b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_5c00e82240c8ae49bb6dcff3e0547081.jpeg
 

Həkim: “Elə situasiya yaratmalıyıq ki, sadəcə, buna imkan olmasın”

Yeni ilin əvvəlində Səhiyyə Nazirliyi yenidən plastik cərrahlara çağırış edib. Məlumatda deyilir ki, ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsasları ilə bağlı mediada ziddiyyətli məlumatlar yer alıb. Səsləndirilən iddialarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən ilkin araşdırmalar aparılıb və şübhəli məqamlar müəyyən edilib.

Əldə olunan məlumatlara əsasən, bəzi hallarda sözügedən ixtisas daşıyıcısı qismində çıxış edən şəxslərin tibbi təhsil sənədləri və praktik tibb fəaliyyəti ilə məşğul olmağa hüquq verən şəhadətnamələri saxtalaşdırılıb: “Plastik cərrahiyyə ixtisası üzrə fəaliyyət göstərən tibb mütəxəssislərinin sözügedən istiqamətlə məşğul olmağa icazə verən sənədlərinin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılmasına ehtiyac yaranıb. Bununla bağlı səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

Azərbaycan ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdan sonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyətlə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər".

Qeyd edilib ki, mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq.

Belə çıxır, hələ də qanunsuz fəaliyyət göstərən plastik cərrahlar var?

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

Zülfüqar Yusifov

“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Plastik cərrahlarla bağlı bu məsələ prosesini biz də izləyirik. Bu barədə, məlum olduğu kimi, həm hüquq-mühafizə orqanları, həm Səhiyyə Nazirliyi bu məsələ ilə aktiv və ciddi şəkildə məşğul olur, araşdırmalar aparır. Hər halda, hesab edirəm ki, bu tələblərin, o cümlədən notarial təsdiqlər, sertifikatların göstərilməsi bu araşdırımanın bir tərkib hissəsi hesab edərək, nəticələri gözləmək lazımdır. Çünki son vaxtlara qədər bu məsələ ictimaiyyətin müzakirəsində idisə, indi artıq bu rəsmi olaraq hüquq-mühafizə orqanlarının bir araşdırmasıdır.

AbzasMedia - Adil Qeybulla: "Uşaqlar arasında respirator xəstəliklərin  artması xeyli narahatlıq doğurur"

Adil Qeybulla 

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə hesab edir ki, bu məsələlər sistemli şəkildə aparılmalıdır: “İnsanla bağlı, sağlamlığa yönəlik, ümumiyyətlə, hər hansı tibbi fəaliyyətlə məşğul olan şəxsin baza tibb təhsili olmalıdır. Birinci tələb budur. Bundan sonra onun həmin ixtisas üzrə onun rezidentura təhsili olmalıdır, yəni tibb təhsilin yüksək mərhələsini keçməlidir. Daha sonra lisenziya alır, akkreditasiya olunur və 3-5 illik lisenziya müddətində bu işlə məşğul olur. Lisenziya müddəti bitdikdən sonra onun fəaliyyəti yoxlanılır və yenidən lisenziyası uzadılır və yaxud dayandırılır. Dünyada prosedur budur. Biz niyə bu yolla getməməliyik. Yoxsa ki, yeri gəldi gəlmədi, hərə bir qondarma sənədlə ağlına gələn işlə məşğul olacaq. Əlbəttə , buna imkan var və insanlarda da məşğuldur. Biz elə situasiya yaratmalıyıq ki, sadəcə, buna imkan olmasın”. 

ELNUR MEHRƏLİ – LAPAROSKOPİK ESTETİK PLASTİK CƏRRAH | Azərbaycan Tibb  Ensiklopediyası

Elnur Mehrəli

Tanınmış plastik cərrah Elnur Mehrəli isə qeyd edib: “Pasiyentlər sağlamlıqlarını təhlükəyə atmamalı, "padvalaltı" şəraitdə edilən estetik əməliyyatlardan və qeyri-peşəkar şəxslərdən uzaq durmalıdırlar. Təəssüf ki, əvvəllər ingilis dili müəllimi, manikür ustası, saç ustası və ya taksi sürücüsü olmuş şəxslərin bu gün liposaksiya əməliyyatı apardığına dair məlumatlar eşidirik. Bu şəxslərin fəaliyyətinin hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılması və onlara qarşı sərt tədbirlərin görülməsi vacibdir. Bu məsələ təkcə insan sağlamlığına deyil, həm də genefondumuza və həkimlik adına ciddi zərbə vurur.

İnsanlar düzgün həkim seçmək məsələsində diqqətli olmalıdırlar. Onlar araşdırma apararaq, uzun illər bu sahədə peşəkar fəaliyyət göstərən, peşəsinə vicdanla və savadla yanaşan həkimlərə müraciət etməlidirlər. Təkcə görüntüyə və ya fotoşopla düzəldilmiş fotolara, videolara aldanmaq olmaz. Lazım gəldikdə, müraciət etdikləri həkimin sertifikasiyasını, diplomunu və peşəkarlığını təsdiqləyən sənədləri tələb edə bilərlər. Bundan başqa, həkimin müayinə və yanaşma tərzi də onun peşəkarlığını müəyyənləşdirmək üçün önəmli göstəricidir.

Həkimlər müraciət edən pasiyentlərin keçirdikləri xəstəliklərə, ürək-damar sistemi problemlərinə, epileptik vəziyyətlərinə və hətta son illərdə dünyanın böyük bəlası olan koronavirusun təsirlərinə xüsusi diqqət yetirməlidirlər. Koronavirus keçirmiş və xəstəxana şəraitində müalicə almış, ağciyərlərində “buzlu şüşə” görüntüsü aşkar olunmuş pasiyentlərdə abdominoplastika əməliyyatı zamanı qarın əzələlərinin yığılması fonunda yaranan gərginlik ciddi fəsadlara yol aça bilər. Eyni zamanda çəki və yaşla bağlı problemlər də bu pasiyentlər üçün əlavə risk faktoru yarada bilər.

Bu kimi halları nəzərə almayan və özünü plastik cərrah kimi təqdim edərək əməliyyat icra edən şəxslərlə bağlı çoxsaylı şikayətlər eşidirik. Təəssüf ki, ümumi cərrah və ya ginekoloq olduqlarını iddia edərək bu cür əməliyyatlara girişən şəxslər var. Eyni zamanda kosmetoloji salonlarda, şəraitsiz mühitdə edilən liposaksiya və dolğu prosedurlarının çoxalması da ciddi problemə çevrilib. Bu halların nəticəsində müxtəlif patologiyalar və fəsadlarla bizə müraciət edən pasiyentlər az deyil. Müayinə zamanı texniki səhvlər, əməliyyatın düzgün planlaşdırılmaması və hər kəsə eyni yanaşmanın tətbiq edilməsi kimi problemlər ortaya çıxır. Halbuki hər bir pasiyent fərdi yanaşma tələb edir. Yaş qrupu, xüsusi vəziyyəti, keçirdiyi xəstəliklər, çəkisi və digər sağlamlıq problemləri nəzərə alınmalıdır".

E.Mehrəlinin sözlərinə görə nəticə olaraq, bu sahədə nəzarətin gücləndirilməsi və pasiyentlərin maarifləndirilməsi zəruridir.

“Hər kəs sağlamlığına dəyər verməli və əməliyyat üçün peşəkar həkimlərə müraciət etməlidir”, - deyə cərrah bildirib. 

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Dünyapress TV

Xəbər lenti