən məqamlardan biri siyahıdakı mebellərin parametrlərinin dəqiq göstərilməsidir.
Məsələn, satınalma müqaviləsi üzrə alınacaq 1 ədəd rəhbər kreslosunun qara rəngdə, təbii dəri bellikdən, erqonomik, taxta ayaqları, hündürlük tənzimləyicisi, vakum qazlift ölçülərinin və çəki dözümlülüyünün 200 kq olması şərtləndirilir. Qeyd edək ki, "Avşaroğlu" MMC 2001-ci ildə təsis edilib.
Şirkətin qanuni təmsilçisi Cəfərov Eldəniz Raqub oğludur.