Bir neçə gün bundan əvvəl Xaləddin Rüstəmovun həbsdən azad olunması barədə məlumat yazmışdım. Yenə də trest müdirinin yaxınları əl-ayağa düşüb məndən o xəbəri saytdan silməyimi xahiş edirlər. Media qanunvericiliyinə nə qədər zidd olsa da, bir insanın taleyi mənim üçün bütün qanunlardan üstündür. Ona görə də həmin məlumatı siləcəyəm. Teref.az yazır ki, bunu "Ovqat.com" saytının baş redaktoru jurnalist Heydər Oğuz yazıb. Daha sonra baş redaktor fikrini davam etdirərək yazır: Məni narahat edən isə başqa məsələdir. Xaləddin Rüstəmovun qohumlarının bu əndişələrindən belə anlaşılır ki, onlar Naxçıvandakı «Gestapo» rejiminin ağır basqıları altındadır. Hələ də dərəbəylik rejimi ətrafda baş verənlərdən düzgün nəticə çıxara bilmir, öz istibdad rejimlərinin qaydalarını həyata keçirirlər. «Xan» həzrətləri qanunların nə demək olduğunu bilməyə bilər, amma onun hüquq məsələləri üzrə köməkçisi, xalq arasında «Gestapo Cəlil» kimi tanınan şəxs bu cür təzyiqlərlə bir çox insan hüquqları ilə yanaşı, söz azadlığı, məlumat almaq və yaymaq prinsiplərini kobud formada pozduğunun fərqinə varmalıdır. Əks halda yenə «xan» həzrətləri «mənim bu qanunsuzluqlardan xəbərim olmayıb» deyərək canını məsuliyyətdən qurtaracaq. Günah isə «Gestapo Cəlil»in üzərində qalacaq. Azərbaycan hakimiyyətindən rica edirəm, Naxçıvan dərəbəyliyini insanların hüquqlarına və mətbuat azadlığına sayğı duymağın vacibliyinə inandırsın. Çünki yaxşı bilirəm ki, Naxçıvan dərəbəyliyi ancaq danlaqla işləməyə alışıb və ondan danlağı əskik etməmək lazımdır. Xaləddin Rüstəmovun yaxınlarına isə demək istəyirəm ki, min cür xahiş-minnətlə tez-tez sildirdikləri yazılarım bəlkə onun qanunsuz həbsini yarıda dayandırdı. Bunun üçün onlardan və başqalarından "sağ ol" gözləmədim, gözləmirəm də, amma işimə mane də olmayın. Bu, axırıncı xahiş olsun, bundan sonra bütün xahişlərə qapımı bağlı elan edirəm. Bacara bilirsinizsə, informasiyanın mənə qədər gəlib çıxmasına mane olun. İnformasiya mənə gələndən sonra onu mütləq dərc edəcəyəm. Çünki bu mənim jurnalist borcumdur. Məndən özünüz kimi vəzifə borcuna xilaf çıxan düzəltməyin. Heydər Oğuz Teref.az