Naxçıvan qeydiyyatında olmayan avtomobillərin zorla sahiblərinin əlindən alınaraq, muxtar respublikadan çıxarıldığı bildirilir. Bu haqda "Gündəlik Naxçıvan" a yerli sakinlər məlumat verib. Onların dediyinə görə, polislər həyətlərə basqın edib, bu cür maşınları sahibindən icazəsiz evakuatorlara yükləyərək, naməlum istiqamətə aparırlar. Naxçıvan sakini Kərəm Məmmədov deyir ki, polislər anidən onun da yaşadığı binanın həyətəinə doluşub, avtomobilini zorla əlindən alıblar:
" Mənim maşınım Bakı nömrəsi ilədir, lakin etibarnaməni Naxçıvanda qeydiyyata saldırmışdım. 2015-ci ildən belə sürürdüm. 2020-ci ilin əvvəlindən qərar çıxardılar ki, etibarnamə ilə qeydiyyat ləğv olunur, bütün maşınlar Naxçıvan nömrəsi almalıdır. Yoxsa sürməyə qadağa qoyulacaq. Getdim nömrə almağa, dedilər ki, keçmiş nazir Əhməd Əhmədov o vaxt etibarnamə ilə qeydiyyata salanda saxtakarlıq edib. Yəni kitaba işləməyib. Ona görə də bu maşınların hamısı Naxçıvandan çıxmalıdır. Maşınımın nömrələrini açıb, dedilər ki, ya apar qoy həyətə, ya da çıxar Naxçıvandan. Çıxarmaq üçün pulum olmadığından, həyətdə saxlamışdım. Bu gün axşam gəlib, xəbərdarlıq etmədən evakuator qoyub apardılar. Dedilər ki, Bakıya göndəririk, gedib orda satarsan".
Kərəm Məmmədov deyir ki, hazırda Almaniyada olan qardaşının sosial şəbəkələrdə Naxçıvan rəhbərliyi əleyhinə çıxışlarına görə, polislər onunla digərlərinə nisbətən daha qəddar davranırlar:
" Mənə o vaxt polisdə dedilər ki, qardaşın Nadir, Vasif Talıbovun əleyhinə danışıqlarını yığışdırsın, sənin maşınına pulsuz nömrə verək. Hətta mənə aylıq pul da təklif edirdilər buna görə. Nadirə dedim, razı olmadı. DYP rəisi Ayaz Quliyev şəxsən dedi ki, o zaman bizdən incimə. Bu gün maşınımı aparmağa şəxsən Ayaz Quliyev də gəlmişdi. Dedi ki, Ali Məclisdən tapşırılıb ki, birinci sənin maşınını götürək. Maşını yükləyərkən, qəsdən vurub buferi də dağıtdılar. Soruşdum hara aparırsız, dedi ki, Naxçıvan qeydiyyatlnda olmayan maşınlar buranı tərk etməlidir. Bir yerə toplayıb, Bakıya göndərəcəyik".